“Nə heroin, qardaşım heç siqaret çəkmir”

İran telekanalının həbs olunmuş əməkdaşının qardaşı «Azadlıq»a danışdı

Yaşar Bayramlı: «Anar bölmə rəisinin otağına daxil olanda, polislər gödəkcəsinin asılqandan asılmasını tələb ediblər»

“Anar nə siqaret çəkir, nə də araq içir. Portmanatından heroin çıxması gülüncdür. Işi-gücü iş-ev olub. Onun başqa işlərlə ümumiyyətlə, əlaqəsi yoxdur. Gecələr evdən çıxsın, harasa getsin, elə şeylərlə arası olmayıb. Əksinə, mən evə gec gələndə zəng edirdi” – bunu bizimlə söhbətində Iranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri, bugünlərdə həbs olunan Anar Bayramlının qardaşı Yaşar Bayramlı deyir. Qardaşının həbs olunması xəbərini bir neçə gün mediadan gizli saxlayıb. Səbəbi isə çox sadədi: “Heroin bizim nəsilə yad bir şeydir. Adımız-sanımız var. Axı, söhbət təkcə qardaşım Anardan getmir, bütövlükdə  Bayramlı nəslinin adı çıxır. Bu, bir az bizə ağırdır. Ancaq məsələnin dərinliyinə gedəndən sonra düşündük ki, bu böhtanı ictimailəşdirməliyik”.

Kustar üsulla hazırlanan heroin

Yaşarla kiçik bir kafedə oturub Anarın həbs olunması barədə söhbət etdik. Görüşümüz axşama təsadüf etdi. Çünki Kürdəxanı Istintaq Təcridxanasında saxlanılan qardaşına yemək aparmalı idi. Ona görə də görüşümüzü ertələyə bilmədik.
Anar Bayramlı fevralın 17-də həbs olunub. Işdən təzəcə evə qayıdıbmış ki, jurnalistin arxasınca Binəqədi rayon 4-cü polis bölməsinin beş əməkdaşı gəlib: “Axşam saat 7 radələrində polislər gəldilər və bildirdilər ki, Anar polisə getməlidir. Son iki-üç ayda onu 4-5 dəfə polisə dəvət ediblər. Ancaq indiyədək bu qədər polis gəlməyib. Həmişə bir nəfər olub, buna da öyrəşmişdik. Düşündük ki, yenə yarım saata qayıdacaq. Atam onunla getdi. Anara deyiblər ki, rəis səninlə görüşəcək. Atam foyedə gözləyib, o isə rəisin otağına daxil olub. Valideynim xəstə olduğundan, bir saatdan sonra geri qayıtdı. Bu dəfə bölməyə evin kiçiyi Eldar getdi. Daha bir saat da keçəndən sonra, biz narahat olmağa başladıq. Bölmədən Anarla bağlı konkret heç nə demədilər. Məcbur qalıb bir neçə dəfə 102-yə müraciət etdik. Sonuncu cəhddə 102-dən cavab verildi ki, Anar narkotikə görə həbs olunub. Məlumatı alan kimi, müstəntiqlə əlaqə saxladıq. Müstəntiq Emil Anarla bağlı deyilənləri təsdiqlədi. Bildirdi ki, ekspertiza rəy verib. Ekspertiza belə qənaətə gəlib ki, Anarın üstündən ”çıxan” heroin kustar üsulla ilə hazırlanıb”.
Yaşar deyir ki, qardaşı  rəisin otağına daxil olanda polislər ondan gödəkçəsini asılqandan asmasını tələb ediblər: “Atam da bu hadisənin şahidi olub. Sonra onun cibinə narkotik qoyaraq, şərləyiblər”.

