“Əsədin getməsi mütləqdir”

Barak Obama: “Suriyada əhaliyə edilən zülm bizi dəhşətə gətirir”

ABŞ prezidenti Barak Obama Danimarkanın baş naziri Helle Torninq Şmit ilə görüş keçirib. Paytaxt Vaşinqtonda keçirilən görüşdə tərəflər Suriya ilə bağlı müzakirələr aparıblar. Obama çıxışı zamanı bildirib ki, Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi mütləqdir. Onun sözlərinə görə, beynəlxalq cəmiyyət artıq bunun baş verməsi üçün vaxtın yetişdiyini anlamağa başlayıb.

“Suriyada əhaliyə qarşı göstərilən zülm, Homs şəhərindən yayımlanan görüntülər bizi dəhşətə gətirir. Düşünürəm ki, artıq beynəlxalq cəmiyyətin həmrəyliklə bir araya gəlib Suriya prezidenti Bəşər Əsədə hakimiyyəti tərk etməsi üçün aydın ismarıc göndərməyin vaxtıdır. Ölkələrin bir araya gəlməsi məni cürətləndirir. Biz Suriya rejiminə qarşı təzyiqləri artırmağa davam edəcəyik və orada törədilən qətliamın qarşısını almaq üçün hər cür vasitədən istifadə edəcəyik. Baş verən hadisələrə seyrci qalmaq olmaz” – deyə Obama fikrini ifadə edib.

Danimarkanın baş naziri Helle Torninq Şmit də Obama ilə həmfikir olduğunu və tezliklə Suriyada vəziyyətin stabilləşəcəyinə ümid etdiyini bildirib.

Məlumatı “Associated Press”ə istinadla “ANS PRESS” yayıb.