Qədim türk tayfası Kəngərlilər

IV-V əsrlərdən Naxçıvanda

Azərbaycan xalqının formalaşmasında, soykökündə iştirak edən qədim türk tayfalarından biri də kəngərlilərdir.
Araşdırmalar göstərir ki, Naxçıvandakı məşhur Kəngərlilər türk tayfası olub, çox qədim tarixə malikdir. “Kəngər” sözü Aral və Balxaş gölləri arasında yerləşən qədim Kəng (“Avesta”da Xənqxoy, Çin mənbələrində – Kənquşu) dövlətinin III əsrdə hunlar tərəfindən işğalından sonra ortaya çıxmış və həmin dövrdən etibarən yerli əhali ilə hunların qaynayıb qarışmasından təşəkkül tapmış hundilli etnos özünü kəngər adlandırmağa başlamışdır. Kəngərlinin şimal qonşuları olan pəsənq qəbilələri də hunlarla qaynayıb qarışdıqlarına və Kəngərli ilə eyni dövlətdə birləşdiyinə görə onlarla tayfa ittifaqı yaratmışlar. Tarixi sənədlərə istinadən qeyd etmək olar ki, VIII əsrdən etibarən bu tayfa ittifaqına daxil olan etnoslar daha çox peçeneq adlandırılırdılar.ÿÿÿ
IX əsrin sonlarında ruslarla ittifaqa girən guzlar (oğuzlar) kəngərliləri özlərinə tabe etmiş, peçeneqləri isə öz yerlərindən qərbə – Don çayının sahillərinə qədər qovmuşdular. Güman edilir ki, kəngərlilərin bir hissəsi hələ IV-V əsrlərdə Şimali Qafqazdan Azərbaycana gələn hunlara qoşulmuşdur. Kəngərlilərin həmin dövrdən etibarən Naxçıvan ərazisində yaşamaları haqqında məlumatlar vardır. IX-X əsrlərdə Cənubi Qafqazın ərazisində yaşayan kəngərlilər Xarəzmşahların icazəsi ilə bu ölkəyə köçüb Islam dinini qəbul etdikdən sonra tarixi mənbələrdə “Kəngli” adı ilə tanınmağa başlamışlar. IX əsrdə Səlcuq türkləri Qərbi Iranı və Cənubi Qafqazı tutduqdan sonra “Kəngli” tayfaları da bu yürüşlərdə iştirak etmiş və oğuz-səlcuqların tərkibində Azərbaycana gəlmişlər. Səfəvilər dövlətinin yaradıcısı və banisi Şah Ismayıl Xətainin 1501-ci ildə hakimiyyətə gəlməsi ilə (qeyd edək ki, Səfəvilər dövrü 1501-1736-cı illərdir) Kəngərlilər ölkənin siyasi həyatında mühüm rol oynamışdır. XVII əsrdə Azərbaycan vilayətinə daxil olan Naxçıvan kəngərlilərin irsi torpağı idi. XVIII əsrdə Naxçıvan xanlığının yaradıcısı Hacı xan, Rəhim xan, Kəlbalı xan Kəngərlilər mühüm rol oynamışlar. Araşdırmalara və arxiv materiallarına əsaslanaraq belə qənaətə gəlmək olar ki, kəngərli tayfasının xan nəslindən olan nümayəndələri Naxçıvan tuməninin hakimi, bəy nəslindən olanları isə hakimin vəkili kimi fəaliyyət göstərmişdir. Xanlıqlar dövründə kəngərlilərin bir qismi (XVII-XVIII əsrlərdə) Qarabağa köçürülmüşdü. Ağdam və Tərtər rayonlarındakı Kəngərli kənd adları da bununla bağlı idi. 1828-ci il Türkmənçay müqaviləsinə (2-ci Iran-Rusiya müharibəsi – 1826-1828) görə Naxçıvan xanlığı Rusiya tərəfindən işğal olunsa da, kəngərlilərin ən nüfuzlu nümayəndələri 1840-cı ildən “Naib” titulu ilə vəzifədə olmuşlar. Kəngərlilər arasında bir sıra görkəmli dövlət, ictimai, siyasi, hərbi və elm xadimləri olmuşdur. Kəngərlilərin ən sonuncu xanı Ehsan xan Kəngərli olmuşdur. Qeyd etmək lazımdır ki, eramızın əvvəllərindən başlayaraq Naxçıvanda məskunlaşan qədim türk Kəngər tayfasının adı ilə bağlı “Kəngərli” məhəlləsi olmuşdur. Vaxtilə indiki Qala məhəlləsinin bir hissəsi Kəngərli məhəlləsi adlandırılmışdır.
