Separatçı rejimin başçısı sağ qalsa da, cangüdənləri öldürüldü
Bu gün səhər, yerli vaxtla saat 8:25-də Abxaziyada separatçı rejimin lideri Aleksandr Ankvab sui-qəsdə məruz qalıb. Sui-qəsd Abxaziyanın paytaxtı elan alounan Suxuminin Qudautu rayonunda Ankvab işə gedərkən baş verib.
Sui-qəsd nəticəsində Ankvab sağ qalsa da, onun iki mühafizəçisi ağır yaralanaraq ölüblər. Məlumatlara görə, mühafizəçilər Ankvabı bədənləri ilə qoruya biliblər.
Rusiya KİV-də yayılan məlumatlara görə, Abxaziya liderinin və onu müşaiyət edənlərin getdiyi yolda əvvəlcə idarə olunan partlayıcı işə salınıb. Partlayışın zərbəsi Ankvabı müşaiyət edən maşını tutub. Partlayış yerində geniş diametrli dərin çuxur əmələ gəlib.
Partlayışdan sonra kortejə qranatomyot və pulemyotdan atəş açılıb. Atışma başlayanda mühafizəçilər bədənləri ilə Ankvabı gizlədiblər. Kortejdə 5 avtomobil olub. Maşınlardan biri tamamilə yanıb.
Bəzi mənbələr sui-qəsd nəticəsində Ankvabın da yaralandığını desələr də, onun özü “İnterfaks”a telefonla iş yerində olduğunu və heş bir xəsarət almadığını bildirib.
Abxaziya liderinə hücum edənlərin əməliyyatdan dərhal sonra dağlara çəkildiyi ehtimal olunur. Onları tapıb məhv etmək üçün hərbi vertolyotların da cəlb olunduğu əməliyyat planı hazırlandığı xəbər verilir.
İnformasiya şöbəsi