“Şpigel”dən Əliyevlərə növbəti “Eurovision” şoku

“Belə nüfuzlu festival korrupsiyalaşmış bir ölkədə keçiriləcək”

“Qərbdə insan haqları və söz azadlığı ilə yaxşı təqdim olunmaq lazımdır”

Almaniyanın ən tirajlı qəzeti “Der Spiegel”də Ştefan Niqqemayerin imzası ilə ölkəmizin “Eurovision 2012” musiqi yarışmasına hazırlığıyla bağlı geniş məqalə dərc olunub. Məqalədə Azərbaycanın yarışmaya hazırlığı ilə yanaşı, mülkiyyət hüququn pozulması, insan haqları və söz azadlığının məhdudlaşdırılması haqda fikirlər öz əksini tapıb. “Der Spiegel” qəzetində yayımlanan məqaləni qısa ixtisarla təqdim edirik:

“Eurovision” insan haqlarının durumunu yaxşılaşdıracaqmı?

Azərbaycan hökuməti mənfi imicini malalamaq üçün bu ilin mayında keçiriləcək “Eurovision” musiqi yarışmasına xüsusi önəm verir. Ancaq hüquq müdafiəçiləri və ictimai fəallar diqqətin daha çox ölkədə insan haqları və söz azadlığının pozulması hallarına yönəldilməsinə çalışır. Bu durumda Avropanın ən nüfuzlu qeyri-siyasi musiqi festivalının təşkilatçıları anlaşılmazlıqla üz-üzədir.

Azərbaycan hökuməti “Eurovision”un keçiriləcəyi məkan kimi yeni dəbdəbəli əyləncə mərkəzinin inşasını davam etdirir. Yarışmanın keçiriləcəyi “Kristal zal” Bakının ən ucqar nöqtələrindən birində, Bayraq Meydanının yaxınlığında yerləşir. Həmin məkanın tikintisi üçün yaxınlıqdakı yaşayış binaları söküldü. Həmin ərazidə yaşayan insanlar uzun müddət məskunlaşdığı evlərindən köçürüldü. Yaşayış üçün zəruri olan su boruları, elekterik kabelləri sıradan çıxarıldı.

Korrupsiyalaşmış ölkənin simvolu

Əraziyə yaxın yaşayan paytaxt sakinlərinin həyatına da ciddi təhlükə yaranıb. Bəzi sakinlər gündəlik istifadə üçün gərəkli olan məişət qazını da məhz tikintini aparanların kəsildiyini iddia edir. Həqiqətən də tikinti işlərinin aparıldığı əraziyə yaxın binada yaşamaq çox təhlükəlidir. Hökumət istəyir ki, sakinlər evlərini tərk etsin.

Yeni tikilən konsert zalı Bakının simvoluna çevrilib. Digər yandan xeyli müddətdir paytaxtda yaşanan tikinti bumu, dəbdəbəli binalar, Dubaydakı tikintilərə oxşayan layihələr diqqətdən yayına bilməz. Bütün bunlar korrupsiyalaşmış və hüququn kağız üzərində olduğu ölkənin simvoluna çevrilməkdədir. “Eurovison” kimi nüfuzlu musiqi festivalı belə şərtlərin hökm sürdüyü bir ölkədə keçiriləcək. Avropa Yayım Birliyi və yarışmanın təşkilatçıları bildirir ki, onlar sökülən çoxmərtəbəli yaşayış binalarına, insanların evlərindən çıxarılmasına görə məsuliyyət daşımır. Təşkilatçılar əlavə edir ki, onlar yarışmanın keçirilməsi üçün yeni məkanın tikintisi üçün tələb qaldırmayıblar.

