Çeçenistan və Dağıstanda şiddətli döyüşlər gedir; “Qafqaz Əmirliyi” bölgənin müstəqilliyini hədəfləyir
Şimali Qafqaz regionunda son günlər davam edən qarşıdurmalar Dağıstan-Çeçenistan sərhədində daha da şiddətlənib. Artıq bir həftədən çoxdur ki, Şimali Qafqazın müstəqilliyini hədəfləyən “Qafqaz Əmirliyi” adlı qruplaşmanın üzvləri ilə Rusiyanın təühlükəsizlik qüvvələri arasında şiddətli döyüşlər gedir. Qarşıdurmalar Çeçenistanın Noqay-Yurd bölgəsi Dağıstanın Kazbek və Xasavyurt bölgələrində daha da artıb. Rusiyanın təhlükəsizlik qüvvələri güclü müqavimətlə qarşılaşdığından bölgəyə əlavə qüvvələr, tank və hərbi vertolyotlar cəlb edib.
Rəsmilər tərəfindən verilən açıqlamaya görə, son bir həftədə 17 təhlükəsizlik əməkdaşı həlak olub, 24 nəfər isə yaralanıb. Şimali Qafqaza azadlıq tələb edən 12 müqavimətçi öldürülüb. Öldürülən müqavimətçilər arasında “Qafqaz Əmirliyi” nin Dağıstan bölgəsi üzrə komandiri olaraq tanınan Əmr Saleh də var. Şimali Qafqazdakı qarşıdurmalar yalnız Dağıstan və Çeçenistanla da məhdudlaşmayıb. Kabardin-Balkar respublikasında da silahlı qarşıdurmalar yaşanıb.
Bölgədə qarşıdurmalarla yanaşı, adam oğurluğu və qətl halları da artıb. Son olaraq Dağıstanın Tatlıyar kəndində bir din xadimi qaçırılıb. Baş verənlərə görə, İnquşetiya prezidenti Yunusbek Yerkurov adam oğurluqlarında kəşfiyyat və təhlükəsizlik qüvvələrinin məsuliyyət daşıdığını söyləyib. Çeçen lider Doku Umarov tərəfindən 2007-ci ildə “Qafqaz Əmirliyi” elan edilmiş və yalnız Çeçenistanda deyil, bütün Şimali Qafqaz bölgəsinin müstəqilliyi, bölgə respublikalarının vahid dövlətin tərkibində birləşdirilməsi uğrundan mübarizə aparıldığı bildirilir.
İnformasiya şöbəsi