Ziya Məmmədovdan sürücülərə ağır şərt

Dövlətin taksi xidməti üçün təklif etdiyi avtomobillər kimlərə sərf edəcək?

Mayın 1-dən Bakıda taksi xidmətini yalnız “London taksiləri” və ağ rəngli avtomobillər göstərə biləcək. Rusiya istehsalı olan və lisenziyası olmayan avtomobillərə 100 manat məbləğində cərimə tətbiq ediləcək və onların taksi xidməti göstərməsinə qadağa qoyulacaq. Nəqliyyat Nazirliyi hesab edir ki, Bakıda taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin hamısı (“London taksiləri” istisna olmaqla) ağ rəngdə olmalıdır. Artıq avtomobil şirkətləri taksi fəaliyyətində istifadə etmək üçün Bakıya ağ rəngli avtomobillər gətirməyə başlayıblar. Bura “Daewoo Nexia”, “Daewoo Lacetti” (“Chevrolet Lacetti”nin bazasında yaradılmış), “Fiat”, “Tayota Yaris” və s. aiddir. “Bizim Yol”un xəbərinə görə, “Daewoo” avtomobillərinin satışı ilə məşğul olan “Uz-Daewoo Baku Auto” şirkəti Bakıya taksi fəaliyyəti üçün yeni avtomobillərin gətiriləcəyini təsdiqləyib. Bu məqsədlə gətirilən ağ rəngli “Daewoo Nexia” avtomobillərini ilkin ödəniş 20% olmaqla 3 illiyə kreditlə almaq mümkündür. Qiymətlər isə 8700-11500 manat arasında dəyişir.
Nəqliyyat Nazirliyi “Dədəmin” adlı özbək şirkəti ilə müqavilə bağlayaraq Bakıya 400 yeni ağ taksi gətirdəcəyini bildirib. “Dədəmin” Avtoservisinin rəhbəri özbəkistanlı Rövşənbek Qurbankulov bildirir ki, 5 avtomobil şirkəti içində Nəqliyyat Nazirliyi onları seçib: “Daewoo Nexia” Koreyaya məxsus olsa da, biz bu markada olan avtomobilləri Özbəkistanda hazırlayırıq. Nəqliyyat Nazirliyinin “Daewoo Nexia” seçməsinə səbəb avadanlıqlarının ucuz olmasıdır. Avtomobili idarə etmək də çətin deyil. Bizim avtomobillərin xüsusiyyətləri: yanacaq sərfi 90 km/saata 5,5/6,35 litir yanacaq çəninin tutumu 50 litir, maksimim sürət 163 km/saat, sürətyığma 100 km/saata 14,5/15 saniyə, yük yerinin tutumu 530 litirdir. “Daewoo Nexia” taksilərinin ilk partiyası aprel ayında Özbəkistandan Bakıya gətiriləcək”.
Məsələnin maraqlı tərəfi odur ki, onsuz da çətin vəziyyətdə olan taksi sürücüləri dövlətin təklif etdiyi şərtlərlə – (ilkin ödəniş 20% olmaqla 3 illik kredit) yeni avtomillər ala biləcəklərmi?
Iqtisadçı Məhəmməd Talıblı bu şərtlərin taksi sürücüləri üçün əlçatan olmadığını deyir: “Dövlət xətti ilə gətirilən taksilərlə bağlı şərtlər sürücülər üçün əlverişli deyil. Əvvəl deyirdilər ki, şərtlər yüngül olacaq. Indi isə məlum olur ki, ortada heç də kiçik olmayan konkret rəqəm var. Nəqliyyat Nazirliyinin müqavilə bağladığı şirkətlərin irəli sürdüyü şərtlər adamların taksi xidmətinə həvəsini tamamən öldürəcək. ”Daewoo Nexia”nın irəli sürdüyü şərtlər kommersiya şərtləridir. Özü də qiymətlər çox bahadır. Bu qiymətlər nəinki taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin, hətta vətəndaşların da maraqlarına uyğun deyil. Böyük ehtimalla həmin şərtlərlə avtomobil götürən şəxslər bir neçə aydan sonra duruş gətirə bilməyib avtomobillərdən imtina edəcəklər. Bu cür ötür-ötür oyunu ilə də həmin taksilər dövriyyədən çıxacaq. Yaxud taksi fəaliyyəti ilə məşğul olanlar bahalı xidmət göstərməli olacaqlar. Bu isə o deməkdir ki, hökumət yenilik adı altında taksi sürücülərini daha ağır şərtlərlə üz-üzə qoymuş olacaq”.