Sabirabad sakininin qarınından qayçı çıxdı

Sabirabad sakininin qarın boşluğundan cərrahiyyə qayçısı çıxarılıb.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan Şəhər Diaqnostika Mərkəzinin cərrahı Elçin Kərimov məlumat verib. Cərrah bildirib ki, bu gün səhər kəskin ağrılarla mərkəzə müraciət edən Sabirabad sakini, 1989-cu il təvəllüdlü Şirəliyev Cəmil Əliqulu oğlu müayinə edilərkən onun qarın boşluğunda yad cismin olduğu müəyyən edilib. Dərhal əməliyyat edilən Cəmil Şirəliyevin qarın boşluğundan cərrahiyyə aləti olan tutqu qayçısı çıxarılıb. Xəstənin qohumları bildirir ki, Cəmil Şirləliyev 2010-cu il sentyabrın 13-də aldığı bıçaq yarasından sonra Sabirabad mərkəzi xəstəxanasında əməliyyat olunub. Elə o zaman da cərrahiyyə əməliyyatı zamanı tutqu qayçısı onun qarın boşluğunda qalıb. Beş saat yarım davam edən əməliyyat nəticəsində xəstənin bir metrdən çox bağırsağı kəsilərək götürülüb. Həkimin bildirdiyinə görə, xəstənin vəziyyəti orta ağırdır. Lakin onun həyatı üçün təhlükə olmadığı bildirilir.