Vicdan məhbusuna qarşı vicdansız addım

Hakimiyyət siyasi məhbusları azad etmək ərəfəsindədir

Ötən gün internet şəbəkələrində “şok” təqdimatla dövriyyəyə iki xəbər buraxıldı. Onların hər ikisi vicdan məhbusu Elnur Isrəfilovla bağlı idi. Xəbərlərdə bildirilirdi ki, Elnur əfv olunmaq və YAP-a üzv qəbul olunmaq üçün Ilham Əliyevə müraciət edib. Elnurun öz xəttilə yazdığı iddia olunan ərizələr məzmunu baxımından xeyli suallar və qənaətlər yaradır.
Birincisi, müraciətdə Elnurun adından “yaxşı təhsil almadığı, savadsız olduğu” göstərilsə də, mətndə çox sərrast ifadələrin yer alması əsl müəllifin Prezident Administrasiyasının içində və yaxud da həndəvərində olduğunu göstərir. Məsələn, bu cümlələrə diqqət yetirək: “Dayım Məmməd Ibrahimli tərəfindən Bakı şəhərinin mərkəzi küçəsində ictimai qaydanın, nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına yönələn hərəkətlərin törədilməsinə cəlb olunmuşam. O, öz avantürist niyyətlərini həyata keçirmək üçün məni və mənim kimi sadə insanları bu işlərə cəlb etmişdir”. Xalis “Xalq qəzeti”, AzTV üslubu deyilmi?
Elnurun dayısı Məmməd Ibrahim “Azadlıq”a bildirib ki, o müraciəti Elnurun yazdığına inanmır. Baş verənləri dəqiqləşdirmək üçün o, bu gün Xələcdəki cəzaçəkmə müəssisəsinə gedəcək. Məmməd Ibrahim axırıncı dəfə 10 gün əvvəl Elnur Isrəfilovla görüşdüyünü bildirir və deyir ki, həmin görüşdə Elnur ona əfv yazmaqla bağlı ən müxtəlif yerlərdən təzyiq və təkliflər gəldiyini deyib. Amma o, bu təkliflərə rədd cavabı verdiyini və sona qədər də mövqeyini qoruyacağını bildirib. Məmməd Ibrahim ehtimal edir ki, əfv ərizəsini Elnurla eyni cəzaçəkmə müəssisəsində saxlanılan qardaşına yazdırıblar.
Əfv ərizəsi ətrafında yaradılan ajiotaj göstərir ki, hakimiyyət artıq xarici və daxili təzyiqlərin qarşısında tab gətirməyərək geri addım atmaq niyyətindədir. Çox güman ki, yaxın vaxtlarda bütün vicdan məhbuslarının azad olunması planı var. Ancaq hakimiyyət bu cür addımı “qarşılıq görmədən” atmağı sevmir. “WikiLeaks” saytının açıqladığı sənədlərdən də görünürdü ki, Ilham Əliyev xarici diplomatlarla söhbətində belə siyasi məhbusların azadlığa buraxılması üçün onların ərizə yazmasının vacib olduğunu deyir.
Buna görə də vicdan məhbuslarının ərizə yazmaması, üstəlik, insanları haqsız yerə həbsdə saxladığına görə beynəlxalq aləmin güclənən basqıları hakimiyyətdə ciddi əsəb sarsıntısı yaradıb. Bu ağrıdan azad olmaq üçün hökumət bir sıra hüquq müdafiəçilərini də səfərbər edərək siyasi məhbuslardan ərizə almağa çox çabalar göstərir. Yeri gəlmişkən, “Azadlıq” hüquq müdafiəçisinə yaraşmayan bu bədnam əməlin də ifşasına çalışacaq.
Xəbərin əvvəlinə qayıtsaq, bunu vurğulamalıyıq: vicdan məhbuslarını demoralizə etməyə yönələn “əfv ərizəsi” olayı siyasi müxalifətin yox, hakimiyyətin ağır durumda olduğunu göstərir. Elnur Isrəfilov 3-cü qrup əlildir, onun azadlıqda qalan ailəsinin də durumu kifayət qədər ağırdır. Əfv kimi humanist hadisəni bəhanə edib, belə bir insanı mənəvi terrora hədəf etmək bir daha hakimiyyətin özünün mənəvi şikəstliyini sübut etdi.

“Azadlıq”