Əli Həsənov partiyaya yer ayrılacağını dedi, Gülağa Aslanlı isə onu böhtan atmaqda ittiham etdi
Bu il martın 3-4-də keçirilməsi planlaşdırılan Müsavat Partiyasının qurultayı qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb hökumətin partiyaya qurultay keçirmək üçün yer verməməsidir. Partiyadakı mənbədən musavat.com-a verilən məlumata görə, yer müəyyənləşdirildikdən və rəsmi icazə verildikdən sonra qurultayın dəqiq vaxtı barədə ictimaiyyətə bilgi veriləcək.
“Müsavat Partiyasına qurultay keçirilməsi üçün yer ayrılmaması barədə mətbuatda yazılanlar bu partiya tərəfindən təşkil olunmuş piar kampaniyasıdır” – bu sözlərin müəllifi Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovdur. Onun sözlərinə görə, Müsavat Partiyası da daxil olmaqla, Azərbaycanda dövlət qeydiyyatından keçmiş partiyaların əksəriyyətinin qurultay, toplantı, Nizamnamə fəaliyyətinə uyğun olan digər tədbirlərinin keçirilməsi üçün müvafiq yerlər indiyədək ayrılıb, bundan sonra da ayrılacaq: “Bakı Şəhər Icra Hakimiyyəti Müsavat Partiyasına da qurultay keçirmək üçün müvafiq yer ayıracaq. Amma bu yer onların istədiyi, yoxsa Bakı Şəhər Icra Hakimiyyətinin təklif etdiyi vahid yer olacaq, buna hər halda şəhər rəhbərliyi qərar verəcək”.
Müsavat partiyasının başqanının müavini Gülağa Aslanlı “Azadlıq”a açıqlamasında Əli Həsənovun çıxışının yanlış olduğunu söylədi: “Əli Həsənov siyasi şöbənin müdiridir. Onun birbaşa vəzifəsidir ki, siyasi partiyalar haqqında qanuna əməl eləsin. Biz Bakı Şəhər Icra hakimiyyətinə müraciət etmişik, ancaq məlum səbəblərdən yox deyilib. Zəhmət çəkib bizə 800-1000 nəfərlik yer versinlər, ondan sonra danışsınlar. Müsavat partiyası artıq işçi qrupu yaradıb. Qurultay keçirmək üçün yer axtarışlarına davam edirik”.
Ramin DEKO