Deputat hüquq müdafiəçilərinə qarşı hücuma keçdi

Leyla Yunus: «Çingiz Qənizadə kimilərin dediklərini heç oxumuram da»

Emin Hüseynov: «Mən Azərbaycanı ondan və onun kimi adamlardan daha çox sevirəm»

Deputat Çingiz Qənizadə “Şpigel” və ”ARD”nin Leyla Yunus sevgisi” adlı son məqaləsində hüquq müdafiəçisi Leyla Yunus, həmçinin RATI sədri Emin Hüseynovun ünvanına sərt ittihamlar səsləndirib. Ç.Qənizadəni qəzəbləndirən adıçəkilən şəxslərin Almaniya qəzeti və televiziyasında Azərbaycanla bağlı yer alan tənqidi fikirləridir. Deputat hər iki alman KIV-ində yayılan materialların böhtan xarakterli olduğunu və Almaniyada yaşayan erməni diasporasının sifarişi ilə hazırlandığını iddia edib.
Bununla kifayətlənməyərək L.Yunusu və E.Hüseynovu ermənilərin dəyirmanına su tökən yerli QHT rəhbərləri adlandırıb. Onu da qeyd edib ki, xaricdən ən çox qrant alan bu şəxslər indi də qrant sahiblərinin tapşırığı ilə “Eurovision 2012”-nin Bakıda keçirilməsinə etiraz etmək kampaniyasına başlayıblar: ”Həmin materiallarda Leyla Yunus “Istəyirəm biləsiniz ki, ”Eurovision 2012” mahnı müsabiqəsi Azərbaycanda yaşayan insanlara sevinc gətirmir. Bu müsabiqə özü ilə yeni-yeni faciələr gətirdi”, – deyə bildirir: “Azərbaycanlı iki gəncin Nigar və Eldarın 2011-ci ildə Almaniyada qələbə qazanaraq “Eurovision 2012”-nin Bakıda keçirilməsini təmin etmələrini təbii ki, Ermənistan faciə kimi qarşıladı. Leyla Yunusun bu qələbəni faciə kimi qarşılaması və kimlərin mövqeyindən çıxış etməsini necə qiymətləndirək? Emin Hüseynov qeyd edir ki, dəfələrlə həbs edilmiş və hətta bir dəfə uzun müddət xəstəxanada müalicə olunub. Dərhal yadıma bir hadisə düşdü. Bir dəfə xəbər gəldi ki, hansısa kafedə polis bir qrup şəxsi saxlayıb, o cümlədən də Emin Hüseynov xəsarət alaraq xəstəxanaya aparılıb. Biz, bir qrup hüquq müdafiəçisi xəstəxanaya yollandıq. Emin Hüseynovun özünü xəsarət alan kimi göstərməsi, altdan-altdan isə bizi gözaltı süzməsi nəzərimizdən yayınmadı və biz, teatrda olduğumuzu zənn edərək oradan uzaqlaşdıq. Bizə məlum oldu ki, bu Eminə ona görə lazımdır ki, xaricə getsin və daha çox qrant alsın. Düşündüklərimiz bir müddət sonra həqiqətə çevrildi”.

Dünən hər iki hüquq müdafiəçisinə müraciət edib ittihamlarla bağlı mövqelərini öyrənməyə çalışdıq. L.Yunus “mən heç o məqaləni oxumamışam, oxumaq fikrim də yoxdur” deyərək Ç.Qənizadə kimilərin dediklərinə şərh verməyəcəyini bildirdi. E.Hüseynov isə barəsində yazılanları böhtan və qərəz adlandırdı: “Çingiz Qənizadə deyir ki, mən özüm-özümü döydürürəm, yanıma gələndə isə mən teatr açmışam. O vaxt xəstəxanaya Çingiz Qənizadə ilə yanaşı Səidə Qocamanlı, Səadət Bənənyarlı və Novella xanım da gəlmişdi. Mən onlara da, Novella xanıma da zəng edib məsələyə aydınlıq gətirmək istədim. Novella xanım dedi ki, biz gələndə səni həqiqətən də ağır vəziyyətdə gördük. Hətta bildirdi ki, istənilən jurnalist ona zəng etsə, Çingiz Qənizadənin fikirlərini təkzib edə bilər. Çingiz Qənizadə özünü millət vəkili adlandırır. Amma bizim parlamentə insanların necə düşdüyü hamıya bəllidir. Çingiz Qənizadə məni şəxsən tanıyır. Bir problemi var idisə, mənimlə görüşüb fikir mübadiləsi aparardı, sonra barəmdə nələrsə yazardı. Mən Azərbaycanı Çingiz Qənizadə kimi adamlardan daha çox sevirəm və daha çox vətənpərvərəm. Və heç vaxt düşmənin dəyirmanına su tökməmişəm. Əksinə istəmişəm ki, Azərbaycanın başı həmişə uca olsun”.