Böyük xeyriyyə işlərində adı keçən nəsil…
Azərbaycan tarixində önəmli işləri ilə yadda qalan, ölkədə memarlığın, maarifçiliyin inkişafında mühüm rol oynayan tanınmış nəsillər olub. Belə nəsillərdən biri də səxavətinə və xeyirxahlığına görə ad çıxarmış, kökləri qədim dövrlərə gedib çıxan Aşurbəyovlardır. Paytaxtın üç böyük məscidindən ikisi – Təzə Pir və Göy Məscid bu nəslin nümayəndələrinin vəsaiti hesabına tikilib. Aşurbəyovların ucaltdıqları möhtəşəm yaşayış binaları, məscidlər, onların iştirakı ilə inşa edilən məktəblər və xəstəxanalar inqilabdan əvvəlki Bakı memarlığının indiyə qədər qızıl fondunu təşkil etməkdədir.
Nəslin kökündə Aşur xan Avşar dayanır. O, Avşar elindəndir. Bu el haqqında məlumatlar VIII əsrə gedib çıxır. Məşhur Nadir şah da bu tayfadandır. O, 1740-cı ildə Azərbaycana gələndə Bakıda və ətraf kəndlərdə özünə arxa yaratmaq üçün əfşar türk tayfalarından bir çoxunu Sabunçu, Zabrat və Keşlə kəndlərində yerləşdirmişdi. Məhz Nadir şahın dövründə Aşur xan Cənubi Azərbaycanın Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı olub. Aşur xanın beş oğlu olub – Hacı Imamverdi bəy, Allahverdi bəy, Abdullah bəy, Danial bəy, Əliyar bəy.
Teymur bəy, Hacı Əjdər bəy, Bəşir bəy, Isa bəy, Nəsrulla bəy, Hacı Mehdiqulu bəy, Əliabbas bəy, Ağası bəy, Mehdixan bəy, Əziz bəy, Hacı Əhmədağa bəy, Isa bəy Aşurbəyovlar da həmin nəslin görkəmli nümayəndələridir. Onların bəziləri qardaş, bəziləri isə əmioğlu, bibioğlu və ya xalaoğlu olublar. 1828-ci ildə Rusiyanın Şimali Azərbaycanı işğal etməsindən sonra ali təbəqəyə mənsubluğun bilinməsi üçün bəylər özlərinə sonu “ov”la bitən “russayağı” soyadı qəbul etməli olurlar. Həmin vaxtdan bəri bu nəslin nümayəndələri cəmiyyətdə Aşurbəyovlar soyadı ilə tanınırlar.
Bu nəslin ən tanınmış nümayəndələrindən biri Nabat xanım Qoça bəy qızı Aşurbəyovadır. O, Hacı Imamverdi bəy Aşurxan oğlunun nəvəsidir. Öz səxavəti və xeyirxahlığı ilə məşhur olan bu əsilzadə xanım varlı Bakı taciri Hacı Musarza Rzayevin həyat yoldaşıdır. Onların Hacı Abbasqulu Rzayev adlı bir oğulları, Əşrəf (Züleyxa) və Gülbəstə adlı qızları olub.
Nabat xanım Bakıda neft mədənlərinə və çox böyük imarətlərə sahib imiş…
Nabat xanımın tikdirdiyi məscid
Bu xeyirxah müsəlman qadını Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin təşəbbüsünə qoşularaq Bakıya su kəmərinin çəkilməsində də bilavasitə iştirak edib.
Nabat xanımın həyatında gördüyü ən böyük iş Bakı şəhərində tikdirdiyi Təzə Pir məscidi olub. Məscidin özülünə birinci daşın qoyulması üçün Nabat xanım öz fəaliyyətinə adi bənna kimi başlayan məşhur xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevi dəvət edir. Doqquz ildən sonra məscidin baş günbəzinə sonuncu daşı da o qoyur. Deyilənlərə görə, Nabat xanım məscidin tavanını qızıldan etmək istəyirmiş. Lakin sonra buna maddi imkan çatmayıb. Bu məscidin tikilməsi barədə müxtəlif fikirlər söylənilir.
