Neft Fondunun gəlirləri anormal xərclənir

Hakimiyyət bu pulları öz maraqlarına uyğun xərcləyir

Nemət Əliyev: «Sosial obyektlərinin tikintisi adı altında Dövlət Neft Fondunun vəsaitlərinin korrupsiyanın güdazına verilir»

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən il büdcə gəlirləri və xərcləri barədə məlumat açıqlayıb. Belə ki, 2011-ci ildə fondun gəlirləri 15 628,3 mln. manat, büdcə xərcləri isə 9 606,6 mln. manat təşkil edib. Nəticədə, 2012-ci il yanvarın 1-ə Fondun aktivləri 2011-ci ilin əvvəlinə nisbətən 30,9% artaraq 29,8 mlrd. ABŞ dollarına bərabər olub.
Ötən il ARDNF-dən dövlət büdcəsinə 9 mlrd. manat vəsait transfer edilib. Bundan əlavə, bir sıra tədbirlərin və layihələrin həyata keçirilməsi üçün bir milyarda yaxın vəsait xərclənib. Bu da Dövlət Neft Fondunda ikinci büdcə kimi istifadə edildiyini göstərir. Neft Fondunun vəsaitlərinin bu tərzdə xərclənməsi nə dərəcədə əhəmiyyətli hesab edilə bilər?

Iqtisadçı-ekspert Nemət Əliyevin fikrincə, Azərbaycan hökumətinin neft gəlirlərinin xərclənməsi ilə bağlı həyata keçirdiyi siyasətdir səhvdir. Bu gəlirlər ilk növbədə ölkə iqtisadiyyatının inkişafına, əhalinin maddi rifahının yaxşılaşdırılmasına sərf edilməlidir. Lakin hakimiyyət şəxsi maraqların gerçəkləşdirilməsini əsas hədəf seçib. Bu səbəbdən də Neft Fondunun gəlirlərinin xərclənməsi ilə bağlı anormal vəziyyətlərin şahidi oluruq: “Neft pulları kosmetik xarakterli obyektlərin tikintisinə sərf edilir. Sosial obyektlərin tikintisi adı altında Dövlət Neft Fondunun vəsaitlərinin böyük bir həcmi mənimsənilir, korrupsiyanın güdazına verilir. Xarici ölkələrdə müəyyən layihələrin gerçəkləşdirilməsinə yönəldilir. Ölkə vətəndaşlarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, iqtisadiyyatın digər sahələri prioritet sahə kimi seçilmir”.
Ekspert hesab edir ki, Azərbaycan hökuməti öz siyasətində köklü dəyişikliklər aparmalı, Dövlət Neft Fondu vəsaitlərinin xərclənməsi üzərində şəffaflıq təmin olunmalıdır. Ancaq hökumətin bunları edəcəyini gözləməyə dəyməz. Çünki onların məqsədi tamam fərqlidir: “Bu yaxınlarda Serbiyaya 300 mln dollar vəsaitin cüzi faizlə verilməsi göstərdi ki, hökumət neft pullarından səmərəli istifadə edərək iqtisadi sistemin qurulmasında, inkişaf etdirilməsində maraqlı deyil. Hər bir halda hökumət iqtisadi siyasətinin mahiyyətini dəyişməlidir. Əks halda biz belə anormallıqların çox şahidi olacağıq”.

Fizzə