AXCP sədri ölkə başçısının Münhen bəyanatını darmadağın etdi
Azərbaycandakı sülalə hakimiyyətinin də süqutu labüddir
İlham Əliyev ətrafda baş verənlərdən səhv nəticələr çıxarmaqda davam edir
Münhendəki forumda gözlənilməz suala Ilham Əliyevin cavabını və bu cavaba verilən reaksiyaları izlədim. Diqqəti daha çox sualın cəlb etdiyini müşahidə etdim. Təbii ki, belə bir nüfuzlu forumda, beynəlxalq elitanın və medianın qarşısında Azərbaycandakı vəziyyətin Misirin inqilabdan əvvəlki vəziyyəti ilə müqayisə olunması rejim əleyhdarı olan xeyli sayda azərbaycanlının ürəyindən tikan çıxarmışdı. Bir çoxunu Ilham Əliyevin nə cavab verməsi heç maraqlandırmırdı da. Əsas bu sualın səslənməsi idi. Amma hər halda cavab da şərh olundu. Siyasətçilər, yazarlar, bloqçular dövlət başçısını haqlı tənqid etdilər.
İlham Əliyev özünü öyməyə o qədər aludə olub ki…
Ilham Əliyev suala cavab olaraq demişdi ki, onun 8 illik prezidentlik dövründə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə artıb, yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib, inflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir, 1 milyondan artıq iş yeri yaradılıb və s. O, “Azərbaycanda heç vaxt inqilab olmayacaq” fikrini daha çox iqtisadi səbəblərlə izah etmişdi. Bəlkə bu səbəbdən də Əliyevin istifadə etdiyi rəqəmlər diqqəti daha çox cəlb etdi. Bəziləri ciddi şəkildə bu rəqəmlərin saxtalığını sübut etməyə çalışdı, bir çoxları isə xüsusilə sosial şəbəkələrdə rəqəmlərlə belə manipulyasiyanı lağa qoyub, güldülər.
Bütün yanaşmalar özünə görə haqlı idi. Ilham Əliyev hakimiyyətdə olduğu 8 ildə həmişə rəqəmlərlə manipulyasiya etməklə inkişaf görüntüsü yaratmağa çalışıb. Böyük neft təzə başlayanda təbii ki, neft ixracı ölkədə ümumi daxili məhsulu (ÜDM) artırdı. O zamanlar Azərbaycanın ÜDM-i hər il 20-30 % artırdı, o da bütün çıxışlarında bu rəqəmlərdən bəhs edirdi, baxmayaraq ki, özü də bu artımın birbaşa neft, qaz ixracı ilə bağlı olduğunu və nə onun, nə də hökumətinin xidməti olmadığını bilirdi. Amma hər halda zamanında bu rəqəmlərdən yetərincə sui-istifadə etdi.
Əvvəlcədən məlum idi ki, bu vəziyyət cəmi bir-neçə il davam edə bilər. Elə də oldu. Son illərdə ÜDM artımı azalmaqda davam etdi. 2011-ci ilin nəticələrinə görə isə əvvəlki illə müqayisədə ÜDM cəmi 0,3 % artdı. Bu da öyünüləsi rəqəm olmadığından Ilham Əliyev indi leksikonunu azacıq dəyişib. ÜDM-dən, büdcə artımından bəhs etmək artıq sərfəli deyil. Başqa üz ağardan rəqəm də yoxdur. Odur ki, ciddi təəssürat yaratmaq ümidi ilə son (həm də şişirdilmiş) iqtisadi göstəriciləri hakimiyyətə şəxsən gəldiyi 2003-cü illə müqayisə edir.
Özünü öyməyə o qədər aludə olub ki, aşağıladığı 2003-cü ildəki durumun Əbülfəz Elçibəy və ya başqa bir demokratın hakimiyyət göstəriciləri deyil, ona bu hakimiyyəti bəxş etmiş doğmaca atasının 10 illik iqtidraının iqtisadi nəticələri olduğunu belə unutmuş kimi görünür.
