Yerli polisə və məmurlara güvənən bu adamlar Təbiəti Mühafizə Cəmiyyətinin üzvlərini güllələməklə qorxudublar
Xaçmaz rayonu ərazisindəki meşələrdə monitorinq aparan təbiətsevərlər brokonyerlərin hücumuna məruz qalıb. Belə ki, hadisə Ağtala-Çiləgir zonasında qanunsuz quş ovu ilə məşğul olmaq üçün nəzərdə tutularaq yaradılan süni göllərdə təbiətsevərlər qanun pozuntularını aktlaşdırarkən baş berib.
Təbiəti Mühafizə Cəmiyyətinin Quba-Xaçmaz bölməsinin sədri Nizami Şəfiyev və müfəttiş Telman Quliyev bir qrup brokonyerin qanunsuz təhdidlərinə tuş gəlib. Özünü brokonyerlərin “krışası” kimi qələmə verən, dəfələrlə məhkumluq həyatı yaşamış, Nərəcan kənd sakini Əlövsət adlı şəxs bir qrup əlaltısı ilə onlara hücum etmiş və üstündə gəzdirdiyi tapança ilə onları hər an öldürə biləcəyi ilə hədələmişdir.
Döyülən təbiətşünaslar…
Və onların açdıqları balıqçı toru
Nizami Şəfiyevin sözlərinə görə, onlar əvvəlcə Xaçmaz Rayon Polis Şöbəsinə müraciət etmək istəyiblər, sonradan Əlövsətin yerli sahə müvəkkili Adil adlı şəxslə əlaqə saxlayaraq, onu məlumatlandırması işləri alt-üst edib. Belə ki, təbiətsevərlər Əlövsətin yerli polisin informatoru olmasına görə birbaşa Baş prokurorluğa və Daxili Işlər Nazirliyinə müraciət ediblər.
Maraqlıdır ki, 2005-ci ildən bəri müddətsiz qadağan olunan quş ovunun əməlli-başlı start götürməsinə Xaçmazdakı 5 saylı Regional Ekologiya Idarəsi göz yumur. Nizami Şəfiyevin sözlərinə görə, aidiyyəti orqanlar bundan xəbərsiz deyil, sadəcə hər ay qəbul etdikləri müxtəlif peşkəşlər və rüşvət onları tədbir görməkdən çəkinməyə məcbur edir. “Axı mümkün deyil ki, meşələrin tən ortasında yaradılan bu göllərdən heç olmasa meşə gözətçilərinin xəbəri olmasın. Axı bir vaxtlar bu gölün yerində ağaclar və kollar olub?!”.
Məlumat üçün deyək ki, Xaçmaz rayon ərazisində təkcə Ağtala-Çiləgir ərazisində onlarla belə göl mövcuddur. Bundan başqa, rayonun Sayad və Ərəb kəndi ərazisində də bu cür göllərin sayı olduqca çoxdur. Ovlanan quşlar isə ictimaiyyətin gözü qarşısında açıq-aşkar yerli bazarlarda satılır.
Mürsəl