Cümə günü həbs olunmuş İran televiziyasının Azərbaycandakı müxbiri Anar Bayramlının barəsində həbs qətimkan tədbiri seçilib. Jurnalist təcridxanadan Kürdəxanı qəsəbəsinə aparılıb. Bu barədə “Turan”a onun vəkili Anar Qasımlı məlumat verib. Hələlik vəkil nə müstəntiqlə, nə də müttəhimlə görüşə bilməyib. Odur ki, irəli sürülən ittihamlarla bağlı rəsmi məlumatı yoxdur. Lakin güman edir ki, A.Bayramlı 2 ay müddətinə həbs olunub.
Binəqədi rayon polisindən isə bildirilib ki, A.Bayramlının üzərindən 0,387 qram heroin aşkar edilib və o, saxlanarkən polisə müqavimət göstərib. Jurnalistin qardaşı Eldar Bayramlı bu fikirləri təkzib edib. Onun sözlərinə görə, jurnalist evdə namaz qıldığı vaxt aparılıb və heç bir müqavimət göstərməyib. Əksinə, həbs üçün sanksiyanın olmamasına baxmayaraq, o, polisə tabe olub və onlarla bilikdə bölməyə gedib.
Bundan əlavə, E.Bayramlı bildirib ki, əvvəlcə polisdə onların qohumlarına Anarın üzərindən 0,0387 qr. heroin tapıldığını bildiriblər. Sonra bu rəqəm 10 dəfə artırılaraq 0,387 qrama çatıb.
Qeyd edək ki, İran KİV-nin məlumatına görə, A.Bayramlı “Fars news” agentliyinin xüsusi müxbiridir (“Turan”).
İran TV-nin müxbirinə 2 ay həbs verdilər
•
•