Sakinlərin ev və kompensasiya dərdi

Evləri sökülən insanlar isə hökumətdən ehtiyac duyduqları miqdarda kompensasiya tələb edirlər. Hərbçi Zadir Qulamirov deyir: “Biz yalnız qanunun bizə verdiyi kompensasiya hüququndan yararlanmaq istəyirik”. Onun həyat yoldaşı Xədicə əlavə edir: “Hökumətin təklif etdiyi məbləğ azdır. Bizə verilən pulla normal yaşayış üçün nəzərdət tutulan mənzil almaq mümkün deyil”. Sakinlər  
Onların hüquqlarının əks olunduğu sənədlərə istinad edirlər. Sakinlər bildirir ki, evlərin sahəsinin ölçülməsi zamanı hökumət nümayəndələri düzgün hesablama aparmayıblar. Sakinlərin əllərində hüquq-mühafizə və hökumət qurumlarına ünvanladıqları, lakin etiraz cavabı aldqıları müraciətləri görmək olar.
Sakinlərə qarşı pis rəftarın, onların hüquqlarının pozulmasının ciddi narahatlıq yaratdığını deyən “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktorunun müavini Reyçel Denber deyir: “Yarışma təşkilatçıları insanların köçürülməsi zamanı vəzifədən sui-istifadə və zorakılıq hallarına biganə qalmamalıdır. Onlar Azərbaycan hakimiyyətindən sakinlərə qarşı zorakılıqların və tikinti işlərinin aparıldığı əraziyə yaxın binaların söküntüsünün dayandırılmasıyla bağlı zəmanət almalıdır. Hökumətin diqqətinə çatdırılmalıdır ki, bu işlər yerli qanunvericilik və Azərbaycanın beynəlxalq təşkilatlar qarışısında götürdüyü insan haqları öhdəliklərinə əməl olunmaqla həyata keçirilməlidir”.

Hökumətin “Eurovision” niyyəti və Qərbdəki imici

Yarışmanın keçirilməsi hüququnu qazanmaq Azərbaycan üçün mühüm əhəmiyət kəsb edir. Ölkə başçısı İlham Əliyevin xanımı Mehriban Əliyevanın rəhbərliyi etdiyi təşkilat komitəsi “Eurovision” müsabiqəsinə ciddi hazırlaşaraq Avropa auditoriyasına professionallıq göstərmək niyyətindərir. Avtoritar rejim – müxalifət təmsilçilərinin təbirincə “mafiya” – üçün bunu uğurlu gediş adlandırmaq olar. Hökumət yarışma vasitəsilə ölkənin tarixi ənənələrini, mədəniyyət və ictimai-siyasi həyatını nümayiş etdirmək niyyətindədir. Bütün bunlarla yanaşı Qərb dünyasında insan haqları və söz azadlığının durumu ilə də yaxşı təqdim olunmaq lazımdır. Lakin mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz Reportyorlar”ın indeksində Azərbaycan mətbuat azadılığının səviyyəsinə görə 179 ölkə arasında 162-ci yerdə dayanır. İctimai fəallar və müstəqil jurnalistlər repressiayalarla üzləşir. “BBC” və “Azadlıq” radiolarının tezlikləri 3 il öncə əllərindən alındı. Ötən il paytaxt Bakıda müxalif və ictimai fəalların keçirdiyi dinc etiraz aksiyalarında oxşar davranışa – zorakılıq, həbs, fiziki və mənəvi təzyiqlərə əl atıldı. “Human Rights Watch” hesab edir ki, Azərbaycan hökumətinin insan haqlarının durumuna görə imicini yaxşı təqdim etmək istiqamətində atdığı bütün addımlar ötən il puça çıxdı.

Leyla Yunus niyə hökumətin təzyiqləri ilə üzləşib?

Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçisi Leyla Yunus hələ sovet ittifaqı dönəmindən insan haqları uğrunda mübarizə apardığını, hazırda vəziyyətin getdikcə daha da pisləşdiyini deyir: “Qanunlara, etik normalara riayət olunmur”. Leyla Yunusun özü də insan haqlarının müdafiəsində sərt mövqeyinə görə hökumətin təzyiqləri ilə üzləşib. Onun çalışdığı ofis əlindən alınaraq sökülüb. İnsanlar düşünür ki, hüquq müdafiəçisi özünü müdafiə edə bilmirsə, onların hüququnu necə müdafiə edəcək?!

