Sabah müharibə başlayarsa…

Müharibə və korrupsiya… Dünyada bu iki oxşar terminin birləşməsi adətən bu cur olur: korrupsiyaya qarşı müharibə, yəni bir ölkənin hüquq-mühafizə orqanlarının, xalqla birlikdə iri miqyaslı iqtisadi cinayətlərə qarşı mübarizəsi.

Bundan başqa, tarixdə müharibə edən dövlətlərə silah və digər sursatlar satan transmilli şirkətlərin yaranmış vəziyyətdən sui-istifadəsi zamanı da bu iki termindən, bu və ya digər şəkildə istifadə olunur.
Heç kimə sirr deyil ki, Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətindədir. Əgər sabah müharibə başlarsa, nələr ola bilər?
Əvvəla, bu tarix elmi üçün yenilik olacaq, belə ki, korrupsiya və müharibənin bu vaxta qədər analoqu olmayan bir formada, tarixi “izdivac”ın şahidi və… iştirakçısı olacağıq. Tək təsəlli, qarşı tərəfin də az da olsa korrupsiyada “naşı” olmamasıdır. Beləliklə…
Fəlakətdən qazananlar
Təxminən iki həftə öncə təbiət bizə kiçik bir “müharibə” elan etdi. Əslində bu, qışın bizim üçün bir qədər şıltaqlığı idi, nələr oldu?
Ölkənin bütün infrastrukturu, demək olar, iflic oldu. Məktəblər bağlandı, ölkədə enerji böhranı yarandı, yollarda zəncirvari qəzalar baş alıb getdi, bir sözlə, təbiət qüdrətli dövlət mifini dağıtdı. Cəmi 8-10 santimetr qalınlığında qar yağmışdı…
Fikir verdinizsə, qara qədər analoqu olmayan inkişafdan danışan, gündəmi zəbt edən iqtidar rəsmiləri “yoxa” çıxdılar. Televiziya ekranlarının vazkeçilməz isimləri isə mənzil-istismar və kommunal təsərrüfatın orta səviyyəli işçiləri və qar təmizləyən fəhlələr oldular.
Ölkə səbirlə, qarın əriməsini gözlədi(!). Qar əridi, yolların buzu açıldı və…
Günlərdir ortalıqda görünməyən məmurların susqunluq orucu da bitdi. Iqtidar rəsmiləri yenidən gündəmi zəbt etdilər.
Mən təxminən martın ortalarına qədər bu orucun davam edəcəyini təxmin edirdim, çünki təbiətlə zarafat etmək olmaz, lakin görünür, yanılmışam…
Ilk açıqlama Bakı şəhərinin “qəzəbli” merindən gəldi, şəhərin yollarına 12 min ton duz və təxminən ondan üç dəfə artıq qum səpildiyi haqda məlumat verdi, buna inanmayanlara isə asfaltı yalamağı məsləhət gördü.
Bu “görülən” iş ən ucuz tariflə hesablansa, təxminən 8 milyon manata yaxın pul edir. Sən demə, iqtidar üçün göydən qar yox, sərvət yağırmış…
Bu duz və qumların şəhərə çatdırılması üçün Bakıya gələn yollar boyu, yüklü “KamAZ”lar ən azı 2 min 500 dəfə dolu gedib gəlməli idi.
Mənə elə gəlir ki, əgər bu fəlakətdən varlanmaq olmasaydı, iqtidar rəsmiləri qar əriyib qurtarandan sonra bizə deyəcəkdilər ki, ümumiyyətlə, qar yağmayıb, yollar buz bağlamayıb, bu, sadəcə bir QARAbasma imiş…
Yaxşı, Hacıbala Abutalıbovu bir qırağa qoyaq, onun haqda çoxdan şayiələr gəzir. Amma bu demək deyil ki, 12 min ton duz və qum, onun haqda gəzən söz-söhbətin doğruluğuna işarədir. Buyurun, oxuyun və nəticə çıxarın…
Bölüşülən “məsuliyyət”(oxu: məbləğ)
… Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun müsahibəsindən bir neçə fraqmenti nəzərinizə çatdırıram. Əsəbləri zəif olanların oxuması məsləhət deyil. Beləliklə…
1.”…Bakı şəhərinin, eləcə də bütün respublikanın işıqları davamlı yanır, yollar vaxtlı-vaxtında təmizlənir, küçələrə qum(bəs Hacıbalanın duzu? – X.Ə.) səpilir. Güclü qar yağandan, çovğun olandan bir gün sonra təxminən səhər saat 8-də Bakının aparıcı yolları ilə Əhmədlidən Prezident Administrasiyasına işə gəlmişəm və çox rahat çatmışam”(sürücünün yeri Paris-Dakar rallisidir, yayda onu buraxsalar, gedib medal gətirəcək – X.Ə.)
2.”Bakı dairəvi yolunda 20-30 avtomobilin toqquşması yolun təmizlənməməsindən irəli gəlmirdi ki… Yol təmizlənmişdi, sadəcə, yolun sürüşkənliyinin qarşısını dərhal ala biləcək hansısa bir sehirli çubuq yoxdur. Sürücülərin naşılığı, qarda hərəkət etmək bacarığının olmaması nəticəsində 20-30 avtomobil toqquşdu”(birinci arqumentin tam tərsi… – Ə.X.).
3.”Azərbaycanda, Bakıda günlərlə davam edən qarın, çovğunun qarşısında ciddi fəlakətlər olmayıbsa, deməli, hökumət strukturları qışa yetərincə hazırlıqlıdır və hər şey normaldır”.
4.”Ötən il (söhbət 2 apreldən gedir) paytaxtda yaradılan qarmaqarışıqlıqda, qarşıdurmada, münaqişədə iştirak etdiklərinə görə həbs olunan şəxslərin məsələsi bu günlərdə Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının həmməruzəçilərinin keçirdikləri görüşlərdə qaldırılıb”(2 aprel, 2 fevraldan daha “dəhşətli” idimi, cənablar?).
Əgər sabah müharibə başlayarsa.., tarixə ən çox “silah-sursat” işlədən ölkə kimi düşəcəyimiz dəqiqdir.