“Qəzzafi ölüm şəraitini özü seçdi”
Onlar 30 nəfərdirlər… Liviya diktatoru Müəmmər Qəzzafinin müqavimətini qıran adamlar sayılırlar… Bu dəstə Qəzzafini son sığındığı yerdə üzə çıxararaq qətlə yetirdi və bununla da vətəndaş müharibəsi bitdi. Liviya hökuməti onların bu xidmətini nəzərə alaraq, hamısını Türkiyəyə istirahətə göndərib. Onlardan biri – Mənsur adlı ərəb “Azadlıq”a danışmağa razılıq verdi.
Bir dövlət başçısını öldürdüyünüzün fərqindəsinizmi?
– Qəzzafinin öldürülməsi hadisəsinə fərqli münasibətlər var.Bir çoxları hesab edir ki, dövlət başçısı olmuş bir adamı o şəkildə aşağılayaraq öldürmək nəcib davranış deyildi. Siz bu fikri bölüşürsünüzmü?
– O, getməli idi. On minlərlə insan küçələrə axışaraq onun getməsini istədi. Bu adamlar liviyalılar idi və onlar Qəzzafinin yarım əsrlik diktatorluğundan təngə gəlmişdilər. O isə getmədi və əvəzində vətəndaş müharibəsi başladı. Nəticəsi də bu oldu.
– Amma Liviyada adamlar pis yaşamırdılar.ÿ Bəlkə onun haqqını tanımalıydınız?
– Məgər amerikalılar yaxşı yaşamırlar? Onlar niyə prezidenti dəyişir? Amerikada heç bir prezident xalqın yaxşı yaşadığını əsas gətirərək, “Məndən başqa kimsə rəhbər ola bilməz” söyləmir.
– Onu öldürəndə prezidenti, bir dövlət başçısını öldürdüyünüzün fərqindəydinizmi?
– Biz müharibə aparırdıq və düşmənin ən önəmli insanını öldürürdük. Qəzzafi artıq heç bir dövlətin başçısı deyildi.
– Amma öldürən zaman onunla çox qəddarcasına davrandınız. Düşməni bu şəkildə aşağılamaq nəciblik deyil axı…
– Ola bilər. Amma başqaları da başqa cür düşünür. Məsələn, mən belə hesab edirəm ki, biz o qədər də böyük cinayət törətməmişik. Qəzzafi on minlərlə, bəlkə də milyonlarla adamla daha pis rəftar edib. Bu, onun seçimi idi.
Liviya Qəzzafinin əmlakı hesab edilirdi
– Sizin ali təhsiliniz varmı? Universitet bitirmisinizmi?
– Mən universitet bitirmişəm, iqtisadçıyam. Bütün baş verənlər də mənə lazım deyildi. Mənə, sadəcə, işləmək lazım idi. Adam kimi yaşamaq, insan kimi dəyərləndirildiyimi görmək lazım idi. Amma mənim kimi insanlar Qəzzafinin yaxın adamlarının, qohumlarının yanında heç zibil də hesab edilmirdi. Mən özümü Qəzzafinin oğlanlarından qabiliyyətsiz saymıram. Amma biz adam yerinə qoyulmurduq. Liviya Qəzzafinin əmlakı hesab edilirdi, biz də onun qulları.
– Indi onun yerinə gələn adamlar ondan yaxşı olacaqlar ki?
– Mən kimin kimdən yaxşı olduğunu müəyyənləşdirəcək adam deyiləm. Amma bu hadisələrdə millət başa düşdü ki, pis rəhbəri rədd eləmək üçün yollar var. Bundan sonra gələcək adamlar Qəzzafinin sonunun necə gəldiyini gördülər. Bütün dünya gördü.
– Yəni, daha diktatorlar olmayacaq?
– Açığı, mənim vecimə də deyil ki, diktatorlar olacaq, ya yox. Amma Liviyada diktatorların bir daha olmayacağına əminəm.
– Dünyada başqaları da var. Yəni, başqa diktatorlar… Ölkə rəhbəri olmağı pul qazanmaq yolu kimi seçənlər çoxdur…
– Indi hərə bir söz deyir. Bu “Ərəb baharı” olana qədər, hətta ərəblər arasında “kimin prezidenti daha varlıdır” məsələsi üzərində mənasız mübahisə də olardı. Amma gördünüz ki, boş şeydir. Mənim düz böyrümdə olan və Qəzzafinin bir gündəlik gəlirini ömrü boyu qazana bilməyən biri, onu it kimi sürüdü.
O ölməli idi…
– Burada belə danışırdılar ki, siz Qəzzafini öldürdüyünüzə görə onun əmlakından sizə də nəsə veriblər, yəni, mükafat kimi… Əslində, bəlkə də burada pis bir şey yoxdur…
– Mənə onun heç nəyi lazım deyil. Onun saraylarını qarət ediblər. Xaos belə olur. Onun pulları ilə də kimlərsə məşğul olur. Yəni, bu, artıq dövlət məsələsidir. Amma Qəzzafinin puları haram idi. Onun özü də vəhşiyə çevrilmişdi. O, ölməli idi.
***
Mənsur şəklinin çəkilməsini istəmədi: “Bizim şəkillərimiz onsuz da hər yerdə var”. Onlar burada – Ankarada daha 15 gün qalacaqlar. Liviya hökuməti onların bütün istirahət xərclərini çəkir. Həftədə 250 avro da xərclik verir. Onlar da gündə bu pulun 50 avrosunu lirəyə dəyişməklə xərcləyirlər. Kifayət edirmi? Edir. Mənsur bu məbləğdən də məmnundur.
Ibrahim Aydın, Ankara