Bir millətin vüqarı – Vüqar qardaşımız

Belə görsənişlər çox az-az olur: adı onun xarakteri, dünyagörüşü, stixiyası idi. “Vüqar” ərəb sözüdür, bizim dilə çevirməsi belədir: mənliyini yüksək tutma, qoruma. Bax, bu baxımdan Vüqar gerçəkdən – pafossuz, patetikasız – bir millətin VÜQARI idi. Vüqar özü boyda yox, özündən çox-çox böyük, ən azı, Bütöv, Güneyli-Quzeyli Azərbaycan boyda Vüqar idi. Vüqar özü boyda yox, Azərbaycan boyda da yox, Azərbaycandan çox-çox böyük, ucu-bucağı bilinməyən Türk dünyası boyda TÜRK idi. Buna görə bizim hər birimiz, onu tanıyan yazı-pozu adamlarının hamısı, Vüqardan yazmağı özünə dost-yoldaş-qardaş borcu deyil, ulusal borc – milli borc bilir. Yazı-pozu adamı olasan, Vüqarı acı-acı anmayasan, ondan ağrıya-ağrıya yazmayasan: adamın əlləri quruyar – yazmayan əlləri! Sonra təpərli, adımıza, yolumuza yaraəan sözlər də adamdan qaçaq düşər!
Böyük rus şairi N.A.Nekrasovun “Boğulma” adlandıracağımız gözəl bir şeiri var. Nekrasov bu şeiri senzuradan keçirmək üçün “Heynedən” adı altında çap etdirib. Yalnız ölənə yaxın onun özünün olduğunu yazıb. Onu dilimizə – türkcəmizə belə çevirmişəm:
Boğanaq! Özgürlük, ağ günlər qaçaq,
Gecələr uzundan uzun – Qısası!
Görəsən, fırtına qopacaq haçaq?
Dolub daşmadadı dözüm kasası!
Bu balaca şeir parçasındakı bir ölkəlik sosial-siyasi boğucu atmosfer yaşantısı Vüqarı Çöldən Bakıya, Bakıdan Çölə qovurdu. Vüqar hərdənbir görüşlərimizdə belə deməyi sanki özünə borc bilirdi: “Mən çöl adamıyam, qadoyalım, buralarda qala bilmirəm, boğuluram, bu həyat məni boğur!”. Sonra nə olurdu? “Çöl adamı” tez-tez Çöldən zəng vururdu: “Boğuluram, qadoyalım, boğuluram! Dözmək olmur! Mən burda dözə bilmirəm, siz orda necə dözürsüz?! Bir belə də haxsızlıq, qanunsuzluğ, ədalətsizlik olar?! Adam gündə yüz yol ölüb-dirilir. Sən mənə de görüm, bu millətə bir yiyə tapılan olacaq, ya yox?! Mən partderam, dağılıram, ölürəm… Mən dözə bilmirəm! Hələ nə yaxşı, gənə də siz varsuz, hər gün bu xarabadan çıxıb gedib qəzet alıram, oxuyub bir az təsəlli tapıram. Siz də az qalmusuz… Satıla-satıla gedillər, qadoyalım. Biz başımıza haranın daşın salağ?!”.
Padarçöl Vüqar Padar üçün ucsuz-bucaqsız Qıpçaq Çölü – Qıpçaq ölkəsi yerində idi. Vüqar bu Çölə ölkədəki dözülməz sosial-siyasi atmosfer sıxıntısından – boğulmadan qaçırdı. Ancaq orda da boğulurdu. Ordan da qaçmağa yer gəzirdi. O yeri tapa bilmirdi. O yer, o Azərbaycan, onun əlindən alınmişdı – buna görə! Buna görə o, telefon zəngində soruşurdu: “Bəs bizim o atıb-vuran babalarımız hara getdi, qadoyalım?! Şəhriyar bizə nə deyirdi, nəyə çağırırdı bizi: ”Övladların nə vaxtadək tərki-vətən olacaqdır? Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!” Biz elə orda-burda, dağda-daşda qırılıb qutarmaluyuğ?! Belə olmaz, axı. Vallah-billah belə olmaz! Biz kişi kimi yaşamuruğ – Türk kişisi kimi yaşamuruğ! Bizim ölkəmizi də türklüyümüzü də əlimizdən alıblar!”.
Sumqayıtlı həkim ananın orduda öldürülmüş oğlu ilə bağlı televiziyadakı soyuqqanlı çıxışı onu özündən çıxarmışdı. Acıqlı telefon zəngində deyirdi: “Belə analarla millət hara gedib çıxasıdı?!”. Adına bağlı xarakteri, dünyagörüşü, stixiyası onu yamanlıqlarla azacıq da olsa barişmağa, əskiklərə göz yummağa qoymurdu. Adnanla Emin tutulanda bir qəzet redaktorunun qəzetində onları şərləməyini mən Vüqarın acıqlı zəngindən öyrəndim: “Millətin namuslu gənclərini şərləyən bu adama sən Xaliq Bahadır mütləq cavab verməlisən!”. Mən cavab verdim, ancaq… Yaşca məndən xeyli balaca olsa da, Vüqar bəy arada mənə belə buyruqlar verirdi. Onun buyruqlarını yerinə yetirməyi özümə borc bilirdim: buyurmağı mənə ərk eləyən, başlıcası, bu ərki qazanan qardaşım, yurddaşım, YOLdaşım kimi…