Təəssüf ki, Nabat xanım öz məscidin tikilib-başa çatmasına cəmi iki il qalmış vəfat edir. Binanın tikintisi onun oğlu Hacı Abbasqulu Rzayev tərəfindən başa çatdırılır. 1914-cü ildə müsəlman aləminin gözəl memarlıq nümunələrini, ornamentlərini özündə birləşdirən möhtəşəm Təzə Pir məscidi Bakı müsəlmanlarının ixtiyarına verilir.
Nabat xanım Aşurbəyovanın xeyriyyəçilik missiyası bununla bitmir. Nabat xanım həftənin cümə günləri yaşadığı mənzilin qapılarını taybatay açıq qoyarmış. Bu isə ona işarə idi ki, yoxsullar həmin gün bu xanımın açdığı süfrəsində qonaq ola, öz dərdlərini ona danışa, bir sözlə, Nabat xanımın göstərdiyi mərhəmətin sayəsində mütəşəkkil işlərinə əlac tapa bilərdilər.
Təzə Pir qədər möhtəşəm və əzəmətli görünüşə malik digər bir Bakı məscidi Göy məsciddir. Bakılılar onu Göy məscid kimi tanıyır. Ancaq əvvəllər bu Allah evi onun əsasını qoyan Bakı taciri və mesenatı Hacı Əjdər bəy Aşurbəyovun adı ilə “Əjdər bəy məscidi” də adlanırdı. Nabat xanım kimi, bu şəxs də məşhur Aşurbəyovlar nəslinə mənsub idi. Əjdər bəy Aşurbəyovun neft mədənləri var idi. Onun özü isə 10 ildən çox Bakı Şəhər Dumasının üzvü olub. Şahidlərin xatirələrinə əsasən, Əjdər bəyin bircə sözü istənilən vekseldən və ya iltizamdan daha sanballı tutuma malik imiş.
Aşurbəyovlar həm də neft sənayeçisi olublar. Teymur Qara bəy oğlu Aşurbəyov daha çox neft milyonçusu kimi məşhurdur. O, Sabunçuda geniş torpaqlara, təsərrüfat sahələrinə malik idi. Deyilənlərə görə, son dərəcə səxavətli və genişqəlbli bu insan öz qoyun sürülərini kasıb kəndlilər arasında bölüşdürürmüş. O, eyni zamanda mütərəqqi düşüncəli bir insan idi. Elə bunun nəticəsi idi ki, öz övladlarına – Əli bəy və Bala bəyə gözəl təhsil vermişdi.
Teymur bəy Aşurbəyov xeyriyyəçiliyi ilə fərqlənirdi. O, məktəblər tikdirir, məscidləri bərpa etdirir, imkansızlara əl tuturdu. Teymur bəy Aşurbəyov kimi onun oğlanları da öz xeyriyyəçilik əməlləri ilə məşhur idilər. Aşurbəyovların təqaüdü ilə gələcək məşhur ictimai xadimlər Mirəsədulla Mirqasımov, Hənifə Pirverdiyeva və Ruhulla Axundov təhsil alıblar. O zamanlar bu qardaşların iştirakı olmadan heç bir mühüm xeyriyyə tədbiri keçirilmirdi. Məsələn, Buxara əmirinin təşəbbüsü ilə Sankt-Peterburqda məscid inşa edilərkən onun tikintisinə böyük miqdarda vəsait Bakı milyonçularından, o cümlədən Aşurbəyovlar tərəfindən ayrılmışdı. 1910-cu ildə məscid praktiki olaraq hazır olanda Bala bəy öz vəsaiti hesabına məscidin ibadət zalına böyük və dəbdəbəli büllur çilçıraq bağışlamışdı. Bala bəyin xanımı Ismət xanım isə “Müqəddəs Nina” Qadın Xeyriyyə Cəmiyyətinin üzvü idi. Bala bəy Aşurbəyovun Mərdəkanda gül-çiçəyə bələnmiş böyük malikanəsi olub. 1917-ci ildə və ondan sonrakı illərdə baş verən hadisələr Aşurbəyovlardan da yan keçmədi.
