Əsabəli Mustafayev: «Hökumət fürsətdən istifadə edib bütün vicdan məhbuslarını azad etməlidir»
2 aprel mitinqinə görə həbs olunaraq iki il müddətinə azadlıqdan məhrum edilən AXCP Gənclər Təşkilatının üzvü Elnur Məcidlinin işindən Ali Məhkəməyə kassasiya şikayəti verilib. Vəkil Əsabəli Mustafayevin sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsi E.Məcidlinin şikayətinə ötən il dekabrın əvvəlində baxsa da, indiyədək məhkəmə qərarını ala bilmirdilər:
“Qanunla Bakı Apelyasiya Məhkəməsinin qərarını ən geci on günə bizə verməlidirlər. Bakı Apellysiya Məhkəməsinin hakimi Abdin Abdinbəyovla danışmışdım. Demişdi ki, qərarı poçtla hüquq məsləhətxanasına göndəriblər. Amma bizə çatmayıb. Yenidən göndərilməsini xahiş etdim. Razılaşmadı, dedi ki, özünüz gəlib götürün. Ötən gün məhkəməyə getdim. Amma məlum oldu ki, Abdin Abdinbəyov gözündən əməliyyat olunub, xeyli müddət işə çıxmayacaq. Ona görə də məhkəmənin qərarını ala bilmədik”.
Vəkilin sözlərinə görə, kassasiya şikayətində Nəsimi Rayon Məhkəməsinin Elnur Məcidli haqda hökmünün və Bakı Apellyasiya Məhkəməsinin bunun qüvvədə saxlanılması haqda qərarının ləğv olunmasını, ona bəraət verilməsini istəyiblər.ÿ Ə.Mustafayev deyir ki, hökumət fürsətdən istifadə edib bütün vicdan məhbuslarını azad etməlidir: “Ötən ilin dekabrında fürsət yaranmışdı. Lakin Azərbaycan hökuməti həmin şansı əlindən qaçırdı və yalnız Cabbar Savalanlını azad etdi.
Artıq vicdan məhbuslarından biri – Elşən Həsənov azadlığa buraxılıb. Indi ard-arda o biri məhbusların da şikayətlərinə baxılacaq. Hesab edirəm ki, hökumət bu məqamdan istifadə edib bütün vicdan məhbuslarını azad etməlidir”.
Vəkil bildirir ki, məsələni əfv ərizəsi yazdırmaqla yoluna qoymaq mümkün olmayacaq: “Bəzi hüquq müdafiəçiləri bildirirlər ki, bu adamlar azadlığa çıxmaq üçün mütləq əfv ərizəsi yazmalıdırlar. Fikrimcə, bu yanlış metoddur və insanları ərizə yazmağa təhrik etməkdir. Hökumət başa düşür ki, bu məhbusları onsuz da buraxmalıdır. Sadəcə bu işdən maksimum fayda götürmək istəyir. Yəni onların ”sındırmaqla” azad etmək istəyir. Amma bu üsul keçərli olmayacaq. Ən yaxşı halda onlar ərizə yazacaqlar ki, cəzalarının üçdə-birini çəkdikləri üçün azad edilsinlər”.