İnqilabın olub-olmayacağını iqtisadi göstəricilər müəyyən etmir
2003-cü illə müqayisələrlə Ilham Əliyev ictimaiyyətə nə demək istəyir? Əgər 2003-cü illə müqayisədə indi elan olunan iqtisadi göstəricilərdəki artım onun bacarıqlı olduğunun sübutudursa, onda gərək 2003-cü ildəki acınacaqlı iqtisadi göstəriciləri də Heydər Əliyevin bacarıqsızlığının sübutu kimi qəbul edək. Bunumu təlqin etmək istəyir Ilham Əliyev? Yox, əgər razılaşsaq ki, son illərin şişmiş makroiqtisadi göstəriciləri hakimiyyətin siyasətinin yox, sadəcə xam neft satışının nəticəsidir, o zaman ixracatının 98%-i neft və neft məhsulları satışından ibarət olan ölkənin dövlət başçısının Allahın verdiyi bu sərvətə görə özünü öyməyə, öz uğursuzluqlarını bu sərvətin kölgəsində gizlətməyə nə haqqı var?
Bunları yeri gəlmişkən qeyd etdim. Bu yazını yazmaqda məqsədim başqadır. Ilham Əliyevin Azərbaycanda Misirsayağı bir inqilabın heç vaxt olmayacağını əsasən iqtisadi göstəricilərlə izah etməyə cəhd göstərməsi bir çox xoşagəlməz gerçəkliklərdən xəbər verdi. Məlum oldu ki, dövlət başçısına hələ də elə gəlir ki, insanlar yalnız ağır sosial, iqtisadi problemlərini həll etmək üçün inqilablar edib rejimləri dəyişdirirlər. Tarixi təcrübə isə tam əksini deyir. Məhz iqtisadi inkişaf keçmiş burjua inqilablarını labüd etmişdi. Fransa inqilabından əvvəlki onilliklər əhəmiyyətli iqtisadi inkişafla xarakterizə olunurdu. Digər Avropa ölkələrində də belə olmuşdu. Iqtisadi inkişaf inkişafın növbəti mərhələsinə – demokratiyaya keçidi labüd etmişdi. 20-ci əsrdə də bu qanunauyğunluq davam etdi. Ispaniyada Franko diktaturasının, Çilidə Pinoçetin əldə etdiyi iqtisadi uğurlar nəinki həmin rejimləri məğlubedilməz hala gətirmədi, tam əksinə, demokratik dəyişiklikləri qaçılmaz etdi. Tarixi nümunələri artırmaq da olar. Amma mən daha müxtəsər olsun deyə, diqqəti müasir inqilabların baş verdiyi bəzi ölkələrin iqtisadi vəziyyətinə cəlb etmək istəyirəm.
Tunis, Liviya və Rusiya nümunələri
Ərəb inqilablarının beşiyi olan Tunis Afrikanın ən liberal, ən inkişaf etmiş ölkələrindən biri idi. 2009-cu ildə Dünya Iqtisadi Forumu Tunis iqtisadiyyatını Afrikada 1-ci, dünyada isə 40-cı ən rəqabətqabiliyyətli iqtisadiyyat elan etmişdi. Tunis iqtisadiyyatı Azərbaycan və bəzi Ərəb ölkələrində olduğu kimi neft üzərində qurulmamışdı. Çoxşaxəli və rəngarəng idi. ÜDM-n 11,6%-i kənd təsərrüfatının, 25,7%-i sənayenin, 62%-i xidmət sektorunun üzərində idi. Tunisdə turizm çox ciddi inkişaf etmişdi. Tunisin ixracatının 72,5%-i Avropa Birliyi ölkələrinin payına düşürdü. Müqayisə üçün, Azərbaycan Avropaya ancaq neft sata bilir…
Inqilabın baş verdiyi daha bir Ərəb dövləti Liviyanın iqtisadi inkişafından çox danışılıb. Liviyada təhsilə ayrılan vəsaitdən, mənzil və yoxsulluq problemlərinin demək olar ki, tam həllindən bəhs etməyəcəyəm. Yalnız onu qeyd edim ki, bu neftlə zəngin ölkədə inqilabdan əvvəlki orta aylıq əmək haqqı 1600 dollar idi. Adambaşına düşən ÜDM-ə görə bəzi Avropa dövlətlərini qabaqlayırdı. Liviya inqilabçıları açıq deyirdilər ki, onlar çörək üçün deyil (belə problemləri yox idi) azadlıq üçün vuruşurlar.
