“Azərbaycanı talayıb xalqı xar edənlərin vətənpərvər maska taxmasından eybəcər bir şey yoxdur”
AXCP ötən gün növbəti müşavirəsini keçirdi. Müsavat partiyasının qərargahında gerçəkləşdirilən tədbir əsasən 2011-ci ildə partiya sıralarına yazılan şəxslər iştirak edirdi.
Uzun illərin cəhbəsi
Müşavirədə əvvəlcə partiya funksionerlərinin yeni cəbhəçilər qarşısında çıxışları oldu. AXCP sədrinin müavini Gözəl Bayramlı partiyanın siyasi irsi barədə danışdı. O, istər SSRI, istərsə də müstəqillik dönəmində AXCP-nin bir gün belə dayanmadan xalqın firavan yaşayışı, demokratiya və azadlıq uğurunda mübarizə apardığını vurğuladı.
Təşkilatlanma…
AXCP sədrinin müavinləri Asəf Quliyev, Fuad Qəhrəmanlı partiyanın hədəfləri barədə söz açdılar, cəbhəçilərin üzərinə düşən hüquq və vəzifələri xatırlatdılar. Çıxışlarda bildirildi ki, ölkədə köklü dəyişikliklərin baş verməsi üçün bir an belə arxayınlaşmaq olmaz, dayanmadan partiya sıralarının genişləndirilməsi işi aparılmalıdır.
Seçimdə yanılmamısınız!
AXCP sədrinin müavini Nurəddin Məmmədli, partiyanın Rəyasət Heyətinin üzvü Seymur Həzi yeni üzvlərə seçimlərində yanılmadıqlarını, hazırkı mərhələdə müxalifətin yox, hakimiyyətin ağır günlər yaşadığını, dünyanın dörd bir yanından gələn təzyiqlər altında olduğunu qeyd etdilər. Həmçinin bildirdilər ki, avtoritar rejimin dinc və qarşıdurma olmadan dəyişdirilməsinin yolu güclü təşkilatlanmadan keçir.
Yeni nəsil
Partiya rəsmilərinin çıxışları yekunlaşdıqdan sonra ötən il “cəbhəçi” olanlara söz verildi. Partiyanın müxtəlif rayon şöbələrindən Samir Hüseyn, Ilham Hüseynli, Ziya Zöhrab, Rüfət Əliyev, Rza bəy, Ehtiram Mehdiyev siyasi əqidələrinə görə qürur duyduqlarını ifadə etdilər. Çıxışçılar hakimiyyətin siyasi rəqiblərinə qarşı düşmən münasibət bəsləməsini kəskin tənqid etməklə yanaşı, bu cür davranışın onları mübarizədən çəkindirməyəcəyini də vurğuladılar.
Ibrahim Ibrahimli cəbhəçilər haqda alovlu danışdı
Milli Azadlıq Hərəkatının veteranlarından olan “istiqlalçı” deputat Ibrahim Ibrahimli də müşavirədə çıxış etdi. AXCP-nin keçmişini və hazırkı fəaliyyətini yüksək qiymətləndirən Ibrahim Ibrahimli fikirlərini belə ifadə etdi: “1989-cu ildə azərbaycanlıları dünyada ilin xalqı edən Xalq Cəbhəsi idi, yenə də bu işi AXCP görəcək”.
Ibrahim Ibrahimli dedi ki, Azərbaycana müstəqillik qazandıran cəbhəçilər bu ölkədə layiqli, demokratik, güclü cəmiyyət qurmağı hədəfləyiblər və bunu bacaracaqlar.
Cəbhəçiləri ayaqda saxlayan qüvvə
AXCP sədri Əli Kərimli çıxışında uzun illərdir cəbhəçilərin avtoritar rejimə qarşı geri çəkilmədən, mətin mübarizəsinin səbəblərindən danışdı. O dedi ki, ardı-arası kəsilməyən repressiyalara, həbslərə, basqılara baxmayaraq, cəbhəçilərin bu gün də mübarizə meydanının önündə olmasının iki səbəbi var: vətənə, ideyalara sonsuz sədaqət və məhəbbət.
“Siz komfortu yox, mübarizəni seçdiyiniz üçün…”
Əli Kərimli partiya sıralarına yeni üzv yazılanların bu addımını yüksək dəyərləndirdi. AXCP sədri xatırlatdı ki, təkcə ötən il Bakının 11 rayonunda 630 nəfər partiyaya qoşulub: “Sizin təkcə bu addımınız, komfortu, yaltaqlığı, iqtidarı və yüngül həyat tərzini deyil, məhrumiyyətli olsa da, mübarizə yolunu seçməyiniz yüksək mənəvi keyfiyyətlərinizdən xəbər verir”.