Döyüşkən qəhrəmanlar
Rusiyada oktyabr çevrilişinə qədər bütün müharibələrdə Kəngərli nəslinin oğulları döyüşkənliyi ilə xüsusi fərqlənirdi.
Tarixi romanlar müəllifi Yusif Vəzir Çəmənzəminli XVIII əsr hadisələrindən bəhs edən “Qan içində” romanında yazır ki, birdən uzaqdakı bir bağın arxasından toz qopdu. Bu – Kəngərli süvariləri idi ki, o zaman öz igidlikləri ilə məşhur idilər.
1829-cu ildə Kəngərli nəslinin igidləri ayrıca beşinci alay yaratdılar. Kəngərlilərin beş yüz nəfərdən ibarət suvarisi və yüz nəfərlik köməkçi dəstəsi bir döyüşdə duşmənin iki bayrağını ələ keçirib, yüz nəfərini öldürüb, əlli dördünü isə əsir almışdı. Həmin döyüşdə şəxsi igidliyi ilə fərqlənən sıravi Baba bəy Cəfəroğlu, Ağakərim Fətəli oğlu, Imamqulu Əli oğlu və başqaları “Üzərində qızıl medal olan Georgi lenti” ilə təltif olunmuşdular. “Döyüşkənliyi ilə bütün Qafqazda məşhur olan kəngərlilər Zaqafqaziya sakinlərindən geri qalmaq istəmədilər. Onlar ağa və bəylarin rəhbərliyi ilə xüsusi süvari dəstələri təşkil edib, bütün döyüşlərdə bizim qoşunlarla çiyin – çiyinə mərdliklə vuruşurdular”.
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Mahmud Ismayılov Kəngərlilər nəslinin hələ miladdan qabaq Zaqafqaziyada və Azərbaycanda təşəkkül tapmasını, bu soyun adına miladdan qabaq birinci və eramızın birinci yüzilliklərində yaşayıb – yaratmış Strabonun və Böyük Plininin əsərlərində rast gəldiyini yazır: “Kəngərlilərin adına biz ”Kitabi Dədə Qoqud”da “Kanqalı” formasında rast gəlirik. Zaqafqaziya ərazisinə gələndə yüz iyirmi min ailədən ibarət kəngərlilər onun müxtəlif regionlarında məskunlaşmışlar. Kəngərliləri hun soyuna aid edənlər də yox deyildir. Beşinci yüzillikdə kəngərlilərilər o qədər güclü olmuşlar ki, Sasanilər imperiyasını lərzəyə salmışlar”.
Heydərqulu xan Kəngərli – Kəngərlilər soyunun bir nümayəndəsi. Nadir şah Əfşar əyanlarının sui-qəsdi nəticəsində öldürüldükdən (1747) sonra kəngərli tayfa başçısı Heydərqulu xan Kəngərli şahın naibi Ağahəsəni hakimiyyətdən uzaqlaşdırıb, özünü Naxçıvanın müstəqil xanı elan etdi. O, xanlığı möhkəmlətmək, xəzinənin gəlirini artıran ticarəti, həmçinin sənətkarlığı inkişaf etdirmək məqsədilə bir sıra tədbirlər həyata keçirdi: xanlıqda və şəhərlərdə rabitə vasitələrini qaydaya saldı, köhnə körpülərin təmir olunması, yenilərinin inşası haqqında əmr verdi.
