İctimai Palata Müsavat Partiyasınnı qurultayının keçirilməsi üçün hakimiyyət tərəfindən yer ayrılmaması ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
“Müsavat Partiyasının VIII qurultayının keçirilməsi üçün 800-1000 nəfərin yerləşə biləcəyi uyğun iclas zallarından birinin, konkret olaraq, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Əl Oyunları İdman Sarayının (Bakı şəhər İdman Kombinatının) ayrılması barədə Müsavat Partiyası rəhbərliyinin 17 yanvar 2012-ci il tarixində imzaladığı və təqdim etdiyi müraciətə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 15 yanvar 2012-ci il tarixində, 29 gün sonra imtina cavabı verilib.
Cavab məktubunda Bakı şəhərindəki zalların Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olmadığı haqqında yanlış məlumat yer tapsa da, Əl Oyunları İdman Sarayının onun tebeliyində olub-olmaması haqqında heç bir qeyd yoxdur. Məktubda o da qeyd olunur ki, “Bakı şəhər İdman Kombinatında bu ilin sonunadək respublikada keçiriləcək daxili yarışlarla yanaşı, dünya və Avropa çempionatlarının və digər mötəbər idman yarışlarının keçirilməsi planlaşdırılmışdır. Eyni zamanda, həmin yer bu il keçiriləcək “Evrovision” beynəlxalq mahnı müsabiqəsinin Koordinasiya Şurasının gündəlik fəaliyyəti üçün ayrılmış və orada müsabiqə ilə bağlı təşkilati və hazırlıq işlərinin aparılması nəzərdə tutulmuşdur”. Cavab məktubunda idman yarışlarının tarixlərini göstərən cədvəl təqdim olunmayıb və aydın olur ki, mahnı müsabiqəsinin Koordinasiya Şurasının gündəlik fəaliyyətinə bu sarayda keçirilən idman yarışları heç bir maneə yaratmır.
İctimai Palata bütün bunları nəzərə alaraq, həmin binada mart ayının 3 və 4-də Müsavat Partiyasının qurultayının keçirilməsinə razılıq verilməməsini hakimiyyətin Müsavat Partiyasına qarşı qərəzli münasibəti kimi qiymətləndirir və Bakı şəhər İcra Hakimiyyətindən 100 illik tarixi olan Müsavat Partiyasına növbəti qurultayını keçirməsi üçün Əl Oyunları İdman Sarayını və ya Bakı şəhərinin uyğun iclas zallarından birini ayırmasını tələb edir”.