Vəfa Quluzadədən hakimiyyətə çağrış

«Ermənistan növbəti dəfə azərbaycanlıları vəşhi kimi təqdim etməyə çalışır. Azərbaycan rəhbərliyi bunu ciddiyə almalı və dərhal reaksiya verməlidir»

Bir qrup Ermənistan müğənnisi Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində iştirakdan imtina etmələri barədə bəyanat yayıblar. “Novosti Armeniya» agentliyinin xəbərinə görə, onlar bu addımı Azərbaycanın “antierməni siyasəti” aparması ilə əsaslandırıblar. Bəyanatda Ermənistan İctimai telekanalı Bakıya nümayəndə göndərməməyə çağırılır. Bəyanatda deyilir: “Əgər “Eurovision-2012” müsabiqəsi hər hansı başqa ölkədə keçirilərsə, biz bu müsabiqədə iştirak etməyə hazırıq”.
«Eurovision 2012» mahnı müsabiqəsində Ermənistanın təmsil olunub-olunmaması bu ölkədə müzakirə edilməkdədir. Namizədlər müsabiqədə iştirak etmək niyyətində olduqlarını bildirsələr də, Bakıda yaxşı qarşılanmayacaqlarını düşünürlər.
Sosial şəbəkələrdə namizədlər sırasında ən şanslılardan biri sayılan «Dorians» rok-qrupun solisti Qor Sucyan isə «Azadlıq» radiosunun Yerevan bürosuna deyib ki, necə qarşılanmasından asılı olmayaraq Bakıya getməyə hazırdır.
Ermənilərin “Eurovision-2012” müsabiqəsində iştirakdan imtina etmələri barədə bəyanat rus mətbuatında geniş işıqlandırılıb. Rusiyanın tanınmış «Dojd» kanalı bəyanata xüsusi yer ayıraraq ermənilərin bu addımı atmalarına bir neçə gün əvvəl cəbhə xəttində erməni əsgəri azərbaycanlıların qətlə yetirilməsinin səbəb olduğunu bildirib.
Baş verən olayla bağlı politoloq Vəfa Quluzadə Azərbaycan rəhbərliyinə müracəit edib. Ermənilərin qəbul etdiyi bəyanatın təxribat xarakterli olduğunu düşünən V.Quluzadə hesab edir ki, Azərbaycan hakimiyyəti cərəyan edən hadisələrə seyirçi qalmamalıdır: «Ermənistan növbəti dəfə azərbaycanlıları vəşhi kimi təqdim etməyə çalışır. Azərbaycan rəhbərliyi bunu ciddiyə almalı və dərhal reaksiya verməlidir. Rusiya mətbuatına çıxılaraq Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklər barədə məlumat verilməlidir. Bəyan olunmalıdır ki, hər il cəbhə xəttində atəşkəsin pozulması nəticəsində neçə nəfər Azərbaycan əsgəri şəhid olur. Eyni zamanda dönə-dönə Qarabağ probleminin mahiyyəti və yaranma səbəbləri mətbuat vasitəsilə rus ictimaiyyətinə çatdırılmalıdır. Bir daha bildirilməlidir ki, ermənilər Azərbaycanın işğal etdiyi 20 faiz torpaqlarından atəşkəsi pozur və azərbaycanlıları qətlə yetirirlər. Ermənilərin hücumları hərbiçilərlə məhdudlaşmır. Onlar atəşxəttindəki dinc sakinləri atəşə tutur, hətta mal-qaranı belə tələf edirlər».
Eyni zamanda Rusiya mətbuatında problemin hələ də çözülməməsinin baiskaranın Kreml olduğunun da vurğulanmasının tərəfdarı olan V.Quluzadə qeyd etdi ki, Rusiyanın Cənubi Qafqaza itirəcəyi qorxusu Kremlin bu cür sərt siyasət yürütməsinə səbəb olur. Amma bu cür yanaşma sonsuz davam edə bilməz və yerləşdiyimiz regionun tam Rusiyanın nəzarətindən çıxacağı zaman uzaqda deyil.

Xəyal