Sovet rejimi ilə gələn repressiyalar
Sovetləşmənin ilk günlərində Aşurbəyovlar öz evlərindən və sənaye müəssisələrindən məhrum olurlar. Bundan başqa, yeni hakimiyyət hər iki qardaşı həbs edir. Yalnız Nəriman Nərimanovun köməyilə Bala bəy öz ailəsi ilə 1920-ci ildə Bakıdan Istanbula getməyə müvəffəq olur. Onun ailəsi Istanbulda 5 il yaşayır. Taleyin üzüdönüklüyünə baxmayaraq, atası kimi o da öz övladlarına təhsil verə bilir. Onun qızları Sara xanım, Sitarə, Məryəm fransız kollecində, oğlu Rəşad bəy isə Türkiyənin ən nüfuzlu təhsil müəssisələrindən biri olan Qalatasarayda təhsil almışdı. Yeni iqtisadi siyasət illərində vəziyyətin bir qədər stabilləşməsi Bala bəy Aşurbəyova 1925-ci ildə ailəsi ilə birlikdə vətənə qayıtmağa şərait yaradır. 1935-ci ildə Bala bəy Aşurbəyov həbs olunaraq ölüm cəzasına məhkum edilir. Onun qızları isə Bakıda qalaraq elmin müxtəlif sahələrində müvəffəqiyyət əldə etməklə Azərbaycan cəmiyyətinə böyük fayda verirlər…
Sovet hakimiyyəti qurulduqdan sonra ən amansız repressiyalar Aşurbəyovların üzərinə yönəldilir, ən ikrah doğuran donoslar onların barəsində yazılır. Lakin bunlar da bu qədim əsilzadə nəslin övladlarının mənlik və qürurunu sındıra bilməmişdi. Sovet dövründə var-yoxdan çıxarılan, mal-mülkləri əllərindən alınan Aşurbəyovlar nəsli öz sıralarından xalqımıza gözəl alimlər, müəllimlər, istedadlı və qeyri-adi şəxsiyyətlər və nəcib insanlar bəxş etdi.
Sona Aşurbəyova yazır ki, bu nəsil haqqında daha bir səciyyəvi detal ondan ibarətdir ki, onların heç bir təmsilçisi mühacirətdə dünyasını dəyişməyib: “Hətta 20-ci illərin əvvəllərində Bakını tərk etməyə məcbur qalanlar sonralar bu ayrılığa dözməyərək qayıdıblar. Vətəndə onları təqiblər, məşəqqətlər, repressiya dəhşətləri gözləyirdi. Sovet hakimiyyəti illərində Aşurbəyovlar nəsli nəinki bütün maddi bazalarından, o cümlədən onlarla mülklərindən, evlərindən, torpaq sahələrindən, neft mədənlərindən və müəssisələrindən tamamilə məhrum edilmələrinə, həm də özlərinin ləyaqətli təmsilçilərini itirmələrinə, repressiyaya məruz qalmalarına, Ikinci Dünya müharibəsində həlak olmalarına, Istanbuldan Parisə qədər dünyanın çox yerinə səpələnmələrinə baxmayaraq, onlar yenə də öz fəaliyyətlərini mütərəqqi istiqamətdə davam etdiriblər”.
Məşhur tarixçi Sara xanım Aşurbəyli Bakı neft sənayeçisi ailəsində dünyaya göz açıb. O, bu nəslin ən görkəmli təmsilçilərindən biri olaraq Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin tarixinin ümummilli səviyyədə tədqiqinə gerçəkdən misilsiz töhfəsini verib. Faciəli tale nəsib olmuş Sara xanım orta əsrlər Abşeronunun fundamental araşdırıcısı olaraq bütün dünyada tanınır. Məhz Sara xanım Aşurbəyovanın səyi nəticəsində əsilzadə Aşurbəyovların geniş nəsil şəcərəsini bərpa etmək mümkün olmuşdu.
Öz dövrünün böyük mesenatları sayılan Teymur bəy, Əjdər bəy, Bala bəy, Əhməd bəy, Əli bəy və başqa Aşurbəyovların xeyirxah əməlləri bu gün də xalqın yaddaşındadır. Teymur bəy Aşurbəyovun tikdirdiyi indiki “Günəşli” sanatoriyasının binası, Əjdər bəy Aşurbəyovun tikdirdiyi Əjdərbəy məscidi, Nabat xanım Aşurbəyovanın tikdirdiyi Təzə Pir məscidi Şərq arxitekturasının möhtəşəm simasını bugünkü nəslə çatdırır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir