Görüş üçün predmet tapmaq bu qədər çətindirmi?

20 ildir siyasətdən yazıram. Amma ondan aldığım emosional yük daha çox təəccübdən və bir də heyrətdən yoğrulub.
Bəli, mən ona təəccüblənirəm ki, nədən D.Medvedev bir və ya iki il bundan əvvəl vaxt tapıb müxalifətlə görüş keçirmədi? Nədən bu siyasətçilər öz vədlərini yalnız getmək ərəfəsində və öz imzalarının artıq heç bir əhəmiyyət kəsb etmədiyi məqamda xatırlayırlar?
Mən Rusiydan detalları ona görə qeyd etmirəm ki, öz ölkəmiz haqda yazı və təhlil üçün heç nə tapa bilmirəm. Yox, səbəb bu, deyil. Sadəcə, Rusiyanı bu hakimiyyət daha çox təqdir edir və mən də düşünürəm ki, heç olmasa, bizə münasibətdə Rusiyanın nümunəsini əsas götürsünlər. Neçə illərdir ki, bizim ölkədə hakimiyyət-müxalifət dialoqu alınmır və ya baş tutanda da həmin o tədbirlərə üçüncü, dördüncü dərəcəli məmurları göndərirlər. Çünki bu siyasi hakimiyyət belə hesab edir ki, müxalifət onunla görüşmək üçün yetərli gücə malik deyil. Sonuncu frazanı mən bir neçə dəfə hakim partiyanı təmsil edən insanların dilindən eşitmişəm.
Bilirsiniz, biz çox sadə məqamları israrla izah etməkdən yorulmuşuq. Hökumətin hər bir nümayəndəsi adi vətəndaşla eyni yuridik məzmuna malikdir – məhkəmə qarşısında onlar bərabərdir, çünki biz də bəyan etmişik ki, hamı qanun qarşısında bərabərdir. Medvedevin görüşməyə dəvət etdiyi müxalifət nümayəndələri də elə fövqəl gücə malik deyildi və onlara da etinasız yanaşmaq, onları heç qəbul etməmək olardı. Amma elə məsələlər var ki, onları yalnız prezidentlə görüşüb həll etmək mümkündür.
Mənim fikrimi düzgün başa düşün. Mən heç də demirəm ki, D.Medvedev müxalifətlə anlaşma məsələsində böyük bir addım atacaq. Yox, o, sadəcə, personası haqda xoş təəssürat qoyub getmək istəyir. Bu təəssürat ona özünə gələcək siyasi konfiqurasiyalarda yerini təmin etmək üçün lazımdır. Çünki bu siyasi tandemin planlarına görə, o, öz fəaliyyətini baş nazir kimi davam etdirməlidir.
Soruşub deyə bilərsiniz ki, bunun bizə nə dəxdi var? Bizimkilərin də özləri haqqında xoş təəssürat yaratmaq cəhdləri var. Düzdür, biz bu cəhdləri daha çox ucuz  təbliğat müstəvisində müşahidə edirik. Özləri haqda “qurub-yaradan, daim yeniliklərə can atan, iş yerləri açan siyasətçi” təəssüratı və obrazı yaratmağa cəhd edirlər. Bu, 99 faiz imitasiyadır! Olsun. Bununla da işimiz yox. Amma olmazdımı ki, heç olmasa, bir dəfə vətəndaş sülhünə və barışığına can atan siyasətçi rolunu da oynasınlar?!
O gün bir verilişə baxırdım. Bu hakimiyyəti müdafiə edən və ona yaxın partiyanın nümayəndəsi də təklif edir ki, əvvəlki seçki sisteminə – qarışıq seçki modelinə qayıdılsın və proporsional seçkilər bərpa edilsin! Deməli, cəmiyyətdə belə bir rəy, fikir var. Niyə görə bu, partiya təmsilçilərilə görüşün predmeti olmasın? Niyə görə azad aksiyalarla bağlı qeyri-rəsmi məhdudiyyətlər, özünüifadə azadlığı yolundakı maneələr belə görüşün predmeti olmasın?
Qərəz, istək olsa, predmet çoxdur. Onların hər biri on ildən artıqdır ki, həllini gözləyir. Onlar həllini tapacaq. Elə siyasi məhbuslar da əbədi olaraq məhbəsdə qalmayacaq.
N.Mandela deyirdi ki, bir sıra ölkələrdə prezident olmamışdan öncə məhbus olmaq gərəkdir! Elə ona görə də mən heç də pessimist deyiləm. Amma bu problemlər bu hakimiyyət olmadan, onsuz həllini tapa bilər! Biz isə deyirik ki, gəlin, birlikdə onları həll edək ki, nə vaxtsa onları sizsiz həll etmək zərurəti və şəraiti yaranmasın…
Dastanların qəhrəmanları, yoxsa tarixi qəhrəmanlar?
Koroğluya abidə ucaldı. Mən bir vətəndaş kimi bunun əleyhinə deyiləm, bizi özəl mədəniyyətə, tarixə bağlayan hər bir şey yaxşıdır və gözəldir. Lakin bir kiçik məqam var. Deyirəm ki, kaş, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov və başqa şəxslər, özü də tarixi şəxslər yada düşəydi! Biz kasad və ya kasıb tarixi olan xalq deyilik. Lakin tariximizin mədəni ifadəsini görmürük. Koroğludan əvvəl Dədə Qorqud da vardı, o, bizim tarixi yaddaşımız üçün daha uğurlu seçimdi. Nədən onu xatırlamayaq?
Həm də Koroğlu xəlqiliyin simvoludu. Amma mən bunu bizim hakimiyyət təmsilçilərinin davranışında görmürəm. Bəlkə bunu siz görürsünüz?..