Xatırlayacaqsınız, aylardan ötən ay idi. Ictimai Palatanın Koordinasiya Şurasına seçkilər keçirildi, görənlərin anlatdığı qədər adil və azad bir seçki olmuşdu. Demokratiya şöləninə çevrilmişdi.
Amma seçkidən sonra bir baxdıq, nə? Ictimai Palatanın bu diqqətə layiq demokratik seçki örnəyi üzərindən hakimiyyətə gözdağı vermək yerinə… Bundan müxalifətin xeyrinə bir təbliğat vasitəsi kimi istifadə etmək yerinə… Bunu cəmiyyətə və dünyaya Azərbaycan iqtidarı ilə müxalifəti arasındakı zehniyyət fərqinin bir işartısı kimi təqdim etmək yerinə cəbhəçilərlə müsavatçılar arasında yeni bir “Isa Qəmbər-Əli Kərimli” polemikası başladıldı, liderlərin aldıqları səslər üzərindən ənənəvi “kimin sədri daha güclüdür?” dartışmasına start verildi.
Mənzərə üzücü idi. Içacıdıcı idi. Ürəklərdəki qarşılıqlı kin, nifrət duyğusu növbəti dəfə ümumi maraqların önünə keçmişdi.
Və o an mən təsəvvürümdə sadəcə, geniş, komfortlu kabinetlərində kreslolarına yayılmış rejim ideoloqlarının məmnun üzlərini, sevincli baxışlarını canlandırmağa çalışırdım. Onların bu qovğaya baxıb əllərini əllərinə sürtdüklərini, gözlərindən güldüklərini asanca görə bilirdim mən. Bir də “yenə bacardıq, yenə!” deyə, dodaq altından mızıldandıqlarını…
Aradan cəmi-cümlətanı bir ay keçdi. Bu dəfə “Azadlıq” radiosunun internet səhifəsində “2013-cü ildə kim Ilham Əliyevin əsas rəqibi ola bilər?” sorğusunun nəticələri açıqlandı. Əli Kərimli 3 minədək sorğu iştirakçısının 40 faizinin, Isa Qəmbər də 30 faizinin səsini aldı. Buradan çıxarılacaq bir nəticə vardı: ictimai rəydə rejim namizədinə tək rəqibin Ictimai Palatanın namizədinin olacağı fikri hakimdir. Əli Kərimli ilə Isa Qəmbərin sorğudan üst-üstə 70 faiz səslə qalib çıxması həm də Ictimai Palatanın bu rejimə qarşı ən real, ən güclü rəqib kimi qəbul edilməsinə dair cəmiyyətdə ortaq bir qənaətin mövcudluğuna işarədir.
Amma bu dəfə də hörmətli müsavatçılarla hörmətli cəbhəçilər vurğunu bunun üzərinə qoymaq, bundan bir siyasi təbliğat vasitəsi kimi istifadə etmək yerinə yeni bir “Isa Qəmbər-Əli Kərimli” polemikasına start verdilər, liderlərin aldıqları səslər üzərindən ənənəvi “kimin sədri daha güclüdür?” dartışmasına başladılar. Hətta emosiyalar o qədər qızışdı, firqə ehtirasları o qədər alovlandı ki, “Azadlıq” radiosuna belə, hücumlardan çəkinmədilər. Belə bir sorğunun keçirilməsinin hakimiyyətdən sifariş edildiyini ortaya atdılar. Nəymiş? Hakimiyyət bununla iki partiya, iki lider arasına nifaq toxumları əkmək istəyirmiş. “Azadlıq” radiosu haqqında belə bir düşüncə içərisində olmağın hansı ədalət və vicdan duyğusu ilə örtüşdüyünü bir kənara qoyuram. Lap deyək ki, haqlısınız, doğrudan da belədir, bu sorğu həqiqətən də düşünülmüş bir hakimiyyət layihəsidir. Bir oyundur. Bəs siz niyə bu oyuna gəlirsiniz? Bundan ortaq gücünüzün isbatı kimi istifadə etmək yerinə, bundan ümumi maraqlar naminə bəhrələnmək, faydalanmaq yerinə, bunu bir düşmənçiliyin, yeni bir qovğanın, yeni bir qarşıdurmanın başlanğıcına çevirirsiniz?
Hörmətli müsavatçı dostlar!
Hörmətçi cəbhəçi dostlar!
Sizi keçmişdə bir-birinizə küsdürəcək, qızdıracaq çox şeylər olmuş ola bilər. Amma xəyallarımızdakı Azərbaycan naminə bunu bir kənara qoymağın, unutmağın, münasibətlərdə yeni səhifə açmağın zamanı çoxdan gəlmişdir.
Unutmayın ki, sizin bir-birinizə hər tikanlı sözünüz, hər öfkəli baxışınız sadəcə, bu talançı, quldur rejimin işinə yarayır, aranızdakı hər kiçik qovğa bu əxlaqsız, oğru sistemin içini rahatladır. Onun əlini gücləndirir.
Siz siz olun, artıq buna bir son verin. Bütün qəzəbinizi, hirsinizi, öfkənizi, gücünüzü, enerjinizi rejimə yönəldin, rejimlə mübarizəyə yönəldin. Hər kəsin sizdən gözləntisi budur. Artıq bu məsuliyyəti dərk və qəbul etməyin zamanı gəlmiş, hətta keçməkdədir.
Siz ətlə dırnaq olun ki, aranıza girən iylənərək çıxsın. Sonrası zatən gözəl olacaq.

Hörmətli müsavatçı bəylər, hörmətli cəbhəçi bəylər!
•
•