«Biz heç kimin sözü ilə oturub-durmuruq, fərdi azadlıqlar, vətəndaşların seçim hüquqlarına hörmət istəyirik»
Son illər yenidən gənclər cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edir. Müxtəlif adlar altında təşkilatlanır. Belə təşkilatlardan biri 7 yaşını qşeyd etməyə hazırlaşan “Dalğa”dır. Bu təşkilat müxtəlif qeyri-adi aksiyaları ilə yadda qalıb. Həmin təşkilatın üzvlərindən biri, Pərviz Əzimovla söhbətləşdik. Pərviz həm də “Dalğa”nın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvüdür.
– Pərviz bəy, “Dalğa”nın 7 yaşı tamam olur, bir az təşkilatın keçmişinə ekskurs edək.
– “Dalğa”nı 2005-ci ildə bir qrup tələbə yaradıb. Təsis konfransında Iqtisad və Bakı Dövlət Universitetinin tələbələri üstünlük təşkil edib. Yaranma məqsədi isə stereotiplərə, mentalitetə, cəmiyyətdəki mini diktatorlara qarşı mübarizə aparmaq olub. Ilk konfransda sədr Ramin Hacılı seçilib. Daha sonra Ülvi Həsənli, Vəfa Cəfərova, Araz Önər və Ağarəhim Poladov sədr olublar. Son 1 ildə isə Orxan Nəbiyev sədrlik postunda olub. “Dalğa” yarandığı gündən liberal dəyərlərin tərəfdarı olub və ölkəmizdə liberal dəyərləri, prülarizmi, söz azadlığının vacibliyini təbliğ edir. Növbəti seçki mart ayında olacaq.
– Maraqlı adı var – “Dalğa”.
– Təsis konfransında iki seçim var idi, “Azadlığın Dostları” və “Dalğa”. Son qərar “Dalğa” oldu. “Dalğa” heç vaxt fəaliyyətsiz olmur. Zaman-zaman zəifləyir, güclənir, Dalğa hər zaman Dalğadı. Dənizin və ya xalqın istəyinə görə güclənir və zəifləyir, təşkilatımız da həmçinin.
– Son bir ildə nələri etmisiniz?
– Son bir ildə hədəfimiz əsasən təhsillə bağlı olub. Digər sahələrdə də fəaliyyətimiz olub, söz azadlığı ilə bağlı GHMK (Gənclərin Hüquqlarını Müdafiə Komitəsi) də təmsil olunuruq.
“Dalğa” keçən il “mənim təhsilim mənim gələcəyimdir” kampaniyası başlayıb. Universitetlərdə fəaliyyətimiz olub. “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin məhkəməsində fəallıq etmişik. Məmməd Əmin Rəsulzadənin həyatından bəhs edən, Teyyub Qurbanın yazdığı “Dönməzlik” romanını çap etmişik.
– Bəs bu ilə nə planlaşdırırsınız?
– Nizamnaməmizdə Güney Azərbaycanla bağlı xüsusi müddəa var. Biz liberal təşkilat olsaq da Güney Azərbaycan məsələsində millətçilik mövqeyindəyik. 2012-ci ili də “Güney Azərbaycan ili” elan eləmişik. Əsas istiqamət fəaliyyətimiz Güney Azərbaycanla bağlı olacaq. Iranda yaşayan soydaşlarımıza qarşı aparılan diskriminasiya siyasətinə etiraz edirik, bundan əlavə, Iran hakimiyyəti soydaşlarımızın hüquqlarını pozmaqdan qalmır, üstəlik, burada – Azərbaycan Respublikasının ərazilərinə iddia eləyir. Müxtəlif zamanlarda generalların dövlətimizə qarşı edilən çıxışları, ərazi iddiaları, ayətullahların fətvaları, ən son da Rafiq Tağının öldürülməsi bizi bu istiqamətdə fəallaşmağa vadar etdi. Dostlar burda Təbrizin “Traktorsazi” futbol klubunun fan-klubunu yaradıb və biz dəstək oluruq.
– Dalğa maarifləndirici təşkilat kimi fəaliyyət göstərir, amma keçən ilin əvvəlində baş verən aksiyalarda üzvlər iştirak ediblər. Siyasi prosseslərə necə yanaşırsız?
