Vaşinqton ETTELAAT-a qarşı sanksiyaları sərtləşdirdi
Iran hökumətinin nüvə proqramını davam etdirməsi bu ölkəyə qarşı növbəti sərt sanskiyaların qəbuluna yol açıb. ABŞ administrasiyası Iranın Kəşfiyyat və Dövlət Təhlükəsizlik Nazirliyinə (ETTELAAT) qarşı sanksiya tətbiq edib. ETTELAAT insan hüquqlarının pozulmasında və Suriya hakimiyyəti tərəfindən həyata keçirilən repressiyalara dəstək verməkdə ittiham olunur. Sanksiyalar nazirlik əməkdaşlarının ABŞ ərazisinə girişinə, həmin şəxslərin bu ölkədəki mülkiyyətdən istifadəsinə, eləcə də Amerika vətəndaşları və şirkətləri ilə istənilən əməkdaşlığa qadağa qoyulmasını nəzərdə tutur.
“Bu gün biz Iran vətəndaşlarının hüquqlarını pozan və bu yanlış təcrübəni qonşu Suriyaya keçirən Kəşfiyyat və Dövlət Təhlükəsizlik Nazirliyinə qarşı sanksiya tətbiq edirik”, – deyə ABŞ maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı məsələləri üzrə müavini Devid Koen bildirib. Onun sözlərinə görə, Iran kəşfiyyatı “Əl Qaidə”, “Həmas” və “Hizbullah” qruplaşmalarına da dəstək verir.
Jurnalistlərə açıqlama verən ABŞ Müdafiə Informasiyası Təşkilatının rəisi general Ronald Burqes Iran ətrafında yaranmış gərginliyə toxunub. Generalın fikrincə, Iran hücuma məruz qalacağı təqdirdə buna müxtəlif yollarla cavab verməyə çalışacaq: “Ola bilsin ki, Hörmüz boğazını müvəqqəti bağlaya biləcək. Iranın ABŞ və onun bölgədəki müttəfiqlərini raket hədəfinə alması da mümkündür. Tehran dünyadakı terrorçu qrupları bizə qarşı səfərbər edə də bilər. Lakin bütün bunlara baxmayaraq, bizim təşkilatın hesablamasına görə, Iranın qarşıdurmada ilk addım atması gözlənilmir. Bu, reallıqdan uzaqdır”.
Tehran rejiminin nüvə proqramı ətrafında yaranmış gərginliyin diplomatik həllinə çağırışlar edən BMT-nin baş katibi Pan Ki Mun Iranın nüvə proqramının hərbi cəhətdən genişləndirilməsindən ehtiyat etdiyini bildirib. Vyanada “Ümumi Nüvə Sınağına Qadağa Sazişi Təşkilatı”nın 15 illiyində iştirak edən Pan Ki Mun Iranın BMT müfəttişləri ilə əməkdaşlıq etmək öhdəliyi olduğunu xatırladıb: “Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Iranın nüvə proqramının hərbi cəhətdən genişləndirilməsinin mümkünlüyünə dair ən son hesabatlarından dolayı dərin narahatlıq keçirirəm. Mənim və MAQATE-nin fikrincə, Iran dünya ictimaiyyətini inandıra bilməyəcək. Buna görə də Iran hökuməti agentlik və BMT Təhlükəsizlik Şurası ilə tam əməkdaşlıq etməlidir. Bu, onların öhdəliyidir”.
Sərt sanksiyalarla üzləşən Tehran rejimi isə Qərb ölkələrini təzyiq və hədələrlə cavablandırmaqda davam edir. Iran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Hüseyn Ibrahimi bildirib ki, Avropa ölkələrinin 80 faiz neft-kimya zavodu Irandan idxal olunan neft hesabına işləyir. Avropa Birliyinin Iran neftinə və banklarına tətbiq etdiyi sanksiya qərarına ən yaxşı cavab bu quruma üzv ölkələrə neft ixracını dayandırmaqdır. Belə olan halda Avropa problemlə qarşılaşar və bundan sonra qəbul etdiyi məntiqsiz qərardan imtina edər.
Informasiya şöbəsi