Azad Gənclik Təşkilatı ilk qurultayını keçirdi

Təşkilatın sədri yenə Ülvi Həsənli seçildi

Keçən ilin yanvar ayında yaradılmış Azad Gənclik Təşkilatiı fevralın 18-də ilk qurultayını keçirdi. VHP-nin akt zalında keçirilən qurultay dövlət himnimizin oxunması ilə başlandı.
Qurultayda AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, VHP sədri, Sabir Rüstəmxanlı, gənclər təşkiatlarının rəhbərləri, yazarlar, beynalxalq qurumların nümayəndələri, gənc fəallar, həmçinin Polşanın nüfuzlu Viborça qəzetinin iki əməkdaşı iştirak edirdi.
Təkilatın keçmiş sədri  Ülvi Həsənli illik hesabat verdi: “5 tələbə qərara aldıq ki, bir təşkilat yaradaq. Çünki Azərbaycanda sosial, siyasi, ictimai vəziyyət çox pisdir. Bunun üçün gənclər nəsə etməlidirlər. Düşünürdük ki,  Azərbaycanın gələcəyini gənclər müəyyənləşdirməlidir. Bizim ilkin fəaliyyətimiz kitaboxuma ilə bağlı oldu.
Ötən il Gənclərin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb və biz də bu komitədə fəaliyyət göstəririk.  Azərbaycadakı siysi və istimai təşkilatlarla birgə fəaliyyətimiz davam edir. Müxtəlif aksiyalar təşkil edirik. Şəhidlərlə, gənc siyasi məhbuslarla bağlı müxtəlif aksiyalarda iştirak edirik.

Biz təşkilatı yaradanda heç ağlımıza gəlməzdi ki, belə qısa müddət ərzində Azərbaycan ictimai, siyasi sektorunda tanınacağıq və bu qədər gənc ətrafımızda toplanacaq. Bu bir illik fəaliyyət dövründə biz tək olmadıq. Yazarlar, jurnalistlər, siyasi partiyalardan dostlarımız bizə kömək oldular“.
Sonra qonaqların çıxışı başlandı. İlk  çıxışçı VHP sədri Sabir Rüstəmxanlı belə bir təşkilatın yaranmasına görə sevincini ifadə etdi: “Dövlətin və bu torpağın sahibi sizlərsiniz. Bir dəstə adam nə qədər çalışsa da, öz övladlarını gərəkli vəzifələrdə yerləşdirsələr də, Azərbaycanın sağlam gəncliyi var və bu millətin gələcəyi də sizin əlinizdədir”.
Növbəti çıxışçı Müsavat başqanı İsa Qəmbərə oldu. İsa bəy  çıxışında qeyd etdi ki, gənclərin gördüyü və görəcəyi işlər demokratik düşərgənin istəklərinə uyğundur.  “Son zamanlar fəallıq xeyli artıb. Bu gözəldir ki, İctimai Palatanın daxilində və ətrafında əməkdaşlıq yaranıb. Sizə bu birliyiniz, fədakar mübarizənizdə uğurlar arzu edirəm”.

Qurultay iştirakçılarını təbrik etməklə çıxışa başlayan AXCP sədri Əli Kərimli dedi ki, azad gəncliyin arasında olmaq çox xoş bir duyğudur. “Şadam ki, bir il ərzində belə bir təşkilat qurmusunuz. Düşünürəm ki, Azərbaycandakı zidiyyətlər öz kuliminasiya nöqtəsinə çatmaqdadır. İlluziyalar dağılır, Azərbaycan hakimiyyətinin mahiyyətini hamı bilir, artıq insanlar dəyişikliklərə köklənib. Siz bu ərəfədə fəaliyyətə başlamısınız və  çox vaxtınız qalmayıb ki, təşkilati işlərinizi görüb o böyük dəyişikliyə özünüzü hazırlayasınız.  Zamanın qədrini bilmək, hər gündən istifadə etmək lazımdır. Bu gün gənclərin fəal olması olduqca fərqlidir. Çünki Azərbaycanda elə bir hakimiyyət var ki, hər kəsin hər gün mənafelərini tapdayır. Hətta müqayisə də açmaq olar ki, hansı təbəqənin haqları daha çox tapdanır. Məsələn, biz orta nəsil düşünürük ki, bizim gəncliyimizi oğurladılar. Bütün gəncliyimiz bunlarla mübarizədə keçdi. Gözümü açdıq, bunları gördük. 20 ilə yaxındır ki, hələ də bunları görürük. Siz 80-ci illərin gəncliyinin övladlarısız. Sizin ata, analarınız Azərbaycana müstəqillik qazandırıblar. Sizin yalnız başqalarından öyrənməyə ehtiyacınız yoxdur. Öyrənəcəyiniz təcrübə evdə ata-analarınızda da var. Soruşun onlardan ki, 80-ci illərdə Azərbaycanda necə bir hərəkat yaratmışdılar, Azərbaycan xalqı necə dünyada ilin xalqı olmuşdu. Sizdən böyük gözləntimiz var və sizə hər cür kömək etməyə hazırıq”.
Politoloq Ərəstün Oruclu, Nida Vətəndaş Hərəkatı adından Rəşadət Axundov, Müsavat gənclər təşkilatının sədr müavini Səxavət Soltanlı, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, VHP-çi gənclərdən Samir Əsədli, “Bulistan” grupunun üzvü Orxan Ata,  Mübət Dəyişiklik gənclər təşkilatından Rəşad Həsənov, ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev çıxış edərək Azad Gənclik Təşkilatını qurultayı münasibətilə təbrik edib, təşkilat haqda xoş sözlər dedilər.
 Dəvətlilərin çıxışından sonra təşkilatın sədrliyinə namizədlər öz platformalarını açıqlayaraq çıxış etdilər.
Namizədlər Ülvi Həsənli, Orxan Abdulla, Ziya Zamanlı və Təbriz Önər idi.
Təqdimatdan sonra seçkilər başladı. Qeyd edək ki, qurultay nümayəndələri  ilə yanaşı  içtimai rəyi öyrənmək üçün təşkilata yaxın şəxslərin – partiya üzvlərinin, jurnalistlərin səs verməsi təşkil olunmuşdu. Öncə ictimai rəyin nəticələri açıqlandı. İctimai rəyin nəticələrinə görə Ülvi Həsənli 66.7 faiz – 24 səslə qalib oldu.
Sonra təşkilat üzvlərinin səsvermələrinin nəticələri açıqlandı. Seçkilərin müşahidəsini aparan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı bildirdi ki, qurultay nümayəndəsindən əlli nəfər mandat alaraq seçkidə iştirak edib. On iki qalıq bülleten kəsilərək ləğv edilib. Keçmiş sədr Ülvi Həsənli otuz altı səs qazanaraq bir il müddətinə Azad Gənclik Təşkilatının sədri seçilib.
Sonda İdarə Heyətinə və Nəzarət Təftiş Komissiyasına seçkilər keçirildi. İdarə Heyətinə yeddi yerə on nəfər namizəd, NTK-a üç yerə üç namizəd irəli sürüldü. Yeddi nəfər idarə heyətinə, üç nəfər isə NTK-a seçildi.

Bəyim Həsənli