«Azadlıq»ın sensasion xəbəri qəzetin yığışdırılması ilə nəticələnib
Çirkli pulların yuyulmasında Azərbaycanın bir neçə banknın adının hallanması ilə bağlı sensaion məlumatlar gündəmin əsas mövzusu olaraq qalır. Oxucuların diqqətinə çatdıraq ki, bu mövzu Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlı oliqarx-məmurların və onların bizneslərini yönətən şəxslərin korrupsiya yolu ilə topladıqları çirkli pulları “yumaq” üçün fəaliyyət göstərən dəstəni ifşa etməsi barədə xəbərlərdən sonra gündəmə gəlib.
“Azadlıq”ın araşdırmaları zamanı bəlli olub ki, Azərbaycanda bir neçə iri bank çirkli pulların “yuyulması” ilə məşğuldur. Bu bankların arasında xüsusilə “Royal Bank”ın adı çəkilir. Ötən sayımızda məlumat vermişdik ki, “Royal Bank” Irandakı çirkli pulların “yuyulması” ilə məşğuldur. Bildirilir ki, bir müddət əvvəl bank 100 min kart istehsal edib. Həmin kartlar Iran vətəndaşlarına verilib. Məsələdən xəbər tutan Qərb ölkələri dərhal bu barədə Azərbaycan hakimiyyətindən izahat tələb ediblər. Ilham Əliyevin tapşırığı ilə məsələnin araşdırılması Milli Təhlükəsizlik Nazirliyinə tapşırılıb. MTN-in apardığı araşdırmalar nəticəsində bəlli olub ki, “Royal Bank” Irandakı çirkli pulların yulmasında əsas vasitədir. Digər tərəfdən bu bankın rəhbərliyində təmsil olunan Əli Cam adlı Iran vətəndaşı qaranlıq işlərlə məşğuldur. Lakin bankın Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevə aid olması üzə çıxandan sonra MTN araşdırmaları dayandırmalı olub.
Dünən əldə etdiyimiz məlumatlara görə, bu xəbər ictimailəşəndən sonra müəyyən dairələr ciddi narahat olub. Kimlərsə paytaxtda “Azadlıq” qəzetinin yığışdırmağa başlayıb.
Məlumatlarda həmçinin deyilir ki, MTN yenidən araşdırmalara başlayıb. Mümkündür ki, bu işlə bağlı həbslər həyata keçirilsin. Lakin hələlik Ilqar Əliyevin oyundan çıxarılması barədə düşünülür.
Onu da əlavə edək ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun da bu məsələdən xəbəri olub. Lakin məlum səbəblərdən baş bankir hər hansı tədbir görə bilməyib.
Mövzunu diqqətdə saxlayacağıq.
Azad