Adı üstündədir: qış.
Adı belə, üşümək üçün kifayətdir.
Qışdırsa, hər halda siz küçədə qısaqol köynəklə gəzəcəyinizi gözləmirsiniz. Günəşin başınız üstündə par-par yanacağını, canınızı isidəcəyini, evinizi qızdıracağını da.
Qışda qar yağar da. Qışda havanın temperaturu aşağı düşər, şaxta qılınc kimi kəsər, soyuq adamın iliklərinə işləyər də. Qışdır bu, başqa necə olmalıdır?
Amma bunu bilə-bilə hələ də oturub-durub qardan, şaxtadan şikayətlənənləri, “son 110 ilin ən soyuq qışıdır” deyib hökumətin bacarıqsızlığını, qabiliyyətsizliyini malalamağa çalışanları anlamaq mümkün deyil. Həftələrdir evində su gəlmədiyi halda hökumətin əl-üzünü yumaq üçün sinov gedənləri başa düşmək mümkün deyil.
Bütün günahı havaların pis keçməsinin üstünə yıxanlar yəqin ki, kənardan nə qədər iyrənc göründüklərinin fərqində deyillər. Anlamaq o qədərmi çətindir ki, pis, ya da yaxşı hava olmur, pis və ya yaxşı hökumət olur. Ona görə də dilinizi qatlayın qoyun yumşaq yerinizə, soyuqdan az şikayətlənin. Qarı, şaxtanı az asıb-kəsin. Unutmayın ki, hökumət pisdirsə, Günəş də adamı üşüdür.
Facebook-da yüzlərlə dostum var. Aralarında Türkiyədən Fransaya, Almaniyaya qədər çeşid-çeşid ölkədə yaşayanlara rastlaya bilərsiniz. Bu günlərdə əksəriyyəti ilə danışdım. Orada havalar bizdən daha sərt, daha soyuq keçir. Ona görə də əhvallarını soruşub müqayisə aparmaq istədim. Amma dostlardan biri də işığın fasilələrlə verildiyindən, günlərlə qaz gəlmədiyindən, borularda suyun donduğundan şikayətlənmədilər. Çünki həmin ölkələrdə hava pis keçsə də, hökumət yaxşıdı. Hazırlıqlıdı, bacarıqlıdı. Ən əsası, seçilmiş hökumətdir, xalq qarşısında məsuliyyətini dərk edir. Bilir ki, xalq onun qarın əlində əsir-yesir qaldığını görsə, ilk seçkidəcə arxasından təpik vurub göndərər. Bunun üçün də vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
Bizdə isə hökumətin belə bir qayğısı, əndişəsi yoxdur. Xalqın narahatlığı, narazılığı veclərinə də deyil. “Onsuz da seçkini saxtalaşdırıb özümüzə istədiyimiz qədər səs yazırıq” düşüncəsi ilə hərəkət edirlər.
Hələ bundan sonra utanmadan çıxıb həftə səkkiz, mən doqquz “biz müharibəyə hazırıq” bəyanatı verirlər.
Ayıbdı, ayıb! Siz hələ qışa hazırlaşmağı öyrənin, sonra müharibə hazırlığından basıb-bağlayarsınız.
Guya qarı vaxtında təmizləsələr nə olacaq ki?
Bir iradım da bunları qarı vaxtlı-vaxtında təmizləmədiyinə görə qınayanlaradır. Bunları qarı təmizləmədiklərinə görə asıb-kəsənlərədir.
Deyək ki, qarı təmizlədilər, bəs öz zibilləri? Axı bu ölkəni çirkin göstərən qar deyil, çovğun deyil. Bu ölkənin utancı, eybəcərliyi bu hakimiyyətin zibilləridir. Korrupsiyadır. Ədalətsiz məhkəmələrdir. Seçki saxtakarlıqlarıdır. Söz, vicdan, sərbəst toplaşmaq azadlığının dəfn edilməsidir. Hüququn, qanunçuluğun yerlərdə sürünməsidir.
Azərbaycanı bu zibillərdən təmizləməyib küçələri qardan təmizləsələr nə dəyişəcək guya?
Elçibəyi ən gözəl anladan foto
Və sonda sizinlə bir foto paylaşmaq istəyirəm. Əminəm ki, bu soyuqda, sazaqda içinizi isidəcək, qanınızı qaynadacaq.
Şəkilə diqqətlə baxın, daha doğrusu, bu şəkildə bir-birinin qoluna girən, bir-birinə sarmaş-dolaş olan, bir-birinə sığınanlara. Kimdir onlar? Əsgər Akayev, Islam Kərimov, Nursultan Nazarbayev, Saparmurad Niyazov və…
Və onlardan aralıda dayanmış, onlarla arasında məsafə saxlamış, onlara nə qədər yad, nə qədər ögey olduğu aydınca görünən Elçibəy!
Bu, Elçibəyin talançılıqla, yalançılıqla, saxtakarlıqla, harınlıqla, oğruluqla, quldurluqla arasında olan məsafədir, bu, Elçibəyin zülmə, zorakılığa ögeyliyidir, yadlığıdır.
Elçibəyi bu qədər gözəl anladan, Elçibəyi bu qədər dəqiq tanıdan ikinci foto tapmaq çətindir.

Havanın yaxşısı-pisi olmur, hökumətin yaxşısı-pisi olur
•
•