Gözəl Bayramlı
Bugünlərdə Milli Məclisin Insan Hüquqları Komitəsinin sədri, deputat Rəbiyyət Aslanovanın siyasi məhbuslarla bağlı fikirlərinə rast gəldim və bəzi düşüncələrimi bölüşməyi lazım bildim. Rəbiyyət xanım deyir: “Mən şəxsən düşünürəm ki, ”Eurovision”un Azərbaycanda keçirilməsindən sui-istifadə edilərək, bu şəxslərin (siyasi məhbuslardan söhbət gedir – G.B) azad olunmaları tələbi çox yersizdir və belə bir hadisənin baş verməsinin tamamilə əleyhinəyəm…”
Milli Məclisin məhz Insan Hüquqları Komitəsinin sədrinin dilindən bunları eşitmək təəssüf doğurur.
Heç kimə sirr deyil ki, 2 aprel 2011-ci ildə Ictimai Palatanın keçirdiyi mitinqdən narahatlıq keçirən hakimiyyət cəmiyyətdə xof yaratmaq, sürətlə artan narazılığın qarşısını almaq, bu mitinqlərin davamlı və kütləvi xarakter almasını əngəlləmək, hakimiyyətin ömrünü uzatmaq məqsədilə xeyli müxalifət fəalını həbs etdi. Məhkəmələrin gedişində ittihamların tamamilə qondarma və bu həbslərin siyasi xarakterli olduğu sübuta yetirildi. Mübarizə dostlarımız bu məhkəmələrdə hakimiyyətin “2 aprel şousu”nu tamamilə ifşa etdilər. Ancaq bütün bunlara baxmayaraq, məhkəmələr hakimiyyətin siyasi sifarişini həyata keçirdilər.
Bütün dünya 2 aprel mitinqinə görə həbsdə saxlanılanları “vicdan məhbusu” kimi tanıyıb və bu, o deməkdir ki, onlar öz fikirlərini ifadə etdikləri, sərbəst toplaşmaq hüquqlarından istifadə etdikləri üçün həbs olunublar, ona görə də dərhal azadlığa buraxılmalıdırlar.
Zənnimcə, Milli Məclisin Insan Hüquqları Komitəsinin sədri olaraq Rəbiyyət Aslanova da bunu bilməmiş deyil. Ancaq nədənsə, hörmətli Rəbiyyət xanım bütün dünyanın tanıdığı bu 16 nəfər vicdan məhbusunu və digər siyasi məhbuslarımızı görməzdən gəlir. O, Azərbaycanda siyasi məhbusların olması fikrilə birmənalı razılaşmadığını bildirir. Eyni zamanda, həmin insanları qanunazidd (!) addım atmaqda ittiham edərək, əfv olunmaları üçün dövlət başçısına müraciət etməyi vacib hesab edir. Hansı qanunazidd addımlardan söhbət getdiyini isə açıqlamır. Çox güman ki, “qanunazidd” deyərkən Rəbiyyət xanım həmin adamların mitinqdə iştirakını, “Azadlıq!”, “Istefa!”, “Azad seçki!” şüarları səsləndirmələrini nəzərdə tutur. Axı bu ölkədə hakimiyyətin əleyhinə danışmaq, mitinq keçirmək, Əliyevlər ailəsindən və onların ətrafından yazmaq, onları tənqid etmək, həqiqətləri dilə gətirmək olmaz. Çünki bu ailə və onun ətrafı toxunulmazdır. Bir vaxtlar Ben Əli, Hüsnü Mübarək, Qəzzafi, indi də Bəşər Əsəd ailəsi kimi…
Rəbiyyət Aslanova “Eurovision”dan sui-istifadə cəhdlərindən danışır.
Rəbiyyət xanım, “Eurovision”dan sui-istifadəni edən sizin də təmsil olunduğunuz hakimiyyət deyilmi? Insanların mülkiyyətini əlindən alan, vətəndaşların evlərini başına uçuran, yarışmanı bəhanə gətirərək, gərəksiz layihələr adı altında milyonlarla vəsaiti mənimsəyən, “Eurovision” adına idarə və müəssisələrdən, iş adamlarından rüşvət toplayan yoxsa müxalifətçilərdir?
Bizim və bütün tərəqqipərvər bəşəriyyətin düşüncəsinə görə, “Eurovision” keçirilən ölkədə siyasi məhbuslar olmamalıdır. Biz siyasi məhbuslarsız Azərbaycan istəyirik. Suçmu bu? Sizdən də istədiyimiz budur ki, səhvinizi düzəldəsiniz, bu günahsız insanları həbsdən azad edəsiniz, insanları siyasi baxışlarına görə həbsdə saxlamayasınız! Müxalifətə, azad fikirli insanlara qarşı repressiyaları dayandırasınız!
“Eurovision” azad mahnı yarışmasıdır. Bu yarışmanın ölkəmizdə keçirilməsini biz də uğur hesab edirik, bu şansı dəyərləndirərək, Azərbaycanın dünyaya müsbət mənada təqdim olunmasını istəyirik. Siz nə istəyirsiniz?!..
Axı, bu insanlar bu ölkənin bu günü, sabahı üçün sizin, hətta təsəvvür edə bilmədiyiniz işləri görüb, fədakarlıq nümunəsi ortaya qoyublar. Onlar Azərbaycanın müstəqillik qazanmasında, torpaqlarımızın müdafiə olunmasında əvəzsiz xidmətlər göstəriblər. Vicdan məhbusları olan gənclərimizə baxın. Onların suçu nədir? Azərbaycanı öz varlıqları qədər sevməsimi?
Rəbiyyət xanım, indi biz nə edək, bu gənclər bir milyon manata ayı əti yeyən nazir oğlundan, məmurların fərari övladlarından daha və çoxmu günahkardır? Axı onlar bu ölkənin gələcəyidir, onlar tək sizlərin və övladlarınızın yox, hamının yaxşı yaşamasını istəyirlər. Yoxsa budamı bir suçdur?
Bizim mübarizə dostlarımızı, Azərbaycanın şərəfli kişilərini məhkum hesab etmək çox böyük ədalətsizlikdir, Rəbiyyət xanım. Ətrafınıza diqqətlə baxsanız, məhkum adına layiq, çoxdan məhbəsdə olmalı olan nə qədər rüşvətxor, oğru, korrupsioner əqidə yoldaşlarınızı, dövlət məmurlarınızı, nazirlərinizi və eyni dəyərləri paylaşdığınız neçə-neçə dostlarınızı görə bilərsiniz…
P.S. Bu yazıya ötən il dekabrın 17-də siyasi məhbusların övladlarının bir arada olduqları tədbirdən bir fotoşəkil əlavə edirəm.