Şimali Koreya rəhbərinə Çində sui-qəsd olduğu haqda məlumatlar dolaşır
Şimali Koreyanın yeni rəhbəri 27 yaşlı Kim Çen Inın Çində sui-qəsdə məruz qaldığı haqda xəbərlər yayılıb. Çinin “Twitter”i hesab edilən “Weibo”da yayılan xəbər qısa zamanda dünyanın bütün ciddi sosial şəbəkələrinin, hətta “Rai Uno”, “Huffington Post”, “The Atlantic” kimi media quruluşlarının diqqətini çəkib.
Məlumatlarda Kim Çen Inın bu gün səhər saatlarında Pekindəki Şimali Koreya səfirliyində rəsmi qəbul zamanı güllələndiyi qeyd olunur. Başqa bir məlumatda isə onun ölmədiyi, sui-qəsddən salamat qurtularaq qaça bildiyi deyilir.
Üçncü Kimə sui-qəsd xəbəri “Twitter”də ən çox müzakirə edilən mövzuya çevrilib.
Məlumat rəsmi və ya müstəqil mənbələrdən təsdiqlənməyib. CNN telekanalı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hələ ki Kim Çen Inın öldürüldüyünü təsdiqləyən fakt tapmadığı barədə xəbər yayıb.
azadlıq.info