Almaniyalı deputatlar Ermənistanı hərbi cinayətdə ittiham etdi

Almaniya Bundestaqının insan hüquqları komitəsinin DIE LINKE (solçular) fraksiyasından olan deputatları Katrin Verner və Annette Qrot erməni hərbi birləşmələri tərəfindən Xocalının dinc azərbaycanlı əhalisinə qarşı sayqırımı aktının törədilməsinin 20-ci ildönümü ilə bağlı bəyanatla çıxış ediblər. Xocalı qətliamını ağır müharibə cinayəti olaraq qiymətləndirmək lazımdır deyən deputatlar Katrin Verner və Annette Qrot 20 il bundan əvvəl ermənilərin Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı həyata keçirdikləri soyqırımı aktının dəhşətli mənzərəsini göz önünə gətirmək üçün nüfuzlu beynəlxalq insan hüquqları təşkilatlarının bu qətliama verdikləri qiyməti bir daha xatırladıblar. Onlar bildiriblər ki, “Human Rights Watch” və Rusiyanın insan hüquqları mərkəzi olan “Memorial” təşkilatları bu faciəni Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi uğrunda o vaxtkı müharibənin ən dəhşətli qətliamı adlandırıblar. Almaniyalı deputatlar bildiriblər ki, Xocalıya hücum zamanı arasında xeyli sayda müharibə qaçqınlarının, xəstələrin, qocaların, qadınların və uşaqların da yer aldığı 600-dən çox azərbaycanlı müsəlman mülki əhali erməni silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilib.

“Xocalı qətliamı Ermənistan və Azərbaycan arasında uzun sürən münaqişələr tarixində kədərli və qəddar bir pik nöqtəsini təşkil edir. Qətliamın qurbanları, onların ailə üzvləri və varislərinin ağrısını bölüşürəm. Dinc mülki əhalinin kütləvi öldürülməsi üçün heç bir bəraət ola bilməz. Ermənistan müharibə zamanı humanitar müharibə hüququnu kobud şəkildə pozub və bununla da ağır hərbi cinayət törədib. Bu qətliam inkar edilə və ya başqa cür qiymətləndirilə bilməz. Bu, bir tarixi faktdır. Yalnız günahın qəbul edilməsi ilə yaralar sağaldıla və barışığa nail oluna bilər”, – deputat Katrin Verner deyib.

“Cinayəti təkcə adı ilə adlandırmaq kifayət etmir. Bundan nəticələr çıxarmaq lazımdır ki, belə hadisələr bir də baş verməsin. Qurbanlar müdafiə olunmalı və cinayətkarlar cəzalandırılmalıdırlar. O zamankı milis dəstələrinin hələ də cəzasızlıq şəraitində ictimaiyyət arasında Xocalıda xeyli sayda azərbaycanlı müsəlmanları qətlə yetirməklə fəxr etmələri insanı alçaldan həyasızlıqdır. Almaniya Cinayət Məcəlləsinin 189-cu maddəsində kütləvi cinayət qurbanlarının xatirəsinə hörmətsizliyin qadağan olunması yaxşı haldır. Cinayətin inkar edilməsinin özü cinayətin bir hissəsidir və cəzasız qala bilməz”, – xanım Annette Qrot isə bildirib.