Dünən saytları “Hülusi Kılıc gedir” başlıqlı xəbərlər bəzədi. Bəyin görəv müddəti bitirmiş də, o üzdən gedirmiş.
Oysa Hülusi bəy çoxdan gedib, indi olsa-olsa Bakıdan gedir. Ruhən xeyli vaxtdı gedib, bu gün gedən isə cismidir.
Özündən geriyə bu rejim haqqında ən qatı yaptokratın belə, ağzını sulandıracaq təriflər, mədhiyyələr qoyub gedir Hülusi Kılıc.
Biz onu səfirdən çox saray şairi kimi xatırlayacağıq.
Biz onu bir müddət sonra ümumiyyətlə, xatırlamayacağıq. Unudacağıq. Hakimiyyətə tərif oxumaq lazım gələndə Azərbaycanın daxili işlərinə məmnuniyyətlə qarışan, hakimiyyət xalqı əzib keçəndə Azərbaycanın daxili işlərinə qarışmağı özünə qadağan edən biri kimi Hülusi Kılıc “Türkiyənin Eskuderosu” olmaqdan başqa bir şey ifadə etməyəcək bizim üçün.
Oysa Steynar Gil bu ölkədən gedəli illər oldu, amma əslində hələ də getməyib Azərbaycandan. Hər adı gələndə qeyri-ixtiyari, ehtiramla ayağa qalxmaq istəyir adam. Hər adı gələndə üzü işıqlanır adamın. Gözü gülür. Içi aydınlanır.
Sayəsində insanlığın hələ ölmədiyinə inandıq. Sayəsində insanlığın başda diplomatiya olmaq üzrə hər şeyin, amma hər şeyin üstündə, önündə olduğuna inandıq.
Sayəsində Norveç kimi uzaq bir ölkəni doğmalaşdırdı bizə. Norveç bizim üçün “ikinci vətən” oldu. Çünki Steynar Gil sadəcə, Norveçin səfiri olmaqla kifayətlənmədi. Insanlığın, demokratiyanın, hüququn elçisinə çevrildi.
Mənim üçün bir zamanlar Türkiyə nə demək idisə, o deməkdir Norveç. Doğma, isti, qardaş deməkdir. Əminəm ki, eyni duyğunu paylaşan çox insan var Azərbaycanda.
Hülusi Kılıc sayəsində isə içimizdəki Türkiyə qırğınlığı bir az da böyüdü. Bir az da çox küsdük Türkiyəyə. Bir az da çox darıldıq. Azərbaycanı sadəcə Prezident Administrasiyası boyda görməklə, Azərbaycanla qardaşlığı sadəcə Ilham Əliyevlə qardaşlıq kimi qəbul edən bir zehniyyətin tərənnümçüsünə çevrilməklə Hülusi dərinləşdirdi.
Və indi o gedir. Həm də arxada heç bir gözəl iz buraxmadan, Azərbaycan xalqının bircə yarasını sarımadan, bir gücsüzün göz yaşını silmədən, haqqı əzilən birinin başını tumarlamadan, bir köməksizin arxasına çevrilmədən, bir günahsızın gözlərini öpmədən gedir.
Steynar Gil isə hələ də getməyib. Hələ də buradadır. Burada – ürəyimizin başında, gözümüzün üstündə…
Gənclərə mitinq məsləhəti
Ölkənin duyarlı, vicdanlı gəncliyi 4 marta mitinq təyin edib. Mitinqin yeri hələlik bəlli deyil.
Bəlli deyil, çünki bizdə mitinq üçün hökumətdən icazə almaq kimi bir hüquqi tələb yoxdur. Sadəcə, xəbərdarlıq məktubu kifayətdir. Amma bunlar hüquqa sayğılarını tamamən itirdiklərindən Hacıbala müəllimin musiqili korrupsiya fontanından icazə almaq lazım gəlir.
Bir sözlə, əcaib mənzərə yaranıb: əslində qanunsuz mitinq elə icazəli mitinqdir. Çünki yuxarıda yazdığımız kimi, ölkə qanunlarında mitinq üçün icazə almaq deyə bir tələb yoxdur. Kim belə tələbdə bulunursa, qanunsuzluğa yol vermiş olur.
Hərçənd yeri gəlsə, icazəni heç Abutalıbov da vermir, Prezident Administrasiyasından onun qulağına pıçıldanan “olar”, ya da “olmaz”ı məktub şəklinə salıb bizə göndərir.
Indi bizim gənclər də belə bir məktub gözləyirlər.
Ağsaqqallıq eləmək istəmirəm, amma gənc dostlarımıza kiçik bir məsləhətim var. Bunlar sizin istədiyiniz heç bir yerdə mitinq keçirməyə izn verməsələr, o zaman onların istədiyi yerdə aksiyaya razılaşın. Bibiheybət stadionunumu göstərəcəklər? Qoy göstərsinlər. Ora gedin.
Unutmayın ki, sizdən əvvəlkilər şəhərin mərkəzinə göydən düşməmişdilər, məsələn, “Qələbə” meydanına “Motodrom”dan gəlmişdilər.
Bu hakimiyyət qorxaq və zəifdir. Geri çəkilməyə hər an hazırdır. Yetər ki, qarşısında güc görsün.
Siz o gücü göstərin, polis dəyənəyinin altına getməkdənsə, icazə verdikləri yerə gedin. Sonrasında bunların şəhərin mərkəzi yerlərindən birində aksiyalar üçün necə quzu-quzu yer verəcəklərini görəcəksiniz.
Özü də bu, qətiyyən qeyri-prinsipiallıq, rejimin inadkarlığı qarşısında geri çəkilmə-filan deyil. Bu, olsa-olsa, qazın gələcəyi yerdən ördək əsigəməməkdir.

Hülusi Kılıc getdi, amma Steynar Gil hələ də getməyib
•
•