Kənddə doğulanlar bunu yaxşı bilər. Sovet vaxtlarında Bakıdan mütriflər və müğənnilər qastrola gəlməzdən öncə kolxoz sədri kənd klubunu kosmetik təmir etdirir, yolların çala-çuxurunu çınqılla örtərdi. Zəhmətkeşləri kluba doldurar, özləri də ailə üzvləri ilə birlikdə ön sırada oturub mütrif və müğənnilərin çıxışlarından feyziyab olardı. Konsert və ya tamaşadan sonra isə mütləq qonaqların şərəfinə ziyafət verilirdi. Təbii ki, belə konsertlər və tamaşalar səhərdən-axşama pambıq, üzüm, tütün sahələrində qul kimi tər tökən məzlum zəhmətkeşlərin israrlı tələbi sayəsində gerçəkləşmirdi və ağır fiziki işdən sonra sümükləri sızıldayan tükəzbanlarla məmmədhəsənlərin mənəvi qida alması imkansız idi.
Belə qastrollardan ən çox faydalanan kolxoz, rayon rəhbərləri olurdu. Büdcədən pullar silinirdi, kolxoz sədrləri və raykom katibləri ziyafətlərdə televiziya ekranından gördükləri məşhur artistlərlə bir masa arxasında əyləşirdi, bir az diribaşları bəzi istəklərini də reallaşdırmağa imkan tapırdı.
Adam nə zaman konsertə, tamaşaya gedər? Təbii ki, kefi kök, damağı çağ olanda. Ehtiyac gedəcəyin yolun səmtini belə sənə unutdurursa, başında dolaşan min fikir normal düşünmədən səni məhrum edibsə, hansı maddi, psixoloji durumla gedib konsertə, tamaşaya bilet ala bilərsən?
“Eurovision” mahnı müsabiqəsinin Bakıda keçiriləcəyinə qərar veriləndən sonra rejimin xüsusi canfəşanlıqla bu tədbirə hazırlaşması, nədənsə, kolxoz dönəmini xatırladır. Və bir də qədim Roma imperatoru Lukulun ziyafətləri haqqında oxuduqlarım yadıma düşür.
Mahnı müsabiqəsinə ev sahibliyi etmək bizim haramıza yaraşır? Elə bu an “analoqsuz inkişaf” moizəsinin eyforiyası ilə yaşayanalara xatırladıram ki, cənablar, hətta, müxalifət belə sizə qoşulub bu inkişafdan dəm vursa, dünyanı inandırmaq çətin olacaq. Nədən ki, beynəlxalq təşkilatların Azərbaycan haqqında hazırladıqları hesabatlardan cümlə dünya xəbərdardır. Rejimin mədhiyyəçilərinə sözüm var. Lütfən, bunları diqqətlə oxuyun:
1. Bu iqtidar bu günə qədər demokratik bir seçki keçirməyib və keçirmək fikrində də deyil;
2. Azərbaycanda siyasi məhbuslar var və insanların sərbəst toplaşmaq hüququ əlindən alınıb;
3. Korrupsiya və rüşvət bu ölkədə tüğyan edir;
4. Ölkənin 700 min vətəndaşı dilənçi vəziyyətində yaşayır, işsizlik üzündən insanlar kütləvi şəkildə doğma yurd-yuvalarını tərk edir;
5. Minimal əmək haqqı aylıq istehlak tələbatının 50 faizi qədərdir;
6. Nəhayət, torpaqların 20 faizi 20 ildir işğal altındadır.
Və indi deyin görək, belə bir durumda olan ölkənin harasına yaraşır, əsas prinsiplərindən biri də “azadlıq” və “demokratiya” olan mahnı müsabiqəsi?
Maddi durumumuza, yollarımıza, demokratik imicimizə yaraşır bəlkə?
“Azərbaycanın adı dünyada tanınacaq” xülyasında olanlar məgər bilmirlər ki, bu rejim onsuz da Azərbaycanı dünyada elə tanıdıb ki, yüz mahnı müsabiqəsi, caz festivalı düzənləsə belə, adımız qara siyahılardan silinəsi deyil.
Əslində bu müsabiqə Azərbaycan üçün yox, Azərbaycanı idarə edən rüşvətxor, korrupsioner zümrə üçün faydalıdır. Ehtiyacdan yana başını itirmiş təqaüdçünün, ziyalınının, fəhlənin heç umurunda da deyil belə müsabiqə. Əminliklə yazıram, Ilham Əliyev bu mahnı müsabiqəsinə sərf etdiyi zəhməti, vəsaiti ehtiyacı olanların hamısına yox, təkcə Azərbaycandakı yetim uşaqların sosial müdafiəsinə yönəltsəydi, böyük siyasi dividend əldə etmiş olardı…
Bəlkə “Eurovision” müsabiqəsi vətəninin 20 faizi işğalda olan gənclərin vətənpərvərlik hisslərini kökləyəcək?
Bəlkə bu müsabiqədən sonra telekanallar meyxana yarışmaları, əttökən şoular əvəzinə işğaldakı torpaqların xilas yollarını, işsizlik, rüşvət və korrupsiya problemlərini müzakirəyə çıxaracaq?
Bunların baş verəcəyini düşünmək belə sadəlövhlük olar. Mavi Elton Conun Tofiq Bəhrəmov adına stadiondakı konserti, Qəbələdəki Beynəlxalq Caz festivalı, sayı bilinməyən əhəmiyyətsiz beynəlxalq tədbirlər gənclərimizdə vətən təəssübkeşliyini nə qədər artırmağa nail oldusa, “Eurovizion” da beş qatını artıracaq.
Vətən erməni tapdağında, biz çal-çağır, zurna-balaban hayında.
Yazıqlar olsun…

“Eurovision” haramıza yaraşır?
•