Konqresi partlatmaq istəyən ərəb tutuldu

Federal Təhqiqatlar Bürosu mərakeşli ABŞ vətəndaşının terror planının qarşısını alıb

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda terror aktının qarşısı alınıb. Federal Təhqiqatlar Bürosunun əməkdaşları Konqresin iqamətgahı olan Kapitoli binasını partlatmağa hazırlaşan mərakeşlini saxlayıblar. Federal Təhqiqatlar Bürosunun açıqlamasında bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları uzun müddət şübhəli şəxsi izləyiblər. Kapitoli binasını partlatmağa hazırlaşan terrorçu öz planlarını bilmədən elə Büronun casusları ilə bölüşüb. Özlərini “Əl-Qaidə” casusları kimi təqdim edən şəxslər şübhəli şəxsə partlayıcı maddə əvəzinə, zərərsiz maddə veriblər. Terrorçu saxta partlayıcı qurğunu işə salmağa çalışarkən saxlanıb.

Terrorçu azı 30 nəfəri öldürməyi planlaşdırdığını deyib. Saxlanılan şəxsin 39 yalşı Amine əl-Xalifi adlı mərakeşli olduğu və 16 yaşında ikən ABŞ-a gəldiyi bildirilir. Mərakeş əsilli Amerika vətəndaşının “Əl-Qaidə” terror şəbəkəsi ilə əlaqəli olub-olmadığı hələ məlum deyil. ABŞ Federal Təhqiqatlar Bürosu şübhəli şəxsin saxlanması ilə nəticələnən əməliyyatın 1 ildən çox davam etdiyini açıqlayıb.