Nəhayət, hələ ki, inqilab baş verməsə də demokratikləşmə uğrunda böyük hərəkatın başladığı və yaxın illərdə qələbə çalacağı şübhə doğurmayan Rusiyanın iqtisadi inkişafı haqda. Bəlkə də bizim xalqa Rusiyanın iqtisadi inkişafı barədə danışmaq artıqdır. 2 milyondan çox azərbaycanlı neçə illərdir ki, bu ölkənin iqtisadi imkanları hesabına çörək qazanır, ailə saxlayır. Amma hər halda Rusiya iqtisadiyyatını xarakterizə edən bir-neçə fakta diqqəti cəlb edim. Indi Rusiyada orta aylıq əmək haqqı 750 dollardır. Ölkənin qızıl-valyuta rezervləri 500 milyard dollara yaxındır. Son 10 ildə Rusiya əhalisinin orta təbəqəsinin sayı 8 milyondan 55 milyon nəfərə çatıb. Əhalinin demək olar ki, 40%-i orta təbəqədir. Amma bütün bunlar Rusiya xalqının avtoritar idarəçiliklə, seçki saxtakarlığı ilə barışmasına səbəb olmadı. Əksinə şaxtalı Rusiya qışında azad seçki tələbilə mitinq keçirənlərin tam əksəriyyəti gündəlik dolanışıq problemi olmayan orta təbəqəyə aid – bizdəki meyarlara görə kifayət qədər imkanlı hesab olunan inasanlar idi. Təsadüfi deyil ki, başlanmış demokratik hərəkatı Rusiyada bəziləri “Norka papaqlılar inqilabı” adlandırır.
Təkcə sadaladığım bu nümunələr sübut edir ki, sosial problemlər və iqtisadi çətinliklər inqilabların nəinki yeganə səbəbi, heç əsas səbəbi də olmur. Azadlığın və ədalətin olmadığı ölkələrdə əldə olunan uğurlu makroiqtisadi göstəricilər inqilabi və ya köklü dəyişikliklərin qarşısını ala bilməz.
Xalqın legitim saymadığı hakimiyyətin süqutu labüddür
Yeri gəlmişkən, Ilham Əliyev məlum cavabında Azərbaycanı hər hansı inqilabi sarsıntıların gözləmədiyini əsaslandırmaq üçün daha bir köməkçi arqumentə istinad etdi. Sən demə, Azərbaycan parlamentində 10 partiya sədrinin təmsil olunması da təminat verirmiş ki, burada inqilabi dəyişiklil baş verməsin. Xeyr, demokratiyanın imitasiyası avtoritar rejimləri artıq xilas etmir.
Həmin Tunisdə 2009-cu ildə keçirilmiş parlament seçkilərinin nəticələrinə görə yerlərin çoxunu hakim Konstitusiyalı Demokrat Partiyası tutsa da 6 partiya – “konstruktiv müxalifətçilər” parlamentdə təmsil olunurdu. Həm də burada olduğu kimi, hər partiyanın yalnız sədrinə mandat verməmişdilər. Benəli özü təyin etdiyi müxalifətə əməlli-başlı hörmət qoyurdu. Parlamentdə təmsil olunan ikinci partiya 16, üçüncü partiya 12 deputat olmaqla, 6 “müxalifət partiyası” birlikdə 53 deputatla təmsil olunurdular. Xeyri olmadı. Inqilbdan sonra 2 milyon üzvü olan hakim partiya ilə birlikdə onlar da buxarlanıb yoxa cıxdılar.