– “Dalğa” maarifləndirici təşkilat olsa da, siyasi prosseslərə biganə qalmır. Amma biz istərdik ki, ilk inqilab təhsil sahəsində olsun. Çünki inqilabi edəcək əsas qüvvə gənclərdi və biz savadlı, dünyagörüşlü, tolerant, liberal gənclərin inqilab edəcəyinə inanırıq. Bizim əsas işimiz həmin gənclərin formalaşmasında, maariflənməsində iştirak etməkdir. Gənclər öz hüquqlarını bilməlidirlər və tələb etməlidilər. Biz siyasi təşkilat deyilik, amma müxalifət liderlərinə qarşı hakimiyyətin gəncləri tərəfindən edilən tərbiyəsizliklərə etirazımızı bildiririk. Keçən ilin mart-aprel aylarında baş verən aksiyalarda təşkilat olaraq iştirak etməmişik, amma heç bir üzvə də qadağa qoymamışdıq. “Dalğa”nın əsas məqsədlərindən biri də ölkədə siyasi mədəniyyətin yaranmasıdı. Əgər inqilab olacaqsa, onu da savadlı, maariflənmiş insanlar etməlidirlər.
– “Dalğa” sanki zəifləyib və ya passivləşib. Bunun səbəbi nədir? Və ya bu fikrin yaranmasının səbəbi nədir?
– Bu fikirlə açığı, razı deyiləm. Sadəcə o vaxt “Dalğa”dan başqa aktivlik göstərən, qeyri-adi aksiyalar, flaş-moblar keçirən təşkilat və ya qrup yox idi və buna görə də kənardan çox aktiv görsənirdi. Elə keçən il xeyli aksiyalarımız, flaş-moblarımız olub. Əsasən də təhsildə korrupsiyaya qarşı aksiya və flaş-moblarımız üstünlük təşkil edir. Həm də bu bir neçə il ərzində bir çox stereotiplər dağıldı və bizim onlara qarşı açıq-aşkar mübarizə aparmağımız artıq insanlara maraqlı gəlmir.
– Neçə üzvünüz var?
– Aşağı-yuxarı 100-110 üzvümüz var. Ama biz “Dalğa”ya üzv qəbul edəndə toplantıda müzakirə edirik, seçirik və ümumi qərar əsasında təşkilata üzvlüyünü qəbul edib-etməmək qərarını veririk.
– Gənclər düşərgəsində ən qoca qurum “Dalğa”dı. Yeni yaranmış gənclər təşkilatları ilə aranız necədi?
– Biz təcrübə baxımından böyük ola bilərik, amma hamısı ilə dostuq, çünki hamımızın son məqsədimiz eynidi. Hər zaman da birgə fəaliyyət göstərməyə hazırıq. Hətta biz hakimiyyətyönümlü gənclər təşkilatları ilə də işləməyə hazırıq. Əgər sabah hər hansı biri gəlib bizə müəyyən sahədə olan problemin həlli üçün kömək istəsə, əlimizdən gələni əsirgəmərik.
– Sizə, xüsusən də, hakimiyyətmeyilli gənclərin və hakimiyyətə yaxın medianın yapışdırdığı “pozğun gənclər” damğası var. Bunlar təşkilatın fəaliyyətinə pis təsir etmir ki?
– Xeyr, bizim heç vecimizə də deyil. Biz nə istəyirik ki? Fərdi azadlıqlar, vətəndaşların seçim hüquqlarına hörmət. Rüşvətxorluq eləmirik, ev yıxmırıq, günahsız insanları həbsə atdırmırıq, kiminsə haqqını tapdamırıq. Biz cinsi azlıqlara da, gənclərin sərbəst əylənməsinə və hər hansı sıravi bir vətəndaşın seçiminə hörmətlə yanaşılmasını istəyirik. Indi biz əxlaqsızlıq, pozğunluq edirik?
– Sizin təşkilatla bağlı belə rəy də var ki, tam müxalif deyilsiz…
– Biz yarananda dedilər ki, bu qurum Mehriban Əliyevanındır, yenə müxtəlif adamlarla adımız yanaşı çəkildi. Ancaq hamı gördü ki, biz heç kimin sözü ilə oturub-durmuruq, müstəqilik.
Məcid Mərcanlı