Qəzzafi sona qədər kimlərdən dəstək gözəyib?

Liviya diktatorunun ən yaxın cangüdəni polkovnikin faciəli sonundan danışıb

Ötən ilin oktyabrında üsyançılar tərəfindən öldürülən Liviya diktatoru Müəmmər Qəzzafinin “dostlarım” olaraq adlandırdığı Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan, İtaliya hökumətinin o zamanki başçısı Silvio Berluskoni və Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerdın son ana qədər onun üçün bir şey etmələrini gözlədiyi ortaya çıxıb. Qəzzafinin ən yaxın mühafizəçilərindən biri Mənsur İdha öldürülmüş diktatorun faciəli sonunu anladıb.

Ərəb dünyasının CNN-i adlandırılan Qətərin “Əl-Cəzirə” televiziyasına danışan Mənsur İdha son aylarda Liviyada hökumət qüvvələrilə ilə üsyançılar arasında gedən qarşıdurmaların Qəzzafinin oğulları Seyfülislam, Mütəəsim və Hamis tərəfindən idarə olunduğunu söyləyib. Qəzzafi rejimini devirən qüvvələrin həbsdə saxladığı Mənsur İdha Misratadakı həbsxanada “Əl-Cəzirə”yə müsahibəsində diktatorun üzündə son anına qədər belə, qorxu əlaməti görmədiyini və bütün israrlara baxmayaraq onun ölkədən qaçmağı düşünmədiyini də deyib.

Xüsusilə də Qəzzafinin son günləri haqda maraqlı açıqlamalar verən onun ən yaxın mühafizəçilərindən biri deyib: “Tripolidən Siirtə gedərkən şəhəri tərk etməmizin gərəkdiyini, buranın ərazisinin çox kiçik olduğunu və asanlıqla mühasirəyə alına biləcəyimizi söylədik. Qaçacaq yeri olmayan kiçik bir otaq kimi idi. Siirtdə qalmaq intihar etmək anlamı daşıyırdı. Ancaq Qəzzafi bizi dinləmədi. İnsanların tərk etdiyi evlərdə yemək axtarırdıq. Bir neçə gün də yerimizi dəyişdirmək məcburiyyətində qaldıq. Bombardman hər ötən gün daha da intensivləşirdi və itkilərimiz artırdı. Qəzzafi qorxanların gedə biləcəyini söylədi. Davamlı olaraq ölümdən bəhs edirdi və doğulduğu şəhər Siirtdə ölmək istədiyini deyirdi”.

Mənsur İdhanın sözlərinə görə, Liviya diktatoru “dost” adlandırdığı liderlərdən xəbər ala bilmədiyi üçün çox hirsli olub. O, Ərdoğan, Berluskoni və Bleyeri şəxsi dostları adlandırıb və məhz onlardan kömək ala bilmədiyi üçün depressiyaya düşüb.
Diktatorun son anlarını “qiyamət” adlandıran İdha “Əl-Cəzirə” kanalına bunları da söyləyib: “Ölüm və dağıntılar, yağış kimi yağan güllələr, quruda müxaliflərdən qorxu, havadan NATO hücumları qiyaməti xatıradırdı. Alınan qərara görə səhər saat 4 radələrində qaçacaqdılar. Ancaq Qəzzafinin yanında qalan könüllülər çox təcrübəsiz idi. Bir qisimi yatıb qaldı, bir qismi isə rahatlıqla əyləşib çay içməyə başladılar. Hər kəs toplanana kimi səhər saat 8 oldu. Qaçmazdan əvvəl yolların güvənliyini yoxlamaq üçün kəşfiyyat dəstəsi göndərilmədi. 50 maşından ibarət konvoy misratalı üsyançıların sıx olduğu bölgəyə girdi”.

Özünun Qəzzafi ilə eyni avtomobildə olduğunu söyləyən İdha deyib ki, maşınların hamısı ağ və eyni tipli olub. Lakin avtomobilləri bir-birinə yaxın saxlayıblar: “Böyük təcrübəsizlik etdilər. Bir anda NATO qırıcılarının bombardmanına məruz qaldıq. 5 metr önümüzdəki avtomobil havaya uçdu. Aviazərbələrin gücündən bizim əyləşdiyimiz maşının təkərləri zərər gördü və qoruyucu yastıqlar avtomatik olaraq açıldı”.
 
Həmin anları “tam bir xaos” şəklində ifadə edən Mənsur İdha NATO qırıcılarının ard-arda zərbələr endirdiyini, Qəzzafini də özüylə götürüb yolun altındakı arxdan keçərək yaxınlıqdakı binaya doğru qaçdığını bildirib. Bu zaman mərmi qəlpələrindən yaralandığını söyləyən İdha Qəzzafini son dəfə keçmiş müdafiə naziri Yunus Cəbr və oğlu Mütəəsimlə danışarkən gördüyünü deyib. Cangüdən ölümün artıq yüz faiz olduğu anda belə, diktatorun zarafatlar etdiyini də əlavə edib.

İnformasiya şöbəsi