Bəlkə də Azərbaycan hökuməti ölkəmizin “Avroviziya”? yarışmasında birinci olduğu günə lənət oxuyur. Qara daş yağaydı o günə, Eldarla Nigarın səsi bataydı, “Yaşıl eynək”də Afaq xanımın qəhrəmanı demişkən, dərin-dərin quyulardan gələydi! Prezident və xanımının qaliblərlə görüşdə mısmırıq sallamalarını xatırlayanda deyəsən, elə düz alınır, yəqin elə onda dalaqları sancıbmış, qara günlərini qablayıbmışlar ki, o cür məyus sifət alıbmışlar.
Bəlkə də heç, onlara qarğış eləmirlər, düşünürlər ki, bu, Avropanın öz məqsədlərini, yəni Azərbaycanda demokratiya ilə bağlı nəyəsə nail olmaq, bu ölkədə avtoritar rejimin mövcudluğuna dünyanın diqqətini cəlb eləmək üçün qurduqları məkrli planın tərkib hissəsiymiş. Lənətə gəlsin bu Avropanı da, onun dəyərlərini də – azadlıq, bərabərlik, qardaşlığı. Bu lənətdən sonra düşünmək olar ki, onda bunlar sırf milli dəyərlərə bağlıdırlar. Iş ondadı ki, belə də deyil. Bəs onda, bunların tapındığı bir dəyər varmı? Yoxsa anarxistdirlər, xəbərimiz yox? O dəyər varlanmaq ehtirası olmasın? Ancaq varlanmaq ehtirasının dəyər olub-olmadığına şəxsən mən, bir elə əmin deyiləm. Ancaq hansı məntiqlə yanaşırsan yanaş, başqa heç bir nəticə çıxmır. Anarxist deyillər, milli zəminə bağlı deyillər, Avropa dəyərlərinə hörmətləri yoxdu, yerdə qalan təkcə dediyimiz ehtirasdı ki, bəlkə elə təkcə ona görə bütün bu tənə və töhmətlərə dözməyə dəyər.
Finlandiya və Danimarkadan sonra Islandiya üçüncü ölkə idi ki, Azərbaycanda keçiriləcək yarışmanın boykot edilməsinə çağırır. Islandiyanın tanınmış müğənnisi və “Avroviziya” musiqi yarışmasının məşhur təbliğatçısı Pall Oskar hətta qətiyyətlə tələb edir ki, Islandiya Azərbaycanda keçiriləcək yarışmanı boykot etsin: “Çünki birinci sırada insan haqları dayanır, sonra isə ”Avroviziya” gəlir”.
Alman KIV-i isə Azərbaycanın avtoritar rejimi və onun başçısına əməllicə müharibə elan eləyib. Almaniyanın “N-TV” kanalının əməkdaşı Hubert Volmerin Azərbaycanla bağlı reportajı yayımlanıb. Adama elə gəlir ki, müəllif bu reportajı ilə, Azərbaycan xalqının əvəzinə Əliyev avtoritarizminin axırına çıxmaq istəyir. Volmer bir məsələyə diqqət çəkir: “Ötən ilin oktyabrında Azərbaycan xarici qonaqlar və yarışma iştirakçılarının söz azadlığı, azad fikir söyləmək hüquqlarının tanınacağına zəmanət verdi. Diqqət yetirin, bu hüquq yalnız xaricilər üçün nəzərdə tutulub”. Təsəvvür eləyin, meydanın bu başında sərbəst şəkildə mavilərin paradı keçirilir, o biri başında isə müxalifətin mitinqi vəhşicəsinə dağıdılır, aksiyaçılar qanına qəltan edilir, həbsə atılırlar. Bundan sonra bu rejim haqda nə düşünmək olar, sizcə?
“Der Spiegel”in Azərbaycanda keçiriləcək “Avroviziya” yarışmasını “Diktatorun karnavalı” kimi təqdim edən yazısında işlənən bir kəlmə isə adama əməlli-başlı xəcalət verir. Ştefan Niqqemayerin qələmə aldığı məqalə bu sözlərlə başlayır: “Fırıldaqçıların qonağı olmaq?”. Fırıldaqçı!.. Görəsən, bir iqtidar bütün Avropada nüfuzlu sayılan bir qəzetin bu kəlməni işlətməsi üçün nə qədər çalışmalıdı! Cavab çox sadədi: Elə bizimkilər qədər. Hər halda bu sözdən sonra vicdan əzabı çəkməmək mümkün deyil. Çəkəcəklərmi?
Avropa Yayım Şurası Azərbaycan diktatura rejimində yarışmanın keçirilməsi ilə bağlı tənqidlərdən isə görün hansı təsəlliylə qurtulmaq istəyir: “”Avroviziya” Franko diktaturası illərində Ispaniyada da keçirilib”. Buyurun, indi də dövlət başçımız Franko ilə müqayisə olundu. Görəsən, o, bu müqayisədən sevinirmi, acıqlanırmı? AYŞ qaş qoyan yerdə vurub gözü də çıxarıb. Bəlkə bu da düşünülmüş açıqlamadı?! Azərbaycanın əslində necə bir dövlət olmasını, şişi də, kababı da yandırmadan dünyaya çatdırmaq!
Bu yarışma istibdad rejimini xeyirə aparmır. Ancaq ondan xeyli xeyir götürəcəklərinə şübhə yoxdur. Qara gündə kara gələr əlbət…

“Avroviziya” oxşaması
•
•