Cümşüd Nuriyevdən Vaşinqtonun Azərbaycana səfir təyinatını yubatmasına sensasion şərh
Amerika prezidenti Barak Obama bugünlərdə bir sıra diplomatik və inzibati təyinatlarla bağlı fərman imzalayıb. Fərmanda Gürcüstan da daxil olmaqla bir sıra ölkələrə yeni səfirlər təyin olunsa da, Azərbaycan bu dəfə də kənarda qalıb. Oxucuların diqqətinə çatdıraq ki, bu ilin əvvəlindən ABŞ-ı ölkəmizdə səfirliyin müvəqqəti işlər vəkili təmsil edir.
Politoloq Cümşüd Nuriyev Azərbaycana səfir təyinatının yubanmasına maraqlı şərh verib. Politoloq “Hürriyyət” qəzetinə bildirib ki, ABŞ-ın Azərbaycana müxtəlif bəhanələrlə səfir göndərməkdən boyun qaçırmasının arxasında bu ölkədə qarşıdan gələn prezident seçkiləri o qədər də rol oynamır və əsas məqsəd tamam başqadır. Onun fikrincə, rəsmi Vaşinqtonun Azərbaycanda çevriliş etmək niyyəti var və idarə olunan xaos vasitəsilə hakimiyyəti dəyişdirmək planı işə salınıb. Ona görə də diqqəti əsas hədəfdən yayındırmaq üçün hələlik səfir göndərməkdən boyun qaçırırlar ki, çevrilişdə əllərinin olmadığını iddia etsinlər: “Gördünüz ki, Rusiyaya göndərilən Amerika səfiri Moskvada yerini isitməmiş ölkə müxalifətiylə görüşdü. Bundan sonra onu topa tutdular ki, ABŞ bu səfiri Rusiyada çevriliş etmək üçün xüsusi olaraq təlimatlandıraraq göndərib. Azərbaycana da ona görə hansısa səfir göndərilmir ki, rəsmi Bakı kimdənsə şübhələnməsin, bir sözlə, sayıqlığını əldən versin”.