Hakimiyyəti faciəvi sonluğa sürükləyən səbəblər
Əli Kərimli qarşıda duran mübarizə haqda danışaraq avtoritarizm üzərində qələbəyə çox qalmadığını da anons etdi. O bildirdi ki, ötən illərdə, hətta mübarizə meydanında olan adamlara qələbə dumanlı görünsə də, indi dəyişən beynəlxalq və daxili şərtlər müxalifətin qələbəsini çox reallaşdırıb.
Ilham Əliyev hakimiyyətinin nəfsə uyaraq, bəsirət gözü bağlanmış halda uçuruma doğru getdiyini vurğulayan Əli Kərimli hakimiyyətin bu durumunu “ölümünün labüdlüyünü bilən narkomanın əməlindən əl çəkə bilməməsinə” bənzətdi.
AXCP sədri bildirdi ki, daha iki səbəb Azərbaycan hakimiyyətini faciəvi sonluğa sürükləyir. Bunlardan birincisi varlanmağa, soyğunçuluğa alışqanlıqdır. Ikincisi isə xalqı saya saymamaq: “Hakimiyyət düşünür ki, onun mənbəyi xalq yox, seçki komissiyasıdır”.
Bu hakimiyyətin haqqı çatmır ki…
“Eurovision” musiqi yarışması ərəfəsində Ictimai Palatanın vicdan məhbuslarının azad olunması üçün aksiyalar keçirilməsini hakimiyyətin “vətənpərvər” tezislərlə şantaj etməsini Əli Kərimli sərt formada tənqid etdi: “Azərbaycan Xalq Cəbhəsi vətən müharibəsində, torpaqlarımızın azad olunması üçün minlərlə şəhid verib, onlarla Milli Qəhrəman qazanıb. Bunun qarşılığında indi bizi vətənpərvər olmamaqda ittiham edən hökumətin bircə məmurunun belə, nəinki əli silah tutmayıb, heç səngər üzü görməyib”.
Əli Kərimli Heydər Əliyevə işarə edərək onu da dedi ki, AXC-nin fədakar batalyonları Qarabağda ağır döyüşlər apararkən, bu hakimiyyətin qurucusu və ideoloqu ermənilərlə separat danışıqlara gedib: “Mən burdan sual verirəm: Sizin nə haqqınız var ”vətənpərvər” maskası geyərək danışmağa? Azərbaycanın varını talan edən, cəmiyyəti inkişafdan saxlayan, dinc dövrdə orduda əsgərlərimizi məhv edən, xalqımızı dünyada xar edənlərin “vətənpərvər” maskası taxıb danışmasından eybəcər bir şey yoxdur dünyada”.
Dəyişikliyi Şərq, Qərb yox, biz edəcəyik!
Sonda dəyişikliklərin labüdlüyündən danışan AXCP lideri dedi ki, bu dəyişikliyi Şimal, Şərq, Qərb yox, xalqımız özü edəcək, Azərbaycanın içindən vüsət alacaq hərəkat nəticəsində gerçəkləşəcək. Buna görə də Ictimai Palatanın 2012-ci ili “Yeni Xalq Hərəkatının yaranması ili” elan etdiyini nəzərə çatdıran Əli Kərimli cəhbəçiləri ölkə boyunca mütəşəkkil təşkilatlanmaya səslədi: “Azərbaycana dəyişiklik gələcək, bu dəyişikliyi haqsızlığa, ədalətsizliyə etiraz edən insanlar gətirəcək. Böyük xalq hərəkatı xalqımıza, millətimizə layiq olmayan rejimi layiq olduğu yerə göndərəcək. Bu hərəkat Azərbaycan xalqını köhnəlmiş, nimdaşlaşmış, çağdaşlıqdan uzaq rejimdən xilas edəcək”.
Tədbirin sonunda AXCP-yə bu il başlayandan müraciət edən yeni üzvlərə vəsiqələr verildi. Ötən müddətdə partiyaya 100 nəfərə yaxın yeni qoşulan olub. Onlardan müşavirədə iştirak edən təxminən 70 nəfəri partiyanın vəsiqəsini aldı. Vəsiqələri AXCP sədri Əli Kərimli təqdim etdi.
Natiq Güləhmədoğlu