İran filmi “Oskar” mükafatına iddia edir

Ötən ay Golden Globe film müsabiqəsində ən yaxşı xarici film mükafatı almış və ötən il Berlin film festivalında əsas mükafatı qazanmış Ayrılma adlı İran filmi bu il Oskar yarışmasına qatılır.
Oskar müsabiqəsində bu il digər film mükafatı yarışmalarında uğur qazanmış Artist, Dəmir Ledi kimi filmlər iştirak etsə də, Ayrılıq filminin şansları yüksək dəyərləndirilir.
Filmin rejissoru Əsgər Fərhadi BBC-ə müsahibəsində filminin Oskar mükafatı qazanmasının mümkünlüyü barədə danışarkən deyib: “Mən bu barədə öncədən heç nə deyə bilmərəm, amma hər nə olsa, bu, İran filmsevərlərini sevindirəcək və İranda film rejissorları üçün qarşılaşa biləcəkləri maneələrə baxmayaraq, bu yolda davam etmələri üçün motivasiya olacaq”.
Rejissor Əsgər Fərhadinin beşinci əsas filmi olan Ayrılma biri dindar, biri isə sekulyar iki İran ailəsinin həyatından bəhs edir. Müasir İranda sosial gərginliyin güclü portretini cızan film hökumətin dəstəyini qazansa da, Fərhadi 2010-cu ildə həbs olunmuş film rejissoru Cəfər Pənahinin müdafiəsinə qalxandan sonra filmin istehsalına icazə geri götürülmüşdü.
Ancaq kinoteatrlara buraxılandan sonra Ayrılma filmi böyük sayda tamaşaçı və hətta hökumətdən mükafatlar da qazandı.
Britaniyada dərc olunan Guardian qəzeti yazır ki, filmin Oskar müsabiqəsində nümayişinə bir ay qalmış Tehranda heç də hər kəs bu uğurdan məmnun görünmür.
“İslamçı rejimə yaxın fikirlərilə tanınan İran yazıçısı Məsud Ferasati dövlət televiziyası ilə çıxışında deyib: Bizim cəmiyyətin Ayrılma filminin təsvir etdiyi şəkli qərblilərin görmək istədiyi çirkin mənzərədir” – Guardian yazır.
Fərasati deyib: “Bir tərəfdən onlar (ABŞ) bizə sanksiyalar tətbiq edir, digər tərəfdən isə bizə müsbət siqnal göndərmək üçün bizim filmə mükafat verirlər. Məncə filmin uğuru barədə deyilənlər illüziyadır. O, yaxşı film deyil”.
Mühafizəkar yazıçıya rejimə yaxın olan nüfuzlu şəxslər dəstək verib. Hətta yarı-rəsmi xəbərlər agentliyi Fars Fərhadini mükafat mərasimlərində “qadınlarla əl sıxmaqda” günahlandırıb.
Tənqidçilər “Ayrılma”nı siyasi tənqid hesab edirlər. Ancaq rejissor Fərhadi bu barədə fəqrli fikirdədir: “Əgər siyasi deyəndə, hər hansı ideologiyaya qulluq edən, siyasi manifest kimi səslənən və ya müəyyən qrupları müdafiə edən film nəzərdə tutulursa, onda Ayrılma belə film deyil. Ancaq siyasi film deyiləndə sosial kökləri olan, cəmiyyətin problemlərindən danışan film nəzərdə tutulursa, onda bəli, bu siyasi film sayıla bilər”.
Guardian qəzeti yazır ki, geniş senzura və müstəqil film rejissorlarının sistematik təzyqilərlə üzləşməsinə baxmayaraq, İran kinosu son illərdə bir çox beynəlxalq mükafatlar qazanıb (BBC Azərbaycanca).