Cavabsız suallar bizə ünvanlandı…

Anar Bayramlı 1980-ci il təvəllüdlüdür. 5 ildir ki, Iran televiziyasında çalışır. O, “Səhər” peyk telekanalı da daxil olmaqla, müxtəlif tele-radio qurumlarına reportajlar hazırlayırdı.
Naxçıvanski adına hərbi liseyi bitirən Anar bir il də Ali Hərbi Akademiyada təhsil alıb. Təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. Əsgərlikdən qayıtdıqdan sonra jurnalist fəaliyyəti ilə məşğul olmağa başlayıb. Anar bir neçə dəfə Məşhədi də ziyarət edib.
Yaşar deyir ki, qardaşı polisə heç bir müqavimət göstərmədən bölməyə gedib: “Əgər cibində həqiqətən heroin vardısa və o bölməyə gedəcəyini bilirdisə, niyə qanunsuz maddəni özündə saxlayırdı? Axı, bu heç bir məntiqə sığmır? Həm də heroini portmanatda saxlamaq çox gülüncdür. Nədən, polislər elə evə gələndə onun üstündən heroini götürməyiblər, bölmədə gödəkcəsini çıxardandan sonra tapıblar?! Yaxşı olardı ki, bu suallar cavabını tapardı”.
Cibindən heroinin “çıxarıldığını” görən Anar Bayramlı izahatında qanunsuz maddənin ona məxsus olmadığını və istifadə etmədiyini qeyd edib: “Kimlərsə bu məsələdə maraqlıdır. Qardaşımın belə bir iş tutması, narkotik aludəçisi olması şərdən başqa bir şey deyil. Bu, böhtandır, yalandan insanları şərləyib dama basırlar”.
“Ailəmizdə atamdan başqa hamı namaz qılır. Içki bizə yad olan bir şeydir. Siqareti təkcə mən çəkirəm. Belə bir şey ola-ola Anar heroindən necə istifadə edə bilər?”, – deyir Yaşar Bayramlı.

“Dövlətin marağından kənar addım atmamışıq”

Qardaşının həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirən Yaşar deyir ki, Anar həmişə aktiv olub: “Digər jurnalistlər necə, o da elə fəaliyyət göstərirdi. Onun qanundan kənar heç bir əməli olmayıb”.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mətbuata açıqlamasında bildirib ki, Iran televiziyasının müxbiri kimi təqdim olunan Anar Bayramlı adda Azərbaycanda rəsmi akkreditasiyadan keçmiş curnalist yoxdur. O, Iran televiziyasının Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş nümayəndəsinin adının bəlli olduğunu söyləyib: “Onunla bağlı Xarici Işlər Nazirliyi və digər müvafiq qurumlarda qeydlər var. Amma mətbuatda adı Iran televiziyasının müxbiri kimi çəkilən adda əməkdaş yoxdur”.
Yaşar bu məsələyə də münasibət bildirdi. Onun sözlərinə görə, Əli Həsənov yaxın keçmişdə Gəncədə tədbirdə olarkən, “Səhər” telekanalının əməkdaşı kimi, Anar Bayramlı da orada iştirak edib: “Bundan əlavə, Anar dövlət tədbirlərində də iştirak edirdi. Məlum məsələdir ki, dövlət tədbirlərində jurnalistlər akkreditasiyadan keçirlər. Necə olur ki, qardaşım bu tədbirlərdə iştirak edib, sujetlər hazırlayıb?”.
“Bir neçə ay bundan əvvəl bizim hökumətin nümayəndələri iranlı həmkarları ilə görüşəndə iki övlət arasında hər şeyin normal olduğunu söylədilər. Bir ara hər şey normal getdi. Son günlər nədənsə bəzi məsələlər qızışıb”, – deyə Yaşar bildirir.
Anarla görüşə bilməyən ailə üzvləri ancaq ona yemək aparırlar: “Qardaşımın vəkili Anar Qasımovdur. Hüquqlarını o qoruyacaq. Hələ ki, qardaşım haqda heç bir məlumatımız yoxdur”.
“Bizim ailə Azərbaycan dövlətçiliyi naminə heç vaxt heç bir artıq hərəkət etməyib. Nə Iran, nə də Rusiya vətəndaşıyıq. Azərbaycanın yıxılmasının, məhv olmasının yox, inkişafını arzulamışıq. Bircə dəfə də olsun dövlətin marağından kənar addım atmamışıq”.

***

Yaşarla söhbətimizi elə buradaca yekunlaşdırırıq. Istər söhbətimiz boyu, istərsə də sağollaşarkən Anarın həbs edilməsinin səbəbini onun jurnalist fəaliyyətində gördüyünü diqqətə çatdırır. O, siqaret çəkməyən və içki içməyən qardaşının heroinlə tutulmasını isə heç cür qəbul edə bilmir. Özünün də dediyi kimi, bu şeylər Bayramlı ailəsinə ziddir. Amma bu ölkədə namaz qılan bir adamın narkotiklə həbs edilməsindən sadə bir şey yox imiş. Anar Bayramlı nümunəsi buna sübutdur…

Ramin DEKO