Əsədə qarşı “Şəhidlik briqadası” elan olundu

Türkiyənin paytaxtı Ankarada Suriyada davam edən zorakılığa qarşı növbəti etiraz aksiyası keçirilib. Suriya səfirliyi qarşısında baş tutan aksiya Dünya Gəncləri Dostluq və Həmrəylik Dərnəyi, İraq-Türkmən Cəbhəsi, Azərbaycan Mədəniyyət Dərnəyi və Suriya-Türkmən Cəbhəsinin bir qrup üzvlərinin iştirakı ilə keçirilib. Aksiyada etirazçılar Bəşər Əsədə qarşı “Türkiyə tək səs ol, Əsəd Suriyadan rədd ol”, “Qatil Əsəd”, “Axan qan canımız, vətən bizim canımız” şuarları səsləndiriblər.

Sonda aksiyada türk və ərəbcə mətbuat bəyannaməsi səslədirilib.

Suriya hərbi qüvvələrindən yayınaraq özlərinin Azad Suriya Ordusunu quran əsgərlər isə Əsəd rejiminə qarşı yeni birqada təşkil etdiyini açıqlayıb. Bununla əlaqədər olaraq sosial şəbəkələrdə briqada başçılarının maskalı şəkilləri yerləşdirilib.

“Biz, Dəməşq uşaqları, elan edirik ki, Əsəd qüvvələri bizi şəhidlik briqadası yaratmağa məcbur edib. Ordumuz ölkəmizi dağıtmağa çalışan və uşaqları öldürən əclaflara qarşı vuruşur. Biz rüşvətxorluğun baş alıb getdiyi ölkədə onun rəhbərlərinə qarşı mübarizə aparırıq. Döyüşlərdə əsas hədəflərimiz baş idarəçilərdir” – deyə bəyannamədə bildirilir.