“Eurovision”a gələnlər villalarda yerləşdiriləcək

Bakının otelləri gələcək qonaqları yerləşdirməyə bəs etmir

“Eurovision 2012″ Mahnı Müsabiqəsi Azərbaycan hakimiyyəti üçün daha bir problem yaradıb. Problem ölkəyə gələcək qonaqların yerləşdirilməsi ilə bağlıdır. Məsələ burasındadır ki, hazırda Bakı hotellərində qonaqları qəbul etmək üçün lazımi səviyyədə olan 6 min otaq var. Bunu Azərbaycan Turizm Assosiasiyasının (ATA) sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, bu otaqlar 11 minə yaxın qonaq qəbul edə bilər.
Müsabiqə çərçivəsində Azərbaycana hökmən gəlməsi nəzərdə tutulan rəsmi nümayəndələrin sayı isə 4 minə yaxındır. Rəsmi nümayəndə heyətləri üçün saxlanılan 4 min yerdən başqa Bakının hotellərində 7 min turistə yer qalıb.  Nahid Bağırov deyib ki, ümumilikdə müsabiqə çərçivəsində ölkəyə gələnlərin sayının təqribən 11 min ətrafında olacağı gözlənilir: ”Məncə, 11 mindən artıq olmayacaq. Amma olsa da, kirayə evlərdə yerləşdiriləcək”.
Kirayə evlərə gəlincə, onların neçə otaqlı olması, yaşayış şəraiti baxımından standartlara uyğun gəlib gəlmədiyi dəqiqləşdirilir.
Bu işlər çərçivəsində müəyyən olunub ki, müsabiqə çərçivəsində gələn qonaqlara 2 minə yaxın müxtəlif otaqlı mənzil və hər biri 5-6 otaqlı olan 60-70 villa kirayəyə verilə bilər. Lakin hökumət standartlara uyğun, lakin kirayə haqqı ucuz olan evlər axtarır.
Bundan başqa qonaqların bir hissəsinin gəmilərdə yerləşdirilməsi də nəzərdə tutulur. Nahid Bağırovun sözlərinə görə, Xəzərin sahilinə 2 gəminin gətirilməsi planlaşdırılır. Gəmilərin hər birində 250 nəfərlik nömrələr nəzərdə tutulur.
Beləliklə aydın olur ki, hökumət ciddi problem qarşısındadır. Çünki hökumət ehtiyat tədbirlərini qonaqların sayının 11 mindən bir qədər artıq olacağına hesablayıb. Azərbaycana gələnlərin sayının isə bundan bir neçə dəfə çox olacağı proqnozlaşdırılır. Digər tərəfdən inandırıcı deyil ki, kimsə villasını və ya mənzilini 3 günə görə ucuz qiymətə kirayə versin. Bu halda qonaqların yerləşdirilməsi daha çətin olacaq.

Hikmət