AXCP-dən iqtidarın “Qərbə işləmək” demoqogiyasına cavab verildi
Fuad Qəhrəmanlı: «Hakimiyyət Əli Kərimlinin cəmiyyətdə nüfuzunun yüksək olmasını bildiyindən onu hədəf seçib»
Azərbaycan hakimiyəti son zamanlar Almaniyadan gələn sərt tənqidlərə özünəxas formada cavab verərkən AXCP və onun sədri Əli Kərimlinin də ünvanına bir sıra ittihamlar səsləndirib. Hakimiyyətin mövqeyini ifadə edən “Yeni Azərbaycan” qəzetində ötən gün dərc olunmuş Almaniya əleyhinə ağır ittihamlarla dolu məqalədə qeyd olunur ki, AXCP sədri Ə.Kərimli Almaniya və başqa Qərb dövlətlərindən maddi-siyasi dəstək alır. «Ötən ilin yayında Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvellə AXCP sədri Əli Kərimlinin məxfi görüşündə Azərbaycanda daxili siyasi mübarizədə Əli Kərimlinin fəaliyyət istiqamətləri, ona yaxın QHT-lərin Almaniya fondları tərəfindən maliyyələşdirilməsi və s. məsələlər müzakirə edilib. Həmçinin, Almaniya mətbuatında Azərbaycanla bağlı veriləcək tənqidi materialların Ə.Kərimlinin nəzarətində olan qəzet tərəfindən tirajlanması barədə razılıq əldə olunub. Bundan başqa, ötən ilin əvvəlində Əli Kərimlinin səfir Herbert Kvell və Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi müvəkkili Patrisiya Florla müəmmalı görüşündə də oxşar məsələlər ətrafında fikir mübadiləsi
aparılıb», – deyə məqlədə bildirilir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hakimiyyətin isterik vəziyyətdə olduğu üçün proseslərə bu cür reaksiya verdiyini deyib. Onun fikrincə, hakimiyyət beynəxalq birliklə hansı səviyyədə qarşıdurmada olduğunun fərqindədir. Buna qədər ABŞ-ın Azərbaycanda hakimiyyət dəyişikliyinə çalışmaqda günahlandırıldığını deyən F.Qəhrəmanlı bildirdi ki, hazırda Almaniya bu hədəfə tuş gəlib. Sədr müavini hesab edir ki, bu, hakimiyyətin hər yerdən özünə bir təhlükə gördüyünün görsənişidir: «Dünya birliyi hər ötən gün Azərbaycandan daha intensiv formada demokratiya tələb etməkdədir, demokratiya ilə bağlı tələblərin tonu sərtləşməkdədir. Bu da hakimiyyəti isterik vəziyyətə salır. Onlar çox narahatdırlar ki, prosesləri uzun müddət bu şəkildə davam etdirmək mümkün olmayacaq. Hakimiyyət əslində bu kampaniyasını öz aləmində preventiv tədbir kimi anlayır. Guya ki, Qərb dövlətlərini şantaj edib, Azərbaycandakı demokratiya tələbindən çəkindirməyə çalışırlar. Amma bu cür üsulla hakimiyyət Azərbaycanı qlobal təcridə aparır. Bu da sonda Azərbaycana yönəlik təzyiqləri daha da artıracaq».
AXCP-nin hədəf seçilməsinə gəlincə, F.Qəhrəmanlı vurğuladı ki, bu gün Azərbaycan cəmiyyətində mövcud rejimə qarşı mübarizə aparan əsas güc mərkəzi kimi Xalq Cəbhəsi və onun lideri qəbul olunur. Hakimiyyət Ə.Kərimlinin rejimə qarşı mübarizə aparan əsas lider kimi cəmiyyətdə nüfuzunun yüksək olmasını bildiyindən Xalq Cəbhəsini və onun liderini hədəf seçib: «Hakimiyyət cəmiyyətdə guya o fikri yaratmağa çalışır ki, bu ölkədə zəruri dəyişikliklər ssenarisi xalqın iradəsi deyil, xarici qüvvələrin maraqlarının ifadəsidir. Xalq Cəbhəsi olaraq biz dövlətimizin, xalqımızın milli maraqlarından kənarda hər hansı siyasətdə yer almırıq. Sadəcə olaraq qlobollaşan dünyada demokratiya ilə bağlı problemlər daxili yox, beynəlxalq məsələdir. Ona görə də biz Azərbaycanda demokratiyanın qurulması istiqamətində beynəlxalq səyləri dəstəkləyirik və onların güclənməsinin tərfdarıyıq. Çalışırıq ki, beynəlxalq birlik daha geniş cəbhədə Azərbaycan hakimiyyətini anti-demokratik addımlardan çəkindirmək istiqamətində səylər göstərsin».
F.Qəhrəmanlı hesab edir ki, hakimiyyətin məsələlərə bu cür keçmiş sovet təfəkkürü ilə yanaşması cəmiyyətdə ironiya ilə qarşılanır. Əgər hakimiyyət həqiqətən də vətən, millət təassübü çəkəndirlərsə, nəyə görə Azərbaycanın adının bütün beynəlxalq hesabatlarda qara siyahılara düşməsinə bais olurlar: «İnsan haqlarının pozulmasına, kölgə iqtisadiyyatına görə Azərbaycanın adı birinci sırada gəlir. Bütün bunları təhlil etsinlər. Hakimiyyətin saxta vətənpərvərliyi heç cür ciddi qəbul oulna bilməz».
Hikmət



