Zeynal Bağırzadənin həyatı təhlükədədir
Həbsdə olan AXCP Naxçıvan şöbəsinin fəalı Zeynal Bağırzadənin səhhəti yenidən pisləşib. Bu barədə mediaya onun qardaşı AXCP Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoy məlumat verib.
Y.Bağırsoy “Turan” agentliyinə deyib ki, qardaşı bir neçə dəfə huşunu itirib və onun sol tərəfi hərəkətsizdir: “Bədənində şişlik var, çəkisi sürətlə azalır, yaddaşı olduqca zəifləyib. Onu müalicə müəssisəsinə aparmırlar, içəridə müalicə adı ilə iynə vururlar. Şübhələnirik ki, onun yaddaşının zəifləməsinə səbəb vurulan iynələrdir. Onu qəsdən zəhərləyə və ya dəli edə, yaxud müxtəlif xəstəliklərə yoluxdura bilərlər. Çünki dəfələrlə belə hədələr olub”.
Y.Bağırsoy “Azadlıq” radiosuna açıqlamasında isə bildirib ki, qardaşı fevralın 13-də saxlanıldığı təcridxanada iflic keçirib. Onun sözlərinə görə, fevralın 15-də ailə üzvləri təcridxanada yataq şəraitində olan Zeynal Bağırzadə ilə görüşüb bunun şahidi olublar: “5-6 gün öncə mən özüm də görüşmüşdüm. Səhhəti normal idi. Fevralın 15-də isə ailə üzvləri gedib təcridxanaya. Zeynalın bir qolu işləmir. Zeynal ailə üzvlərinə deyib ki, fevralın 13-də gecə saatlarında təzyiqi qalxıb, səhhəti ağırlaşıb, ölümcül vəziyyətə düşüb. Onu təcridxananın ambulatoriyasına aparıblar, orada müalicə yazıb, yenidən kameraya qaytarıblar. Zeynalın səhhəti indi də ağırdır. Təkid etsək də, xəstəxanaya göndərmirlər”.
Y.Bağırsoy qardaşına təcridxanada mənəvi və fiziki təzyiqlərin olunduğunu da iddia edir: “Bizə təkbətək görüşməyə icazə vermirlər. Mən bilirəm ki, ona təzyiqlər olunur. Hər dəfə görüşə gedəndə, təcridxana işçilərindən biri yanımızda olur. Ona görə də Zeynal bizimlə açıq danışmaqdan çəkinir, üzləşdiyi təzyiqlər haqda danışa bilmir. Xəstəxanaya da ona görə göndərmirlər ki, əməlləri üzə çıxmasın. Hər şeyi kamerada ört-basdır eləmək istəyirlər”.
Zeynal Bağırzadəyə 2011-ci il dekabrın 26-da vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, bilə-bilə saxta sənədlərdən istifadə etmə və dələduzluq ittihamları elan olunub. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun vəsatəti ilə həmin gün Naxçıvan Şəhər Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.
Zeynal Bağırzadə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Istintaq Təcridxanasında saxlanılır. Istintaqın versiyasına görə, Zeynal Bağırzadə saxta sənədlərdən istifadə edərək “Çernobıl əlili” statusu əldə edib.
Zeynal Bağırzadənin vəkili Əsabəli Mustafayev “Turan”a bildirib ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda aparılan istintaq yekunlaşıb və iş məhkəməyə göndərilib.
Fevralın 17-də Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçiriləcək.
Informasiya şöbəsi