ABŞ-ın kəşfiyyat təyyarələri Suriya səmasında

İranın hərbi gəmiləri isə Tartus limanına yanaşdı; Dəməşqdə şiddətli qarşıdurmalar davam edir

Suriyada gərginlik davam edir. Paytaxt Dəməşqin Məzzə bölgəsində srağagün qətlə yetirilən 5 müxalif fəalın ötən gün keçirilən dəfn mərasimi Bəşər Əsəd əleyhinə izdihamlı mitinqə çevrilib. Minlərlə insanın qatıldığı aksiya zamanı Bəşər Əsədin istefası, müxaliflərə qarşı silahlı hücumların dayandırılması tələb olunub. Şahidlərin sözlərinə görə, hökumət qüvvələri mitinqi dağıtmaq üçün etirazçılara yenə odlu silahdan atəş açıb. Bəşər Əsədin əmrindəki əsgərlərin açdığı atəş nəticəsində azı 4 nəfər həlak olub.
Ümumi Inqilab Şurasının yaydığı açıqlamada deyilir ki, ötən gün ölkənin müxtəlif şəhərlərində təhlükəsizlik qüvvələri və əsgərlərin müxaliflərə yönəlik əməliyyatları zamanı 7 etirazçı dünyasını dəyişib, onlarla insan yaralanıb. Ölənlərin çoxunun şiddətli hərbi əməliyyatların və qarşıdurmaların davam etdiyi Homs şəhərindən olduğu vurğulanır. Ölkənin cənubundakı Dəraa şəhərinə yaxın Busra əl Həriri bölgəsində hökumət qüvvələri onlarla Bəşər Əsəd əleyhdarını həbs edib.
Bəşər Əsəd rejiminə qarşı etirazlar başlandığı gündən hökumət paytaxt Dəməşqə nəzarəti əlində saxlamağa çalışsa da, üsyançı hərbçilər şəhərin mərkəzi rayonlarına qədər irəliləməyi bacarıblar. Dəməşqin paytaxtında Bəşər Əsədin əmrindəki hərbçilərlə üsyançılar arasında şiddətli döyüşlər davam edir.
Amerikanın “NBC” kanalı isə Suriyadakı müxalifətçilərə və sıravi vətəndaşlara qarşı hərbi əməliyyatları izləmək üçün bu ölkənin hava məkanında ABŞ-a məxsus çoxlu sayda pilotsuz kəşfiyyat təyyarələrinin uçduğunu xəbər verib. ABŞ-ın Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən rəsmisi isə kanala açıqlamasında pilotsuz təyyarələrin Suriyaya hərbi müdaxiləyə hazırlıq kimi dəyərləndirilməsilə bağlı məsələni nə təsdiq, nə də təkzib edib.
Digər tərəfdən, Iranın Hərbi Dəniz Qüvvələrinin eskadra mina gəmisi və onu müşayiət edən hərbi gəmi Süveyş kanalından keçərək Aralıq dənizinə daxil olub. Hərbi gəmilərin bundan sonra Suriyanın Tartus limanına lövbər saldığı barədə xəbər yayılıb.
Suriya diktatoru Bəşər Əsəd isə Dəməşqdə Çinin xarici işlər nazirinin müavini Cay Çunu qəbul edib. Suriya hakimiyyətinə qarşı BMT Təhlükəsizlik Şurasının qətnamə qəbul etməsinə veto qoyan Çinin rəsmisi ölkədə böhranın aradan qaldırılmasının vacib olduğunu Bəşər Əsədin diqqətinə çatdırıb. Cay Çun həm hökumət qüvvələrini, həm də üsyançıları silahı yerə qoymağa çağırıb. Bəşər Əsəd də öz növbəsində Suriyada baş verənlərin ölkəni parçalamağa yönəldiyini söyləyib. O, hökumətin “terrorçulara” qarşı savaşdığını çinli diplomata söyləyib.
Bu arada, ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland bildirib ki, Vaşinqton Rusiyanı suriyalıların dostu hesab etmir və ona görə də Moskva “Suriyanın dostları”nın görüşünə dəvət edilməyəcək: “Siz Suriya xalqının dostu olmalısınız. Konfransa dəvət edilmək üçün sözdə və əməldə Suriya xalqını, BMT Baş Assambleyasının qətnaməsini, Ərəb Ölkələri Liqasının Suriyada nizamlanmaya dair təkliflərini dəstəkləməlisiniz. Çin bu ölkələrin sırasına daxil olmur, Rusiya da həmçinin”.

Informasiya şöbəsi