Arzu Səmədbəyli qruplaşmalardan ehtiyatlanır

Gülağa Aslanlı isə onun narahatçılığına əsas görmür

Müsavat Partiyasının növbəti qurultayı ərəfəsində partiya daxilində gedən müzakirələr, başqanlıqla bağlı bir sıra məqamlar mətbuatın diqqət mərkəzindədir. Budəfəki qurultayda Isa Qəmbərin başqanlıqdan gedəcəyi gözlənilsə də, partiyada başqa fikirdə olanlar da var. Onlar hesab edir ki, I.Qəmbər partiyaya yenə də rəhbərlik etməlidir.
Müsavat Partiyası Ali Məclisinin sədri Arzu Səmədbəyli bu və başqa məsələlərlə bağlı suallara “Ekspres” qəzetinə müsahibəsində cavab verib. A.Səmədbəyli bildirib ki, Müsavatda hətta bir-birini qəbul etməyən şəxslərin, qrupların belə qəbul etdiyi bir lider var ki, bu da Isa Qəmbərdi. Yəni hamı Isa Qəmbərin çevrəsində cəmdir və o, bu gün hakimiyyətə alternativ olan müxalifət düşərgəsinin aparıcı liderlərindən biri və öncülüdür. A.Səmədbəyli partiyanın nizamnaməsində iki dəfədən artıq başqan seçilməyə qoyulan məhdudiyyətə də toxunub və bildirib ki, I.Qəmbərin təşəbbüsü ilə nizamnaməyə daxil edilən bu dəyişiklik yanlış qərardır: “Indi neyləyək ki, böyük şəxsiyyətlərin də bəzən səhvləri böyük olur. Bu bəndin ora salınması hansı zərurətdən irəli gəlib, bunu o müzakirələrdə olmadığım üçün bilmirəm. Amma Isa Qəmbər Müsavat başqanı qalsa da, qalmasa da, yəni o getmək istəsə belə, mən nizamnamənin o bəndinin çıxarılmasının tərəfdarıyam”.

Səslənən fikirlərlə bağlı Müsavat başqanının müavini Gülağa Aslanlının fikirlərini öyrəndik. A.Səmədbəylinin partiyadakı qruplaşmaların olduğu və onların yalnız I.Qəmbəri qəbul etdiyi ilə bağlı fikirlərinə şərh verməyən G.Aslanlı yalnız onu bildirdi ki, I.Qəmbərin bir lider kimi partiyada hamı tərəfindən qəbul olunması reallıqdır və təbii haldır. A.Səmədbəyliyə görə, başqanlığa seçilməklə bağlı məhdudiyyət tətbiq olunmasının yanlış olmasına gəlincə, G.Aslanlı partiyadaşı ilə razılaşmır. Nizamnamənin vaxtilə bu formada qəbul olunduğunu deyən G.Aslanlı vurğuladı ki, bu məhdudiyyət partiyanın prinsipidir: “Bu məhdudiyyət Müsavat Partiyasının nə dərəcədə demokratik təşkilat olduğunu göstərir. Hətta bütün dünyada bu qadağa götürülərsə belə, biz Müsavat olaraq öz prinsiplərimizə sadiq qalacağıq. Çünki dünyada hələ qadınlara səs hüququ verilməyəndə Müsavat Partiyası bunu 1918-ci ildə etmişdi. Bu, bizim tariximizdən gələn ənənədir. Müsavat Partiyası həmişə uzaqgörənliyi ilə fərqlənib. Ona görə başqanlığa seçilməklə bağlı məhdudiyyətin yanlış olduğunu düşünmürəm”.

Xəyal