Əliyevə diktator de, amma korrupsiyasından yazma
 
Yerli hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin fəalları bildirir ki, Azərbaycan hökuməti alternativ düşünənlərə, haqqını tələb edənlərə qarşı repressiya və təhdid üsulundan istifadə edir. RATİ rəhbəri, hüquq müdafiəçisi Emin Hüseynov deyir ki, bir neçə məhbusun azadlığa buraxılmasına görə hökumətin insan haqlarına ciddi önəm verdiyini düşünmək yalnışdır. Huseynov bildirir ki, xeyli sayda jurnalist məhbus həyatı yaşayıb, bəziləri isə məcburən özünə senzura tətbiq edir: “Ölkədə prezidenti diktator adlandıracaq qəzet yayımlanır. Bu, həmin qəzetin ciddi təhlükəylə üzləşəcəyi ehtimalını artırmır. Lakin bir jurnalistin ölkə başçısı və onun ailəsinin korrupsiya əməllərini araşdırması cəhdi çox təhlükəlidir”.

“Səs”in Löninqə söyüşləri “Şpigel”də

Bu ilin yanvarında Almaniya hökumətinin insan haqları üzrə səlahiyyətli nümayəndəsi Markus Löninq “Eurovision” yarışmasının bu ölkədən olan iştirakçılarına və təşkilatçılarına müraciət ünvanlayaraq onlara Azərbaycanda insan haqlarının durumuyla bağlı kütləvi kampaniya aparmağı təklif etmişdi. Löninqin bu mövqeyi Azərbaycan hakimiyyətinə yaxınlğı ilə tanınan “Səs” qəzetinin diqqətindən yayınmayıb. Həmin qəzetdə dərc olunmuş məqalədə deyilir ki, Markus Löninq Azərbaycana düşmən Ermənistanın maraqlarına xidmət edir, onun azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunusla şəxsi münasibətləri var.
Bundan sonra “Eurovison” rəsmilərinin Bakıda keçirdiyi mətbuat konfransı zamanı müstəqil jurnalistin ölkədə insan haqları və siyasi məhbusların durumuya bağlı sualları hökumətmeylli media təmsilçilərinin ciddi etirazına səbəb olmuşdu. Jurnalistlərin bəziləri öz həmkarlarına qarşı ittihamlar səsləndirmişdi. Hətta “BBC” media korporasiyası Azərbaycana qarşı faəliyyətdə günahlandırılmışdı.

Azərbaycanın Franko diktaturası ilə müqayisəsi

“Eurovison” təşkilatçıları yarışmanın qeyri-siyasi olduğunu əsas gətirərək belə hallardan yan keçməyə çalışır və Azərbaycandakı rejimi tənqid etməkdən yayınır. Təşkilatçıların yaydığı press-relizdə qeyd olunur ki, insan haqları və söz azadlığı toxunulmazdır. Bununla yanaşı vurğulanır ki, “Eurovision” yarışması 1969-cu ildə Franko diktaturasının hökm sürdüyü İspaniyada da keçirilib.

Almaniyanın “ARD” televiziyasının koordinatoru Şrayber deyir ki, əlbəttə, Azərbaycan hakimiyyəti “Eurovision”u yalnız yaxşı təşkil etmək fikrində deyil. Həm də ölkənin imicini yaxşılaşdırmağı qarşısına məqsəd qoyub. Ancaq jurnalistlərin tənqid və təkliflərini qulaqardına vurmamaq da lazımdır. Onlar məlumat yaymaqla yanaşı, mövcud problemləri də tənqid edirlər. RATİ rəhbəri Emin Hüseynov əlavə edir ki, Azərbaycan hökuməti tənqidlərə görə çox qəzəblənə və “Eurovision” başa çatdıqdan sonra qisasını ala bilər. Hüseynov ümid edir ki, insanlar despotik rejimə qarşı effektiv mübarizə yollarını araşdıracaq və mübarizəsini davam etdirəcək.

Siyasət şöbəsi