Ilham Əliyev onu başa düşməyib ki, inqilabların (fərq etmir, Misirsayağı qanlı və ya məxməri olsun) əsas səbəbi hakimiyyətin legitimliyini itirməsidir. Əgər xalq hakimiyyətin qanuniliyinə inamını itiribsə, hakimiyyətin ölkəni idarə etməyə mənəvi haqqı olmadığını, ona mandat vermədiyini düşünürsə, hakimiyyətə inanmırsa, sabahını və inkişafını onunla təsəvvür etmirsə, bir sözlə, onu legitim saymırsa, belə hakimiyyətin süqutu labüddür. Əlbəttə ki, belə rejimlərin konkret hansı vaxtda və hansı üsulla dəyışəcəyi çoxsaylı faktorlardan asılıdır. Amma bunlar necə deyərlər, detallardır və nəticəni dəyişmir.
İnsanlar azadlıq, ləyaqət və inancları uğrunda inqilablar edir
Bəs rejimlər öz legitimliyini necə itirir? Ilk növbədə hakimiyyət demokratik, qanuni yolla formalaşmayanda, əksəriyyətin gözündə uzurpator – hakimiyyəti zorla zəbt etmiş kimi görünəndə; Hakimiyyət xalqdan asılı olmadığını, xalqla hesablaşmadığını, onu saymadığını nümayiş etdirəndə; Insan hüquq və azadlıqları, insanların azad, ləyaqətlə, firavan, ədalətli şərtlərlə yaşamaq istəkləri təmin olunmayanda; Hakimiyyətdən şəxsən varlanmaq ücün sui-istifadə ediləndə, hakimiyyət ailə, tayfa və ya başqa kiçik qrupun maraqlarına tabe etdiriləndə, zoru, repressiyanı həm rəqiblərə, həm də cəmiyyətə qarşı əsas mübarizə vasitəsinə cevrəndə.
Insanlar heç də həmışə çörək ücün, sosial problemlərin həlli üçün inqilab etmirlər. Belə hallar ümumiyyətlə, tarixdə barmaqla sayılacaq qədər azdır. Tarix şahidlik edir ki, insanlar daha cox özlərinə olan ədalətsiz münasibətə görə, azadlıq, ləyaqət və inancları uğrunda inqilablar edirlər, ölümə belə gedirlər.
Azadlıq, ədalət, bərabərlik təkcə böyük Fransa inqilabının şüarları deyildi. Sonra baş vermiş inqilabların da, müasir dövrdə şahidi olduğumuz böyük xalq hərəkatlarının da bir qayda olaraq əsas tələbi, əsas şüarı azadlıq və ədalətdir.
İlham Əliyev səhv nəticələr çıxarmaqda davam edir
Bu yazını ona görə yazmadım ki, Azərbaycanda da məhz Misirdə olduğu kimi bir inqilabın labüdlüyünü əsaslandırım. Qətiyyən. Mən də ölkəmizdə ərəb inqilabları tipində inqilab olmasını arzulamıram. Bu günlərdə çıxışlarımın birini də məxsusi olaraq bu mövzuya həsr etmişdim. Mən Azərbaycanda dəyişikliklərin daha sivil, daha demokratik yollarla olacağına inanıram. Bu yazını isə gəldiyim nəticələri bölüşmək üçün yazdım:
1.Ilham Əliyev hələ də dünyada günü-gündən genişlənən qlobal demokratikləşmə prosesinin mahiyyətini, səbəblərini, o cümlədən tarixi inkişaf qanunauyğunluqlarını başa düşə bilmir və ətrafda baş verənlərdən səhv nəticələr çıxarmaqda davam edir.
2.Tarix sübut edir ki, “onu görməyəcəksiniz” tipli bəyanatlarla, ötkəmlik nümayiş etdirməklə, barmaq silkələməklə, hətta repressiyalarla heç kim inqilabların, böyük dəyişikliklərin qarşısını ala bilməyib. Əksinə belə hərəkətlər avtoritar liderlərin aqibətini daha faciəli edib.
3.Legitimliyini itirmiş bütün rejimlərin, o cümlədən Azərbaycandakı sülalə hakimiyyətinin də məğlubiyyəti, süqutu labüddir. Azərbaycana yaxınlaşan dəyişikliklərin dinc xarakterini təmin etməyin tək yolu isə demokratik islahatlara başlamaqdan ibarətdir.
Yazı AXCP sədrinin şəxsi bloqundan götürülüb
www.akarimli.wordpress.com