Birlikdə qəzet oxuyaq…

Gənclərin aksiyası uğurlu alındı

Son vaxtlar qəzet köşklərində və səyyar satışda “Azadlıq” qəzetinin satılmaması üçün Şəhər (rayon) Icra Hakimiyyətləri səviyyəsində qadağalar qoyulur. Bunun başlıca məqsədi vətəndaşları informasiya əldə etməkdən yayındırmaq, gerçəklikləri olduğu şəkildə cəmiyyətə çatdıran qəzetləri və digər informasiya vasitələrini müflisləşdirib sıradan çıxarmaqdır. Bununla vətəndaşların informasiya əldə etmək hüququ pozulur və söz, mətbuat azadlıqları bir qədər də məhdudlaşdırılır.
AXCP Gənclər Komitəsi buna qarşılıq verərək həm virtual aksiyalara, həm də müxtəlif fləşmoblara start verib. Belə ki, bloqlarda “Azadlıq” qəzetinə dəstək yazıları yazmaq, facebook və twitter kimi sosial şəbəkələrdə qəzetə abunə yazılmaq və qəzet almayan vətəndaşları almağa sövq edən yazılar yazmaq və məlumatlar paylaşmaq barədə virtual aksiya keçirilir.
Qeyd edək ki, gənclərin facebook şəbəkəsində yaratdığı “Azadlıq”a dəstək aksiyası tədbirinə artıq ilk gündən reaksiyalar gəlib. Bir neçə nəfər “Azadlıq” qəzetinə necə abunə olmaq barədə gənclərə müraciət edib.


Həmçinin fevralın 17-si AXCP Suraxanı rayon şöbəsi Gənclər Komitəsi qəzet oxuma fləşmobu keçiriblər. Metronun “Ulduz” stansiyasından “Sahil” stansiyasına qədər, daha sonra isə Sahil bağında birlikdə qəzet oxuyaraq insanların diqqətini cəlb ediblər. Onlar oxuduqları qəzetləri ətrafdakı insanlara paylayıblar. Ətrafdakılar bu aksiyanı müsbət qarşılayıb. Rayon şöbəsinin Gənclər Komitəsinin sədri Ehtiram Mehdiyev keçirdikləri flaşmobun cəmiyyətdə qəzet oxuyan insanların sayını artırmağa kömək edəcəyini düşünür: “Biz, gənc Suraxanı cəbhəçiləri, daha əvvəl bir dəfə də qəzet oxuma flaşmobu keçirmişik. Bu cür tədbirlər cəmiyyətdə qəzet oxuyanların sayının artması, informasiya əldə etmək istəyənlərin qəzetə üstünlük verməsi baxımından xüsusilə əhəmiyyətlidir. Biz xüsusən də gənclərin qəzetə meylli olmasını istəyirik”.


AXCP Gənclər Komitəsinin koordinatoru Dadaş Sadiqli bu cür tədbirlərin davamlı olacağını deyir: “Düşünürəm ki, ”Azadlıq” qəzetinə qarşı olan təyziqlər ifşa olunaraq qüvvəsini itirdiyindən artıq satışına maneələr yaradılır. Buna Gənclər Komitəsi olaraq biganə qalmadıq, bir sıra tədbirlərə start verdik. Istər virtual, istərsə də real məkanda bu cür tədbirlər davam edəcək və istəyimizə nail olacağıq”.


Islam Şıxəli