Rusiyanın Liberal-Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski ərəb dövlətləri liderlinin ona verdiyi bütün hədiyyələri satmağı qərara alıb.
Lent.az-ın məlumatına görə, bu barədə Jirinovskinin özü “Life News”a açıqlama verib.
İraqın edam edilmiş sabiq prezidenti Səddam Hüseyn rusiyalı siyasətçiyə təmiz qızıldan it fiquru, Liviyanın qətlə yetirilmiş lideri Müəmmar Qəzzafi isə leopard dərisindən unikal taxt verib. Jirinovski isə bu hədiyyələri hərraca çıxaracağını söyləyib: “Milyon dollar verən buyursun. Saat, yapıncı – hər şey var. Hələlik bunların hamısı bizim muzeydədir. Satışdan əldə edəcəyimiz vəsaitlə kasıblara kömək edəcəyik. Yəqin ki, kütləvi şəkildə. Milyarder Mixail Proxorov yalnız vəd verir. Biz isə hər ay yoxsullara milyonlarla rubl göndəririk. Amma heç kim bu barədə məlumat vermir”.
LDPR sədri bildirib ki, Suriya prezidenti Bəşər Əsəddən hədiyyə almayıb. Amma hələ hər şey irəlidədir: “Əsəd mənə hələ heç nə verməyib. Çünki gəncdir. Onlar məni qısqanırdılar, İraqı sevmirdilər. Çünki İraq kimi regional güc mərkəzi olmağa iddia edirdilər. Hər halda mən Səddam Hüseynlə görüşə gedirdim”.