Naxçıvan xanlığının hərbi gücü az olduğundan Heydərqulu xan Kəngərli daha qüdrətli xanlıqlara arxalanmağa çalışırdı. Bu məqsədlə qarabağlı Pənahəli xanla müttəfiq oldu, onunla və gürcü çarları ilə birlikdə 1752-ci ildə Şəki xanı Hacı Çələbiyə qarşı yürüşdə iştirak etdi.
Uğursuz qurtaran bu yürüşdən sonra Heydərqulu xan Kəngərli xanlığın iqtisadiyyatını tənzimləməklə məşğul oldu. Ölümündən sonra yerinə Haci xan Kəngərli keçdi. Şeyxəli Xan Kəngərli-Kəlbəlixanov – Kəngərlilərin bir nümayəndəsi, hərbçi, Azərbaycan xanlıqlarından biri olan Naxçıvan xanlığının sonuncu xanı Kəlbəli Xan Kəngərlinin oğlu, Ordubadın naibi.
Nəslin daşıdığı yüksək rütbələr
Ikinci Rusiya-Iran müharibəsi dövründə (1826-1828-ci illər) Naxçıvan ərazisində qızğın döyüşlər olub. “Iranda A.P.Yermolovun elçiliyi” adlı kitabda Berje göstərir ki, Naxçıvan xanları ilə Iran şahlığı arasındakı ziddiyyət baş verir. Ehsan Xan və qardaşı Şeyxəli xan rus təbəəliyini qəbul edib hərbi xidmətə girir. Qraf Paskeviç Ehsan xanı Naxçıvana, qardaşı Şeyxəli xanı isə Ordubada naib (canişin) təyin edir.
Ehsan Xan Kəngərli (1789-1846) – Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli Xan Kəngərlinin oğlu, general-leytenant Ismayıl Xan Naxçıvanskinin, Kalbalı Xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Ehsan xan Kəngərli 1826-1828-ci illər Rusiya-Iran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, Iran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir.
Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli Irəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi. Çeşməbasar kəndində çeşmələr qazdırmış, Ərəzin kəndinin yaxınlığındakı təpədən keçən tunel vasitəsilə Nehrəm kəndinə su gətirtmiş, Naxçıvanda ilk rus-tatar (Azərbaycan) qəza məktəbi açdırmışdı.
1840-cı ildə süvari dəstəsinə başçılıq etmək şərti ilə naiblikdən imtina etmişdir. Sonralar Krım müharibəsində (1853-1956) də şücaətlə vuruşmuşdur. “Müqəddəs Georgi” ordeni ilə təltif edilmişdir. Abbasqulu ağa Bakıxanov və Aleksandr Qriboyedov Irana gedərkən Ehsan xan Kəngərlinin Xan dikindəki sarayında qonaq olmuşlar. A.S.Qriboyedov “Irəvan yürüşü” yol qeydlərində bu barədə bəhs etmişdir. Ehsan xan Kəngərlinin adı Kremlin Georgi salonunda qızılı hərflərlə yazılmışdır.
Məmmədqulu bəy Kəngərlinski 1864-cü ildə Naxçıvan şəhərində doğulmuşdu. Ilk təlim-tərbiyəsini atasından, ibtidai təhsilini xüsusi müəllimdən almışdır. O zaman təbii məktəb olan ev tərbiyəsini lazımınca qurtarıb, xaricdə oxuyacaq yaşa çatan vaxt atasının silginə daxil olaraq Tiflis hərbi məktəbinə – kadetlər korpusuna daxil olur. Sonra təhsilini davam etdirmək üçün Sankt-Peterburq hərbi Mixaylovski ali topçu məktəbinə girir. Burada 1882-ci ildə unter-zabit rütbəsinə yüksəlir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir