Hüquq-mühafizə orqanları hər gün bir neçə dindarı «ovlayır»
Ölkədə dindarların həbsi davam edir. Dünən əldə etdiyimiz məlumata görə, Badamdar qəsəbəsində bir neçə dindar MTN tərəfindən həbs olunub. Hələlik onlardan bir xəbər yoxdur. Dindarların hara aparıldığı bəlli deyil. Bu arada bəlli olub ki, cümə günü həbs olunmuş Iran televiziyasının Azərbaycandakı müxbiri Anar Bayramlının barəsində həbs qətimkan tədbiri seçilib. Jurnalistin qardaşı Eldar Bayramlı bildirib ki, əvvəlcə polisdə onların qohumlarına Anarın üzərindən 0,0387 qr. heroin tapıldığını bildiriblər. Sonra bu rəqəm 10 dəfə artırılaraq 0,387 qrama çatıb.
Iran KIV-nin məlumatına görə, A.Bayramlı “Fars nyus” agentliyinin xüsusi müxbiridir.
“Media forum” saytı “Azadxeber.az”, “Islamazeri.az” portalları və “Yeni Musavat” qəzetlərinə istinadla həbs olunan dindarların siyahısını təqdim edib.
1. Mehdi Məmmədov. “Milli-Mənəvi Dəyərlər” Ictimai Birliyinin sədri. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham edilir.
2. Elburus Ibadov. Bakının “Papanin” adı ilə tanınan məhəlləsinin sakini. Fevralın 16-da saxlanılıb. Fevralın 20-də Bakı Istintaq Təcridxanasına köçürülüb. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılıb.
3. Ilqar Əyyubov. Cəlilabad rayon ruhanisi. Ötən həftə cümə namazından sonra Cəlilabad polisi və Milli Təhlükəsizlik Nazirliyi Cəlilabad şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılıb. Hələ də polisdə saxlandığı deyilir.
4. Hacı Ilham Əliyev. Bakının Binə qəsəbəsində yaşayan ruhani.
5. Zöhrab Quliyev. Sumqayıt şəhər sakini. 30 yaşı var. Onun üzərindən “Naqan” tipli tapança və 7 ədəd güllə aşkar edilərək götürülüb.
6. Asəf Əliyev. Gəncə ruhanisi. Onu Dövlət Yol Polisinin əməkdaşları saxlayıb. Gəncədəki Nizami Rayon Polis Şöbəsinə aparılıb. Ruhani xuliqanlıqda ittiham olunur.
7. Ilham Ələkbərov. Azərbaycan Islam Partiyası üzvünun qardaşıdır.
8. Seymur Zeynalov. Yasamal rayonunda yaşayan dindar. Üzərindən 6 ədəd patronu olan 7,65 mm kalibrli tapança aşkarlandığı deyilir.
9. Hacı Əliyev. Onu Səbail Rayon Polis Idarəsinin 9-cu bölməsinin əməkdaşları saxlayıb. Üzərindən 3 ədəd patronu olan “Makarov” tipli tapança götürüldüyü deyilir.
10. Niyazi Kərimov. Azərbaycan Islam Partiyası Baş Məclisinin üzvü, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun qardaşıdır.
11. Anar Bayramlı. “Fars” xəbər agentliyinin Azərbaycan Respublikasındakı müxbiri. Iranın “Səhər” telekanalı ilə də əməkdaşlıq etdiyi deyilir.
13. Ramil Dadaşov. Iranın “Səhər” telekanalının Azərbaycandakı nümayəndəliyinin sürücüsü. Sumqayıtda saxlanılıb. Həbsin səbəbi bilinmir. Həbs olunan dindarların sayının daha çox olduğu deyilir.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov “Media forum” saytına deyib ki, son günlər qəsəbədə 9 nəfər həbs olunub. O, həmin şəxslərin siyahısını təqdim edib, tutulanların harada saxlandığını və nədə ittiham olunduğunu bilmədiyini söyləyib.
1. Rəsulov Taleh Əliyusif oğlu. 1977-ci ildə doğulub. Ailəlidir, iki övladı var.
2. Ələkbərov Həmidağa Tofiq oğlu. 1975-ci ildə doğulub. Ailəlidir, beş övladı var. 2011-ci ilin sonlarında həbs olunan Kərbəlayi Imranın kiçik qardaşıdır. Hər iki qardaş Qarabağ müharibəsi veteranıdır.
3. Qasımov Rahim Museyib oğlu. 1971-ci ildə doğulub. Ailəlidir, iki övladı var.
4. Tağıyev Elman Ramiz oğlu. 1978-ci ildə doğulub. Ailəlidir, iki övladı var.
5. Zəkiyev Məhəmmədtağı Əlikram oğlu. 1963-cü ildə doğulub. Ailəlidir, dörd övladı var. Bu yaxınlarda Iranda ürəyindən əməliyyat olunub.
6. Zəkiyev Əbülfəz Əlikram oğlu. 1971-ci ildə doğulub. Ailəlidir, üç övladı var.
7. Əli. Natiq Kərimov soyadını bilmədiyi Əli adlı qəsəbə sakininin hazırda axtarışda olan, Iranda gizlənən, terror hazırlamaqda ittiham edilən Balaqardaş Dadaşovun bacısı oğlu olduğunu deyib.
8. Kərimov Niyazi Əlövsət oğlu. 1961-ci ildə doğulub. Ailəlidir, iki övladı var. Qarabağ müharibəsinin iştirakçısıdır. Natiq Kərimov deyib ki, Niyazi Kərimov müharibədə başından aldığı xəsarətə görə Maştağa qəsəbəsindəki ruhi-əsəb dispanserində müalicə olunurmuş. Onu dispanserdən tutub aparıblar.
9. Bünyadov Əbülfəz Heybət oğlu. Ailəlidir, bir azyaşlı əlil övladı var. “Islam həqiqətləri” qəzetinin baş redaktorudur. Qəsəbədə aptekdə həbs olunub. Natiq Kərimov bildirib ki, Əbülfəz Bünyadov həm də aptekdə çalışırmış.
Son günlər tutulan daha bir nəfərin nədə ittiham olunduğu bilinib. Nardaran qəsəbə sakini Əbülfəz Zəkiyev Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiham olunur. Məlumatı “Media forum” saytına dövlətin ayırdığı vəkil Rafət Qurbanov verib.
Vəkilin sözlərinə görə, Əbülfəz Zəkiyev Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır.
Əbülfəz Zəkiyev Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun xalası oğludur. Onun böyük qardaşı Məhəmmədtağı Zəkiyev də həbs olunub. Lakin onun harada saxlandığı bilinmir.