Polkovnikin adı «tender qalmaqalında»

Müdafiə Nazirliyinin idarə rəisi Baxış Ələkbərova qarşı ciddi ittihamlar

Imişli rayonu, Qara Qarayev küçəsi, ev 24-də yaşayan Ilkin Məmmədov Müdafiə Nazirliyinin işlər idarəsinin rəisi polkovnik Baxış Ələkbərovu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlayır. Ilkin Məmmədov “Azadlıq”a ünvanladığı müraciətdə bildirir ki, Baxış Ələkbərov onu Müdafiə Nazirliyinin keçirəcəyi tenderin qalibi edəcəyinə söz verib:
“Bunun müqabilində məndən 30 min ABŞ dolları alıb. Lakin bir qədər sonra daha 7000 dollar alıb. Mənə deyib ki, bu pula dekorativ gül və ağaclar alaraq Müdafiə Nazirliyinin binası qarşısında əkdirəcək. Lakin məsələ bununla bitmir. Baxış Ələkbərov məni get-gələ salaraq mənə ümid verib, inandırıb. Və ”Kapital Qrup” MMC-də 114 min dollar dəyərində 134 kvadratmetrlik mənzilimi sinif yoldaşı olmuş Samir adlı şəxsin adına rəsmiləşdirib. Faktiki olaraq Baxış Ələkbərov 37 min dollardan başqa mənə məxsus mənzili də ələ keçirib”.
Ilkin Məmmədov deyir ki, məsələ ilə bağlı Respublika Prokurorluğuna müraciət edib. Lakin işin araşdırılması Hərbi Prokurorluğa tapşırılıb. Hərbi Prokurorluq isə ilkin təhqiqat aparılması üçün Ilkin Məmmədovun ərizəsini Müdafiə Nazirliyinə göndərib: “Bu işdə adı keçən dediklərimi təsdiqləyib, söylədiklərim faktiki olaraq sübut olunub. Lakin buna baxmayaraq, hələ Baxış Ələkbərov barəsində heç bir tədbir görülməyib. Ona havadarlıq edənlər polkovniki məsuliyyətdən kənarda saxlayırlar. Baxış Ələkbərov barəsində cinayət işi başlanmaması bir yana, mənim evim və pullarımın qaytarılması istiqamətində heç bir iş görülmür”.
Ilkin Məmmədov qəzetimiz vasitəsilə Ilham Əliyevə müraciət edərək məsələni diqqətdə saxlamasını xahiş edir.
Baxış Ələkbərovla əlaqə saxlayıb şikayətçinin söylədikləri ilə bağlı onun mövqeyini öyrənməyə çalışdıq. Lakin səylərimiz nəticə vermədi. Bununla belə, qeyd edirik ki, polkovnikin də mövqeyini dərc etməyə hazırıq.
Azad